"Mənim" işim necə olacaqdır?
Vaxt var idi, gecələr mən də kluba gedərdim. Gündüz çəkdiyim zəhmətdən
sonra orada yornuq alardım.... Sonra zəmanə dəyişirildi. Erməni-müsəlman
davası araya gəldi.... Sonra bu sosialistlər iğtişaş saldılar.... Bundan müqəddəm
gecələr küçələrdə "gecə quşları"na rast gəlirdik. İndi "gecə quşları"nın yerinə
qazaqlara, saldatlara rast gəlirsən. Bundan müqəddəm sən "gecə quşları"na
deyərdin: "Yavaş get madam, bir sözüm var, pojaliska, hərgah qorxursan
ötürüm....".
İndi qazaqlar, saldatlar deyirlər: "pastoy", "astanavis", nə bilim daha nə. Sən
də qulaq asıb durursan. Gəlir axtarır, "iyliyir". Bir şey tapdısa, xoş halına.
Əlindən alıb buraxır. Tapmadısa, "uçastok paydom" deyib boynunun kökünə də
qaşov çəkəcəkdir. İş nə tövr düşübsə, rusun qazağından, saldatından qorxan kimi
heç kəsdən qorxmuram.
İstər beş-altı qoçu dalımca gəlsinlər, heç birindən qorxan deyiləm. Amma rus
qazağını beş addımda görəndə "afatım" alınır. Nə isə, bir qorxudur canıma
düşübdür. Əvvəl qazağın qarnının ağrısını bilməyirdim, özümü böyük
zəhmətlərə salırdım. Rusca bilməyə görə "kakoy takoy prava imeyeş" deyib sualcavab
edirdim. Amma qazaq yenə də "paydom-paydom" deyib uçastoka
sürüyürdü. Elə ki, uçastoka yavuqlaşırdıq, qazaq "nu, stupay çort", deyib
buraxırdı....
Bu işə mən təəccüb edirdim. A kişi, bu nə olan işdir. İki verst məni sürüyəsürüyə
aparıbdır, indi beş addım qalanda "nu, stupay çort", deyib buraxır.
Təəccüb burasıdır ki, indi mən buna deyirəm "paydom", bu gəlmir....
Bir neçə belə ittifaqdan sonra cənab qazağın qarnının ağrısını bildim: tapança
tapdı, xoş halına, tapançanı alıb buraxacaqdır. Tapança tapılmasa, gərək "na
vodka" verəsən, yoxsa, uçastoku bəhanə gətirib küçələri gəzdirəcəkdir.
Bu əhvalatı biləndən sonra indi qazaq özü də gəlməsə, özüm çağırıram:
"zemlyak, na" deyib bir boğma verirəm, tainki məni dindirməsin....
Belə zəhmətlərdən sonra daha gecə vaxtı mən küçəyə çıxarammı, daha kluba
gedərəmmi?!....
Həqiqət, getməsəm də olmayır. Evdə oturub nə iş görüm? Kimin qeybətini
eləyim? Axırda fikrimə bir yaxşı iş düşdü. Neçə illərdir mən ruznamə yazırdım.
Necə ki, keçən dəfə dedim, öz fikrimi, hissiyyatımı orada özüm üçün qələmə
götürürdüm. Heç kəs də oxumasa, özüm oxuyub ləzzət alırdım. Ancaq əhvalat az
olmağa görə həftədə bir, ayda bir yazırdım....
Xub, indi ki, əhvalat çoxdur, niyə yazmayım? Evdə oturub belə fikirdə
olarkən qonşum Kərbəlayı bəy Hacıbəyovdan bir kağız aldım. Kağızda qonşum
yazır:
"Cənab Arı bəy, sizdən təvəqqe edirik bizim məclisə təşrif gətirəsiniz". Mən
durub getdim. Cənab Kərbəlayı bəy qabağıma çıxıb bir otağa apardı. Otağa daxil
olub gördüm ona qədər adam bu otaqda oturub çay içir. Kimi çırt çubuq çəkir,
kimi qəlyan xoruldadır, kimi əlində təsbeh oynadır.... Məni görəndə, buyurunuz,
Arı bəy, buyurunuz, deyib yuxarı başa apardılar. Qayda üzrə hamının bir-bir
gözlərinə baxıb görüşdük.
