Müxbirlərimizdən biri idarəyə kağız yazır. Həmin kağızda cənab müxbir
üzünü Borçalı bəylərinə, zənginlərinə tutub deyir: "Ey gözəl Borçalının
minlərdən dəm vurub təkəbbürlüklərindən kimsəni tanımayan, özlərini pişrov
sayan fitnəkar bəyləri, ağaları və qızıllı-gümüşlü kəndxudaları! Haçana kimi
insafdan kənar olub ciblərinizin xatirəsi üçün özünüzü qəflət uyğusuna məğlub
edəcəksiniz? Fəqir-füqəra, əlsiz-ayaqsız, heyvana bənzər "çoban-çoluqlar"ımızı
oğurluğa, yol kəsməyə, nahaq qan tökməyə və qeyri pis-pis işlərə iqva
edəcəksiniz? Tövrbətövr hiylələr, məkrlər, böhtanlar və fitnələrlə başlarına
döyüb, min-min zəhmətlə, cövrü-cəfa ilə qazandıqları pulları əllərindən zülm ilə
alıb çöllərdə avara-sərgərdan qoyacaqsınız? Polisə qulluqçuları ilə siğə qardaş
olub fəqir-füqəranın qan-təri ilə qazandığı pulu onların (polisə qulluqçularının)
uğrunda xərc edəcəksiniz? Nə vaxtadək eyşü-işrətə məşğul olub məclislərdə
quru-quru millət tərəqqisi barəsində "gap" edəcəksiniz. Bilmirsinizmi, boş "gap"
ilə plov olmaz: yağ, düyü gərəkdir? Haçan ətrafınıza nəzər yetirib
həmsayələrinizdən ibrət götürəcəksiniz? Məgər bu axır vaxt əziz, bəlakeş Qafqaz
vətənimizdə vaqe olan nahaq qanlı hadisələr, top, tüfəng bomba səsləri siz
borçalıları xabi-qəflətdən oyatmadımı? Dost-düşmənlərinizi tanıdıb sizə yaxşıyamanı
bildirmədimi? Məgər qəzetələr verdikləri məlumatlara nəzər yetirib
görmürsünüz, eşitmirsinizmi ki, qeyri şəhərlərdə, ölkələrdə sizin din
qardaşlarınız qeyrətə gəlib tərəqqi yolunda artıq hümmət, həmiyyət göstərirlər?".
Cənab müxbir kağızını bu sayaq yazıb Borçalı bəylərini, ağalarını,
kəndxudalarını tərəqqi yoluna dəvət edir, lakin Borçalı zənginlərinə deyilmiş
sözləri biz cənab müxbirə demək istəyiriz: "Əfəndim! Fikriniz əla, niyyətiniz
daha ziyadə pək gözəl!
Fəqət "plov olmaq üçün yağ, düyü gərəkdir!". "Görməyirsiniz,
eşitməyirsinizmi ki, qeyri şəhərlərdə, ölkələrdə sizin din qardaşlarınız qeyrətə
gəlib tərəqqi yolunda artıq hümmət, həmiyyət göstərirlər...." sözlərilə Borçalı
bəylərini, ağalarını qeyrətləndirmək olmayacaqdır. İnsan meymun misal bir
heyvandır, "gördüyünü götürər". Böyük Pyotr insanın bu psixologiyasını pək
gözəl anlamışdı. Bilirdi ki, Avropanın elm və fənndə tərəqqi etməyi barəsində
quru sözlər demək, yazmaqla bir şey olmayacaqdır. Gərək idi göstərmək, bu
məqsəd ilə Peterburqu özünə paytaxt hesab etdi.
Oradan Avropaya "pəncərə" açdı, Rusiya milləti başlarını
pəncərədən uzadıb Avropa millətlərinə "baxdılar" onlarda olan
"elmi və fənni" yavaş-yavaş əxz etməyə başladılar. [...]
Görürsünüz, müxbir əfəndim! Ruslar boş, mənasız sözlər ilə
meydana çıxmadılar, "gördüklərini götürdülər",özlərini avropalılara
oxşatdılar.
