HƏRDƏNBİR

Bir para adam öz dərdini, fikrini, hissiyyatını bir balaca dəftərə yazıb
saxlayır. Sonra, bir neçə vaxtdan sonra oxuyub keçən günləri yadına salır.
Böylə bir dəftərçəyə rusca "dnevnik", yəni ruznamə deyirlər. Haman
ruznamədən mənim də var. Çoxdandır yazmışam. İndi "hərdənbir" haman
"ruznamədən" yazacağam.... Mən indi ancaq başa düşürəm ki, köhnə müsəlman
məktəbləri bizim uşaqların evlərini yıxır....

Neçə illər dizlərim qabara-qabara "Gülüstan"ı, "Bustan"ı və sonra "zərəbəyəzrub"
oxudum, əlimə bir attestat vermədilər. Sonra acığım tutub getdim rus
şkoluna. Bir neçə ildən sonra doğru, zəhmət çəkdimsə də, bir böyük attestat da
aldım....
Haman attestatın səbəbinə "mən" başladım rus əlifbasını özgələrə təlim
etməyə....
Ah, bir babat dolanırdım. Amma hərdənbir "zərəbə-yəzrub"əyə itirdiyim
vaxtlar, çəkdiyim zəhmətlər yadıma düşüb "ağlım" başımdan az qalırdı uçsun.
Hərdənbir öz-özümə deyirdim: "Ah, nə olardı, əbəs yerə itən vaxtları, çəkdiyim
zəhmətləri rus dili oxumağa sərf edəydim! İndi əlifba yox ki, rus dilində elmiheyətdən,
fizikadan, tarixdən, "siyasi" işlərdən dərs verərdim. Məvacib də çox
alardım, dolanacağım da yaxşı keçərdi. Heç olmasa curlarımdan geri qalmazdım.
İndi nə gündür mən çəkirəm?
Mənim taylarım "uxajivaniya" ilə məşğul olurlar, mən baxıram yana-yana.Özümə də baxıram, onlara da: heç birindən "eybəcər" deyiləm. Onlar şaltaybaltay
edəndə, mən əməlli-başlı rusca, "söyləyirəm....".
Puşkinin, Lermontovun şerləri hamısı yadımdadır. "Bizim" barışnalara da
belə-belə şeylər xoş gəlir.... Hanı bir özümü onlara göstərə idim!
Bu vaxtadək "mən" elə fikir edirdim ki, guya "uxajivat" eləməkdən ötrü gözəl
sifət, ya rusca bilik lazımdır.
Xeyr, indi anlamışam ki, bunlar hamısı bir yana, pul da bir yana....
Pul! Pul! Pulsuz uxajivat olmaz, vəssalam!
Taylarımın dolanacaqlarına baxıb öz-özümə deyirəm: xeyr, bəs elə uxajivata
mən davam gətirmərəm....
A kişi, belə də şey olar? Gecədə katatsiya, gecədə şişəsi 6-7 manatlıq
"Landış" ətri!....
Əlbəttə, "zərəbə-yəzrub"ə itirdiyim gözəl vaxtları rus dilinə, rus elmlərinə
sərf etsə idim, mənim də cibim dolu olardı....
Bu tövr fikirlər bir neçə vaxt mənə rahatlıq vermirdi. Niyə, nə səbəbə mən
vaxtımı əbəs yerə puç etdim, deyib dərdimi ürəyimdə gizlədirdim....
Heç bir ümid yeri görünməyir idi. Bəlkə də, görünür idi ki, amma mən
anlamırdım.... Özgələr də deyəndə cavab verirdim: o sizin xam xəyalınızdır, heç
elə şey olmaz....
Ay keçdi, il keçdi havada təğyir göründü. Yaydan sonra payız gələrkən
"bahar" iyisi gəldi.... Zəmanə dəyişilirdi.... O şey ki, yuxuda görsəydim
inanmazdım, indi açıq halətində görürəm, hiss edirəm.... Ömrümdə eşitmədiyim
sözləri eşidirəm.... Svoboda, demokrat, sosializm, nə bilim, daha nə!
Həqiqət, əvvəl qulaqlarım taq-taq taqqıldayırdı. Sonralar yavaş-yavaş bu
sözləri öyrəndim. Kimi sözü yoldaşlarım türkcə bəyan edirdilər, kimisini də
lüğətlərin vasitəsilə öyrənirdim.... Bir azdan sonra görürəm, a kişi, bu sözlərin
hamısını ərəbə, farsa tərcümə etmək olar....