Cənab Kərbəlayı bəy bir azdan sonra başladı:--Cənab Arı bəy! Neçə ildir biz
qonşuyuq, sizi belə ertədən evə gələn görməmişəm. İndi neçə vaxtdır görürəm şamlar yananda evə gəlirsiniz. Sizə nə əcəb, evdə "skuçna", yəni
küsvətlə keçmir?
"Nə edim Kərbəlayı, indi zəmanə dəyişibdir. Doğrusu, qorxudan evə tez
gəlirəm."
"Belə olan surətdə biz sizdən təvəqqe edirik hər axşam bizə təşrif gətirəsiniz.
Çünki bizim otaqda necə ki, indi görürsünüz, hər axşam məclis var. Danışarıq,
söhbət edərik.... Siz oxumuş adamsınız. Taza xəbərlərdən-zaddan bizə
söylərsiniz. İndi allaha şükür, qəzetələrimiz var, olardan bizə məlumat
verərsiniz...."
Xülasə, mən razı oldum. O gecə erməni-müsəlman davasından bir az söhbət
edib dağıldıq. Getdim evə. Öz-özümə fikir etdim ki, bu yaxşı iş oldu. Mən indi
hər gün ruznaməmdə yazdığım şeyləri onlara oxuyaram.
İndi ikinci ildir haman məclisdə öz ruznaməmi oxuyuram. Çox huş-kuş ilə
qulaq asırlar. Keçən aylarda Rusiyada iğtişaş artıq şiddət etməyə görə mən
fikrimi bir az dəyişdirdim. Siyasi məsələlər barəsində yazırdım. Bir neçə gecədən
sonra əhli-məclis gördüm deyir: cənab Arı bəy, təvəqqe edirik belə məsələləri
qoyasınız qalsın. Bizim nəyimizə lazım Rusiyada nə iş görürlər. Bizə ermənimüsəlman
məsələsindən yazınız, söhbət ediniz. Bəli, mən yenə başladım
ruznaməmi bu barədə doldurmağa.... Sonra belə oldu ki, bir az sakitlik oldu.
Daha oradan-buradan teleqramlar gəlmədi. Çarəsiz qalıb oradan-buradan
düzəldirdim. Bir məqam oldu ki, dedilər ermənilər müsəlmanlar ilə barışdılar.
Mən fikrə getdim. Xub, belə olmuş olsa, Kərbəlayı qonşumun məclisində nə
oxuyacağam? Bir gecəlik də əhvalat hazırlayıb getdim. Əhvalatı oxuyandan
sonra əhli-məclisdən biri dedi:
"Cənab Arı bəy, indi dum-dum deyirlər o necə olan şeydir?"
Mən cavab verdim ki, bəli, o da lazım olan əhvalatdır. İstəyirsiniz sabahdan o
barədə oxuyaram. Hamı razı oldu.
Başladım ruznaməmi dum əhvalatı ilə doldurmağa, dilli-dilsiz dum
vəkillərini meydana çəkməyə. O qədər bunların qulaqlarını doldurdum ki, özləri
sonra dedilər:
"A kişi, bu "Kəlilə Dimnə" nağılına oxşadı...." Bunlar keçər gedər. Ancaq
indi dum bağlandı. Erməni-müsəlman məsələsi də hələ bir az yatıbdır. Məclis də
məndən xəbər-məbər gözləyir. Nə barədə yazacağam? "Mənim işim" necə
olacaqdır? Nə barədə söhbət olsa, gələn səfər məlum edərəm.