İndi siz gözəl niyyətlə meydana gəlib Borçalı bəylərini, ağalarını
tərəqqi yoluna qoymaq istəyirsiiiz, biçarə fəqir-füqəranı onların
fitnələrindən xilas etməyə çalışırsınız. Onlara insaf nə olmağını
bildirmək istəyirsiniz, fəqət hansı yol ilə, kimin və nəyin vasitəsi
ilə? Borçalı bəyləri, ağaları insandırlar, bunlar gərək görübgötürsünlər,
sizin din qardaşlarınız qeyri şəhərlərdə hümmət,
həmiyyət göstərirlər deyib də keçmək olmaz. Onlara müəyyən yol
göstərməli, haman "qeyrət, hümmət, həmiyyət" görünən şəhərlərə
"pəncərə" açmalı, tainki görüb-götürsünlər. Məsələn, mən Borçalı
bəylərinə nəsihət verən olsa idim, deyərdim: cənab bəylər!
Gözünüzü açınız, qulaqlarınızdan pambığı çıxarınız, görünüz,
eşidiniz, Bakı kimi "kasıb" şəhərdə sizin din qardaşlarınız necə
"qeyrət, hümmət, həmiyyət" göstərirlər. Bakı camaatı elmin,
fənnin, sənətin mənfəətini anlayıb qət ediblər ki, hamı gərək
uşaqlarını oxutsun, bu səbəbdən Bakı gimnaziyalarında və ibtidai
məktəblərində "uşaqlara" yer yoxdur. Ona görə müsəlman uşaqları
üçün təzə gimnaziya, realnı uçiliş və qeyri sənət məktəbləri
camaatın öz xərcinə açılacaqdır. Açılan məktəblər bəs etməməyinə
görə uşaqları evlərdə müəllim tutub oxudacaqlar. Müəllim isə indi
azdır, ona görə Qori seminariyasını Bakıya köçürəcəklər və bir
qeyri seminariya, darülmüəllimin açmaq üçün çox pul yığılıbdır....
Camaat yetim uşaqları da öz xərcinə oxudur! Cəmiyyətixeyriyyəyə
zəngin hacılar "böyük köməklik" edirlər, cəmiyyəti-xeyriyyənin kassası "dolub", böyük
prosent götürməyinə görə cəmiyyəti-xeyriyyənin pulunu banklar
götürmürlər.... Şəhərin küçələrində bir ayaqyalın arvad, bir başıaçıq
yetim tapılmır.... Korlar, şillər, qocalar üçün bir darüləcza tikilir, kasıb,
fəqir-füqəra üçün azarxana "bu yavuqda" qurtaracaqdır.... Bakıda çıxan
qəzetələr camaata çatmır. Bir nömrəni on-iyirmi adam bir yerə yığılıb
oxuyur, qəzetələr çox olmağa görə camaat adlarını unudurlar. Hamı
qəzetələrə "Kaspi" deyirlər. Adə, bir o müsəlman "Kaspi"sini gətir
oxuyum, deyib qəzetələrin üstə ac qurd kimi düşürlər. Bunların
qəzetələrə olan həvəsi siyasi işlərində gözlərinin açılmağına səbəb olur.
Camaat, xüsusən müsəlman cavanları hürriyyət yolunda canlarını fəda
etməyə, qanlarından, başlarından, var-yoxlarından keçməyə hazırlanırlar,
kimyagərlik, qiyam və inqilab kimyagərliyi öyrənirlər. Bu sənəti təhsil
üçün Amerikaya qədər axın-axın gedirlər. Gedirlər də orada öz
icadkərdələri olan bombalara əvvəl-əvvəl özləri qurban olurlar....
Camaatın gözü hürriyyətin yolundadır. Gündə Dumaya teleqramlar
göndərir, "hürriyyət, müsavat, ədalət" istəyiriz deyirlər. Dövləti özünə
düşmən bilib Dumaya ümid bağlayıbdır. Ancaq indi "anlayıbdır" ki, iki ilin
ərzində nahaq yerə tökülən qanlara səbəb dövlət imiş....
