Mən bilirəm çox adam mənim bu sözlərimə qol qoymayacaqdır. Lakin nə
etmək? Hamı bir fikirdə, hamı bir təsəvvürdə olmaz....
Bir neçə adam mənim sözlərimə qol qoymayacaqdır, deyə mən fikrimi
gizlədimmi? Gizlətməyəcəyəm, qoy hər kəs nə fikirdə olur-olsun.
Lakin mən yenə deyirəm: "yaman ad qazanıb ölənlər adsız ölənlərdən
nəflidirlər". Buyurunuz, əfəndim: mənim çox "dostlarım" var. Onların
dolanacağına diqqət edib mənim kimi "şair" bunların əhvalını nəzmə çəksə, bir
"dadsız-duzsuz" hekayə çıxar.... Heç bir nəf görünməz, siz deyə bilərsiniz ki,
mənim şerdə əlim yoxdur, ona görə də yazdığım da "dadsız-duzsuz" olur. Nəf
görünməyir....
Əvət, əfəndim! "Şerdə mənim əlim yoxdur" sözlərinin altında mən özüm iki
əllərimlə qol qoyaram....
Şer yazmaq asan deyil. Ya gərək yatanda sənə "vergi" verilə, yəni vaqeədə
deyələr: sən sabahdan şairsən, başla şer yazmağa. Sən də şer yazasan ... yainki
xeyr, gərək neçə illərlə dərs oxuyasan, dillərə aşina olasan. Məsələn, istəyirsən
ki, rus şairi olasan, gərəkdir rus dilindən başqa qeyri, firəng, nemsə, ingilis,
yapon ... dillərində oxumalısan.... Ya xeyr, türk şairi olmaq istəyirsiniz, gərək
fars, ərəb, "türk" dillərinə aşina olasınız. "Türk" dili isə bir neçə hissəyə bölünür:
məsələn, "nuni-sağırlı" türk dili və "nuni-sağırsız" türk dili. "Nuni-sağırsız" türk
dili yenə bir neçə yerə bölünür. Məsələn: "türki-Çənbərəkəndi", "türkiİçərişəhəri".
Hələ yenə var!....
Xülasə, bu bir böyük elmdir. Buna azından 7-8 il lazımdır türk "dillərini"
oxuyasınız, sonra başlayasınız şer deməyə, ya yazmağa.... Böyük zəhmətdir.
Mən cavan vaxtında bu elmi oxumadım. İndi qoca vaxtındamı oxuyacağam? Nə
lüzumu var?
Gərək elə şer iləmi fikrimizi söyləyək?
Xeyr, əfəndim! Biz "söz düzməyi" öyrənməmişik, öz fikrimizi "dadsızduzsuz"
hekayə ilə söyləyəcəyiz. Ondan savayı, "dostlarımın" barəsində
yazdığım əhvalatı heç bir şair nəzmə çəkə bilməz, çünki həqiqi əhvalat özü çox
"dadsız-duzsuz" əhvalatdır. Məsələn, səhər yerindən durub üzünü yuyur, çay içib
işə gedir, saat on ikidə, ya birdə "piti", ya "çölmək", ya "xəmiraşı", ya "düşbərə"
yeyib üstündən qəlyan xoruldadır, bir az yatıb rahat olur, sonra yenə durub
çalışır, çabalayır, axşam dükanını, ya mağazasını, ya kantorunu bağlayıb evə
gedir. Şam yeyib yenə də qəlyan xoruldadır, sonra başını balışa atıb özü də
xoruldayır ... xoruldayır.... Səhər yenə də durur ... bu gün dünənki kimi, dünən
bugünkü kimi ... hər gün bir "fikir ilə", bir "qayda-qanunla" güzəranını keçirir....
Bu tövr həftələr keçir, aylar, illər keçir.
Belə bir cənabdan nə zərər! Axırda dostumuz "təşrif" aparır.
Buyurunuz, belə bir vücudun yoldaşa, ya bir qeyri adama, ya millətə və ya
vətəninə nə xeyri?
Gəldi, baxdı, dolandı, getdi.... Belə vücudun "adı da" özü ilə bərabər
quylanır; zəngin isə qırx gün "adı" çəkilir; kasıb isə özü "təşrif" aparan gün "adı"
da "təşrif" aparır.... Bir əsər-əlamət qalmır. Öz yavuq adamlarından başqa bunun
ölməyi heç kimə təsir etməyir. Heç kimin ürəyini atəşləndirmir, heç kimin
ürəyinə soyuq "kompres" qoymur.... Dostumuz, məsələn, çox tamahkar olsaydı,
dükanı, ya mağazasını cümə günləri açsaydı, özünə tabe olanlara tövrbətövr
əziyyətlər versəydi, yainki xeyr, kantorda prikaşikləri səhər saat 6-dan axşam
saat 9-dək işlətsəydi, məvaciblərini əksiltsəydi, nəinki həftədə bir gün, bəlkə ildə
üç gün də bayram etməyə rüxsət verməsəydi, ya xeyr, "xoş rəftarı" ilə, "üç
mərtəbə söyüşü" ilə məşhur olsaydı--yəqin ki, böylə bir şəxs--"xozeyin" öləndən
sonra ona tabe olanlar, ya sağlığında onunla əlaqəsi olanlar öləndən sonra
deyərdilər: "Ah, yaxşı oldu ki, öldü, canımız qurtardı. Bir az "rahat" olarıq"....