Ah, yaxşı əlimə düşübsən!
"Gülustan"ı, "Bustan"ı, "zərəbə-yəzrub"u, görünür, əbəs yerə oxumamış
imişəm....
İndi dayan! "Bizim küçədə də bayram olarmış!" "Zərəbə-yəzrub"un vaxtı
gəlibdir!
Mən başladım yavaş-yavaş "qulaq taqqıldadan" sözləri ərəbə-farsa tərcümə
etməyə.... Onu da bilirdim ki, bu sözlər bir neçə adama lazım olacaqdır. Bir gün bir balaca tərcümə edib "haman" sözlərdən də
qatışdırıb qoydum qoynuma.
Öz qəza yoldaşlarımdan biri rast gəlib deyir: filan "kantorda" ruscadan türkə
tərcümə edən lazımdır. Ancaq ərəb-fars dərsi də gərəkdir ola. Yaxşı da məvacib
verirlər. Bu əhvalatı eşidib "kantora" getdim. Kantor sahibi mənə baxıb:
"Ah, "zemlyak", xoş gəlibsən", dedi.--Nə var, nə yox?
"Sağlığın. Eşitmişəm sizə bir mütərcim lazımdır."
"Bəli, bəli çox gözəl! İstəyirsənsə gəl işlə...." Mən səni yaxşı tanıyıram. Sən
əhli-savadsan. Məvacib də bu qədərdir. Ancaq sonradan artacaqdır....
"Mən razıyam"--deyib, qoynumdakı kağızı çıxartdım.--İstəyirsiniz baxınız,
böylə tərcümə yararmı?
"Zemlyakım" ağzını turşudub dedi: "Xeyr, böylə şeylər bizə lazım deyil...."
Bizim "kantor" üçün gərəkdir teleqramları tərcümə edəsən.... Axır vaxt
teleqramlarda çətin sözlər rast gəlir, müsəlmanca hər adam tərcümə edə
bilməyir....
Xülasə, mən qulluğumu başladım.... Getdikcə gördüm "zərəbə-yəzrub"u
mənə kömək edir.... Teleqramları çox sanlıqla tərcümə edirdim.... "Kantor"
sahibi məndən razı idi. Özü çox iş görən idi, iş görəni də sevərdi. Mən də bunu
bilib ciddü-cəhd edərdim....
Bu minval ilə bir neçə vaxt keçdi. Məndən savayı qeyri işləyənlər də var idi.
Hərənin özünə görə işi var idi. Biri hesab çəkərdi, biri gələn kağızlara cavab
yazardı, biri "kantor"lara tövrbətövr kağızlar göndərərdi.
İttifaq belə düşdü ki, sahibimiz gərək bir neçə günün ərzinə qeyri şəhərə gedə
idi. Məni çağırıb dedi:
"Mən gərək gedəm, sən görürəm yaxşı işləyənsən, çox səy edirsən. Təvəqqe
edirəm "kantor"un işlərinə yaxşı baxasan. Hamı "yazıya" dair işləri sənə
tapşırıram.... Göndərilən kağızı nəzərdən keçirib, mənim yerimə qol qoyarsan,
özgəyə ümid bağlamıram, onlar kəmsavaddırlar...."
Mən bu əhvalata sevindim. Niyə də sevinməyim? "Zərəbə-yəzrub"u
olmasaydı, bu mərtəbəyə çatmazdım.... Xeyr! Görünür, vaxtımı əbəs yerə fövt
etməmişəm, indi başa düşürəm ki, yenə rus uçitellərimdən biri deyərdi: "Vremya
denqi", yəni vaxt puldur.
Bəli, xozeynimi yola saldım.
Ən əvvəl xozeynimin otağına köçdüm ki, qeyri yoldaşlardan heç olmasa
seçilim. Ondan savayı, gizlin söhbəti onlar ilə yoldaşların arasında oturub etmək
olmaz. Xülasə, tövrbətövr səbəblər var idi.... Sonra başladım yazılan kağızları
nəzərimdən keçirtməyə. Oxuyub, düzəldib qol çəkirdim. Öz işimi də görürdüm.