O ki, qaldı şəhər işlərinə, "tərəqqi" daha ziyadə aşkar olunur: Qosudarstvennı
Duma şəhər Dumasını da qeyrətə gətiribdir.... Bağları, səfiyyələri, daçaları
özlərinə haram edib gecə-gündüz şəhərin barəsində "məşvərət" edirlər. Çox söz
lazım deyil, şəhərin işlərinə bir balaca diqqət etsəniz, Dumanın qeyrətini
anlamaq olar: küçələr mərmər kimi tozsuz-torpaqsız, gündə iki-üç dəfə sulanır,
suyun "bolluğundan" ağaclar, otlar təzədən göyərir.... Suyun "bolluğundan"
Mixaylovski "balnisədə", azarxanada naxoşları vanna gərək olmasa da gündə
"iki dəfə çimdirirlər", belə işlər pulun gücü ilə olar. Pul sarıdan şəhər kassası
xoşbəxtdir. Kassa "dopdolu", qlasniyaların qeyrəti, hümməti "aşıb-daşıbdır".
Belə olan surətdə şəhər abad olmazmı?
Qaldı şəhərdən kənar promıslalarda, zavodlarda işləyən fəhlələrin halı! Nə
isə, axır vaxt xozeyinlər "insafa" gəlib fəhlələrinməvaciblərini artırıblar.... Təzə
kazarmalar tikilir, hamamlar bina olunur. Fəhlələr üçün qiraətxanalar açılır,
uşaqlar üçün yeni kitablar bina olunur.... Xülasə, böyük bir dəstgahdır! Bakı
camaatı, "xüsusən müsəlmanlar" birdən-birə ayılıbdır, belə "qeyrət, hümmət,
həmiyyət, müsavat, ədalət" bu vaxtadək görünməmişdi, bunları da bu yola qoyan hürriyyət olubdur. Bakı camaatı, "xüsusən müsəlmanlar", "azadəliyi" "sevənlərdənmişlər", "azadəlik" veriləli gecələr "iş" görünmür. Hər kim hər kimi öldürmək istəsə, gündüz günorta çağı bazarda və ya bir qeyri qələbəlik, tünlük yerdə aşkara öldürə bilər.... Oğurluq həmçinin gecə olmur, gündüzlər olur....
Buyurunuz, müxbir əfəndim! Borçalı bəylərinin zülmündən dad çəkən
yoldaşımız! Bəylərinizə, ağalarınıza, qızıllı, gümüşlü kəndxudalarınıza nəsihət
edəndə Bakını heç vaxt unutmayınız. Bakı Qafqazın "gözü" hesab olunur.
Buraya böyük ümidlər bağlanır idi və bağlanır.... Burada olan "tərəqqini" görüb
bilsəydiniz, yəqin ki, Borçalı bəylərinə "üstüörtülü" qeyri şəhərlərdə din
qardaşlarımızın "tərəqqi"sindən söyləməzdiniz, aşkara deyərdiniz: ay Borçalı
bəyləri, baxınız Bakı müsəlmanlarına, "ibrət" ediniz.
Ola bilsin ki, Bakı borçalılara uzaqdır, əlləri çatmır. "tərəqqi"nin əsərini
görmürlər, hiss etmirlər....
Belə olan surətdə onlar Tiflis camaatının, xüsusən oradakı müsəlmanların
hümmət və həmiyyətlərinə diqqət etməlidirlər. Orada da fəna işlər görünmür.
Tiflis müsəlmanları ittifaq edib qət ediblər ki, erməni-müsəlman hadisəsindən
sonra şəhərlərə, kəndlərə başaçıq, ayaqyalın yetimləri ilə qaçan sahibsiz arvadları
vətənlərinə qaytarsınlar. Bunların "qeyrəti" qəbul etmir ki, sahibsiz arvadlar, ya
əllərindən var-yoxu gedən kişilər qeyri şəhərlərdə, kəndlərdə qalıb dilənçilik
etsinlər. Bunların "insafı" rəva görmür ki, Tiflis kimi şəhəri atıb qeyri yerləri
özlərinə vətən etsinlər....