Heç olmasa bir neçə yad adamı təşrif aparmağı ilə sevindirir....
Qırx gün yox ki, bəlkə illərlə adı məclislərdə deyilir.... Çünki buna oxşayan
bir adamın barəsində söhbət edəndə həmin dostumuzu yada salıb deyəcəklər:
filankəsdə belə sifətlər var idi. Hələ bundan da artıq onu tanıyan, bilən
başlayacaq həmin filankəsin "yaxşı" işlərindən, "gözəl" hərəkətlərindən məclisdə
nəql etməyə....
Böylə adamların isimləri baqi qalmağına şübhə yoxdur....
Buyurunuz Borçalıya, Qazağa, Şamaxı, Quba uyezdlərinə, indiyədək
məclislərdə "Halay bəyin", "Kərəmin", "Məşədi Məcidin" adları dillərdə zikr
olunur. Vaxtında bunların barəsində qəzetələrdə məqalələr yazırdılar,
Peterburqdan teleqramlar göndərilir idi.
Nedoqrat, Kruşev, Qrinqmut cənablarının "adları", yəhudilərin arasında
məşhur olan Alekseyevin, Kuropatkinin "adları" rus kəndlilərinin məclislərində
söylənir, söylənəcəkdir. Bu hələ həyatlarında, amma öləndən sonra "isimləri"
tarixlərdə yazılacaqdır, milyonlarca adamlar oxuyacaqlar, düşünəcəklər,
anlayacaqlar.... 19 qərinə bundan müqəddəm olan zalım padşah Neronu hansı
tarix oxuyan unudar? Xalqa etdiyi zülmləri hansı oxucu bilmir?
Yəqin ki, bu ali cənablar da bizim dostumuz kimi günlərini qəlyan xoruldadaxoruldada
keçirtsəydilər, "ismi-şəriflər"i nə məclislərdə söylənərdi, nə də
tarixlərdə yazılardı. Yəqin ki, Tripov "patronlara heyfiniz gəlməsin" sözlərini
deməsəydi, həyatında ismi bu "şərafətlə", öləndən sonra daha artacaq "şöhrətlə"
söylənməzdi və söylənməyəcək idi.
Xeyr, əfəndim! "Nə o yanlıq və nə bu yanlıq" ilə dolanacaq etməkdən nə
hasil, nə səmərə? Əlinizdən gəlməyir laməhalə, "yamanlıq edib ölmək, yaxşılıq
məsləhətdir". Tainki qalanlara bir xeyir olsun....
"Gəldi, baxdı, dolandı, getdi!". Hamı belə bir nəzərdə, belə bir xasiyyətdə
olsaydı, məlumatımız çox az olardı.
Nerədən bilərdik ki, "neronlar", "zöhhaklar" kəndi ixtiyarlarını göstərmək
üçün insanın qanını su yerinə axıdıblar? Nerədən bilərdik ki, ayda əlli, ya yüz, ya
min, ya on min manat alınan məvacibə insan dinini, imanını, vicdanını satar?
Nerədən bilərdik ki, "qüvvətsiz qüvvətlinin" yanında həmişə təqsirkar olar? Ya
xeyr, "zəngin" yalan da söyləsə, "kasıb" bəli, bəli deyər? Nerədən bilərdik ki,
fəhlələrin yaralı əllərilə milyonlar qazananlar haman fəhlələri heyvan
dərəcəsində bilirlər? Nerədən bilərdik ki, doğru söz söyləyənlər, haqq yolunu
arayanlar dar ağaclarına nəsib olarlar, qazamatlarda çürüyərlər, topun, tüfəngin
güllələrinə nişanə qoyularlar? Nerədən daha bilərdik ki, yerin, göyün bir
allahından başqa, bir də bir qeyri "məbud" da olarmış?....
Ah, zavallı "dostlarımız", yaxşılıq əlinizdən gəlmirdi, yamanlığa nə sözünüz?
Siz dünyaya "gəldiniz, baxdınız, dolandınız, getdiniz". Bəlkə qeyriləri bununla
bəs, buna kifayət etməyirlər, "məlumat" arayırlar.... Tək yaxşılığa, gözəl
sifətlərə dair məlumat "məlumat"sız, əsərsiz olar, ləzzəti olmaz....
İnsan həmişə şirin şey yesə, haman şirinin ləzzətini bilməz, lakin bir acı
dərmandan sonra şərbət içsə, dodaqlarını da dili ilə yalayacaqdır....
Hər işimiz belədir, əfəndim!
Ərəbistanın istisini hiss etməsəniz, Rusiyanın yelsiz, yanaq qızardan
morozuna, sazağına qiymət qoymazsınız, aclığı görməyən adam toxluğun
ləzzətini bilməz, azarlı olmayan adam saf bədənin qədrini anlamaz, zülm
çəkməyən millət hürriyyət nə olmağını düşünməz. Açıq deməli: yaman, fəna
işlər olmasaydı, yaxşı işlər də olmazdı, bu, təbiidir.