Ancaq bilmirəm nədənsə, öz işim özümə birdən-birə xoş gəlmədi. Bir az da çətin
oldu. Həmi kağızları oxuyub qol çəkim, həmi də öz işimi görüm! Yox, xozeynin
yerini belə dolandırmaq olmaz. Ondan savayı, gördüm hərgah bir "zərəbəyəzrub"
u ilə məşğul olsam, beynim çox tez paslanacaqdır. Nə tövr eyləyim?
Daha nə fikir yeri var? Hamı ixtiyar məndə, nə istəsəm edərəm. Öz işimi
qulluqçuların birinə mühəvvəl edim ki, beynim bir az rahat olsun....
Bu vaxtadək yoldaşlarım yazan kağızları oxumurdum, çünki işim çox-çox
idi.
Oxusam da, anlamırdım. İndi bir az pahat olub yazılan kağızları diqqətlə
oxuyurdum....
Bir gün yoldaşlarımdan, yəni mənə tabe olanlardan biri bir "kağız" gətirib
dedi: bu kağıza gərəkdir ki, cavab yazıla.
Kağızı oxuyub gördüm bir qeyri "kantor" bizim hesabımızı yanlış salıb,
yazır, guya bizim "Kantor" bir səhv buraxıbdır.... Haman səhv də, guya mənim
tərəfimdən olubdur. Bir az fikrə gedib dedim: bu kağıza mən özüm cavab
yazaram.
Başladım fikir etməyə.... Gördüm xeyr, bir şey çıxmır.
Mən görmüşdüm qeyrilər bir şey yazanda saçlarını yolurlar, durub otaqda
gəzinirlər. Mən də başladım gəzinməyə, başımın saçını yolmağa. Xeyr, heç bir
şey çıxmır.
A kişi, nə yaman imiş vərdiş etmədiyin şeyi birdən-birə başlamaq. Teleqram
olsaydı, indi yüzünü yazmışdım. Yox, hər halda gərək bu kağıza cavab yazam.
Yoxsa xozeyin bilsə ki, cavab yazmamışam, fikir edər ki, mən bir teleqramdan
başqa özgə şey yaza bilmirəm.... Yox, gərəkdir, öyrənəm, zəhmət çəkəm, bəlkə
bir şey oldu. Bəli, axşam evə gəldim, qələmi əlimə götürüb başladım kağıza
cavab yazmağa. Çalışdım, çabaladım, axırda bir tövr düzəltdim. Səhər kantora
gətirib verdim üzünü götürsünlər və lazım olan adama göndərsinlər. Doğrusu,
kağızı göndərməmişdən müqəddəm ürəyimdən keçdi ki, yoldaşlarımın birindən
soruşam kağız qaidəsində yazılıbdır ya yox. Sonra fikir etdim, xeyr, lazım deyil.
Çünki yoldaşım belə fikir edər ki, guya mən bilmirəm, ondan xəbər alıram. Bir
də nə lazım düşmüşdü.Kağız mənim təsəvvürümə görə çox yaxşı yazılmışdı. Nə isə, kağızı
göndərdim. Sabahısı bir də görürəm ki, mən göndərdiyim kağızın cavabı
gəlibdir. Bizim hesabımızı yanlış edən "kantor"un xozeyni yazır: sizin
xozeyniniz, gəlməsə, kağızınıza cavab göndərilməyəcəkdir.
Bu əhvalat məni təşvişə saldı. Necə ki, xozeyin gəlməsə? Mən xozeynin
yerini dolandırıram. Xozeyin, mən. Təfavütü nədir? Yox, bu işi belə qoymaq
olmaz. Mən götürüb yenə də bir cavab yazıb, anlatmaq istəyirəm ki, ona-buna
ağlı getməsin, bilsin ki, yazan mənəm. "Kağızın" cavabı yenə gəlir: bizim "kantor", "sizə"
cavab verməkdən çəkinir.... İnşaallah, xozeyniniz gələr, özümüz danışarıq.
Mən yenə "anlamırdım", ancaq gördüm yoldaşlarım bu kağızı oxuyanda bir
"mənə" baxdılar, bir də əlimdəki "qələmə", güldülər, irişdilər....
Ancaq onda anlamışam ki, "kantor" "mənimlə" bəhs etmək istəmir. Heç
bilirsiniz bu əhvalat mənim övqatımı necə təlx etdi? Hələ indi də yadıma
düşəndə övqatım təlx olur. Budu ha, yazıb qurtara bilməyirəm....
İnşaallah övqattəlxlik rəf olandan sonra söhbət edərik.