Bəli, bu barədə böyük məclislər qurulur, gecə və gündüz məsləhət olunur;
talan olmuş vətəndən sərgərdan düşmüş vətəndaşlarına nə tövr kömək etmək
məsələsi hal-hazırda müzakirə olunur.... Ruhanilərimiz bu məsələni ruhanilərə
dair məsələlərdən baş bilib öz məclislərini pozurlar, indi buna məşğuldurlar....
Borçalılara "ibrət" üçün bu da az olsa, Gəncəni göstərmək olar. Əhli-Gəncə
duxovnı seminariya açmaqda böyük bir "qeyrət" göstəriblər. Bir ayın ərzində bir
"milyon" pul yığıb "məscid hücrələri"ndən bir "böyük imarət" tikdirirlər....
Yerin bolluğuna və pulun çoxluğuna görə haman yerdə "duxovnı akademiya"
üçün də imarət tikmək fikrindədirlər....
Xülasə, nerəyə baxırsınız, ürəyinizə "fərəh" gətirən əməllər görünür.... Belə
qəlbimizi şadlandıran, bizə ürək verən "qeyrətimizi", "hümmətimizi",
"həmiyyətimizi" artıran şey birmi, ikimi, üçmü?
Hankı şəhərə baxsanız, müsəlmanlar böyük "tərəqqidə", böyük "səadətdə"
bulunurlar.
Lakin Borçalı bəyləri, ağaları kimi qeyri-ölkələrdə xabi-qəflətdə qalanlara
təəccüb etməlidir! Nə əcəb bunlar qeyri şəhərlərdə din qardaşlarının hümmətini
görüb, ya eşidib hümmətə gəlməyiblər?....
Yoxsa görüblər, eşidiblər....
Ruslar Avropanın mədəniyyətini "anlayan" kimi bunlar da "millətpərəst" nə
olmağını anlayıblar. "Millətpərəst" olublar.... Yağsız, düyüsüz plov bişirmək
istəyirlər.... "Şəksiz, gördüklərini götürüblər....".
Xeyr, əfəndim! Meymun xasiyyətini insandan almaq olmaz, Bu bir təbii
şeydir.
İnsan özünü nahaq yerə çətinə salmaz. Bir şeydə, ya bir işdə məxsusi
mənfəətin olmadı, nə lazımdır onun künhünə getmək. İndi hamı özünə
"millətpərəst" deyir. Ah, nə olar! Borçalı bəyləri özlərinə "millətpərəst" deyəndə
böyükmü şey olar.... Hal-hazırda bu, moda hökmündə olubdur.
Cənab Qoremıkin də özünə "millətpərəst", "vətənpərəst" deyib kəndliləri
acından qırır, təqsirsizləri qazamatlarda aylarla saxlayıb onlara ağlagəlməyən
əziyyəti verdirir. "Millətpərəstlik", "vətənpərəstlik heysiyyatı" daha ziyadə
artırsa, "patriotlar" biçarə cühudların evlərini talan etdirirlər, kişilərini,
arvadlarını qırdırıb uşaqlarını yetim qoyurlar; biçarə müsəlman ilə erməniləri birbirilə
vuruşdurub Qafqazın torpağını nahaq qana boğar və ortaya bir Komissarov
deyil, yüzlərlə komissarovlar çıxardıb Peterburqun gizli, qara və qaranlıq bir
guşəsindən deyirlər ki:
"Qətl və qarətlər bizim əlimizdədir, onları qayıran bizik: istərsək on kişilik,
istərsək on min kişilik qətl və qarət tərtib edəriz".... Əfəndim, "tarixi" olan bu
sözlər vətənpərəstliyin ən uca mərtəbəsidir! Siz də bu cürmü vətənpərəstlik,
millətpərəstlik istəyirsiniz?