İnsanda bu qüvvə, yeni bir şeyi, ya bir hərəkəti bir qeyri şeydən, qeyri
hərəkətdən seçmək böyük bir dərəcəyə çatıbdır. Hal-hazırda bir neçə üləma bu
məsələni həll edib ki, əqil, nitq insanı heyvandan ayırır. Lakin bu qüvvə, yəni
gördüyümüz, eşitdiyimiz, anladığımız şeylərə təfavüt qoymaq və sonra bir-birinə
oxşayan şeyləri bir yerə toplayıb qeyri bir yerə toplanmış bir cinsdən olan
şeylərdən ayırmaq, tərcih vermək qüvvəsi insanı heyvan dərəcəsindən xilas edir.
Həqiqət, belə bir qüvvə insanda artıq dərəcədə olmasaydı, o da heyvan kimi
bir halətdə qalardı. Elmdə, fənndə, dolanacaqda, heç bir vaxt tərəqqi edə
bilməzdik....
Əlbəttə, bu qüvvə hamıda bir dərəcədə olmur, birində az, birində çox olarkən
artmağı işlətməyə, təcrübəyə bağlıdır.
Biləcəridən uzaq bir qeyri yerə getməmiş olsanız, qeyri gözəl şəhərlərdən--
Lissabondan, Odessadan gələn şəxs sizə çox da dedi: Bakı çox üfunətli, zibilli,
tozlu şəhərdir, küçələri dar, mostovoyu yaman, faytonçuları adamın üstünə baxıb
minik qəbul edirlər. Şəhər "ataları" narzan, borjom, şampan içəndə, kasıblar
qurdlu, mikroblu suya da həsrətdirlər.... Zənginlər günlərini bağlarda,
"daçalarda" axşamlar klublarda keçirəndə, kasıblar qorxularından küçəyə də çıxa
bilmirlər.... Hər dəfə çıxanda da gərək vəsiyyət edəsən. Bir də gördün, bir-birinə
"zarafatca" güllə atdılar, gəldi sənin böyrünə dəydi.... İndi bağda da oturmaq
mümkün deyil. Bir də gördünüz bir "qalmağal" düşdü: kişilər qaçdılar, arvadlar
"vay" deyib özlərindən getdilər, uşaqlarını götürüb qaçarkən bir-birinə toqqaşıb
yerə dəydilər, vaveyla səsi ölkəni götürdü, ata oğulu, ana qızını, qız anasını
tanımır, hərəsi öz canını qurtarmaq istəyir.... Qorodovoylar isə qorxularından
daha tək-tək gəzmirlər. Beşi, onu bir yerə cəm olub qaranlıq yerlərdə
"madonnalar" gözləyirlər, ya onlar ilə söhbət edirlər....
Bəli, belə bir şəhərdən başqa qeyri şəhər görməyənə qeyri şəhərləri yüz tərif
et, yenə deyəcək:
"Allah verib bizim Bakıya...."
Bəli, əfəndim! Allah artıqlığınca veribdir, fəqət nə hasil?
Cibə lazım olan qızıl yerdən çıxır, lakin insana lazım olan "qızıl", insanı
heyvandan ayıran "qüvvə" nerədədir?
Nə isə, bu qüvvə bizdə alçaq dərəcədədir. Yaxşı ilə yamana hələ təfavüt qoya
bilmiriz, "allah bizə veribdir" deyib arxayın oturmuşuq, nə şəhər, nə camaat, nə
dövlət işləri bizi ayıltmır....
Deyə də bilmiriz ki, hamı burada olanlar yaxşı sifətlər göstərib o dünyaya
köçürlər, ya xeyr, hamı yaman işlərdən sonra "təşrif" aparırlar, ya xeyr, "gəldi,
baxdı, dolandı getdi" qanunu ilə dolanacaq edərkən, bu "puç" dünyadan əl
götürürlər. Heç birini deyə bilmiriz. Yaxşı da var, yaman da, "dərviş" misallı
olanlarımız da az deyil....
Bununla belə, heç birindən ibrət almaq xəyalımız yoxdur. Xüsusən yaman
sifətlər ilə "ölənlərə" diqqət etmiriz. Bunlardır bizə tərbiyə verən, bizim
gözümüzü açan, bunlardır bizi quyulardan, uçurumlardan saxlayan, bizə gələcəyi
təlim edən və hal-hazırda səhvlərdən xilas edən....
Biz isə "neçə il" bir səhvdə olarkən sonradan gözümüz görə-görə, ağlımız
"kəsə-kəsə" yenə səhv etdik....
Bağırtımız ölkəni götürübdür, lakin əlimiz nerəyə çatacaqdır?! Bundan sonra
yaman ad qazanıb "ölənlərə" artıq diqqət olunsa, böyük mənfəətlərə sahib olarıq.
Adsız ölənlərdən nə mənfəət!