HƏFTƏ FƏRYADI

Bu gün məşhur rus şairlərindən Krılovun "Abirin və gilab" ünvanında
olan hekayəsi xatirimə gəlibdir. Çox pürməna bir hekayədir! Qulaq
veriniz:
"Bir gün iki yoldaş yol ilə keçirlər və öz işləri haqqında söhbət edirlər.
Birdən dərvazanın altından bir böyük it "öö ... öö" edib bunlara hürdü.
Bunun səsinə bir neçə it hürməyə başladı. Bir az keçmişdi əlliyə qədər it
cəm oldu. Yoldaşların biri istədi bir daş götürüb bunlara atsın. O biri
yoldaşı buna mane olub dedi: "Qardaşım, dur, dur, sən səhvdəsən, bir
daşla sən itlərin səsini kəsməyəcəksən, bəlkə daha ziyadə hirsləndirib
hürməyinə bais olacaqsan. Yaxşısı budur ki, öz yolumuz ilə gedək. Mən
bunların xasiyyətinə yaxşı bələdəm". Həqiqət, bunlar on addım qədər irəli
keçəndən sonra itlər yavaş-yavaş səslərini kəsdi. Bir azdan sonra səsləri
heç çıxmadı.

Bu hekayədən sonra cənab Krılov qissədən hissə nə olduğunu
söyləyir: ürəkləri büğz və fəsadla dolu olan həsud adamlar hər nəyi
görsələr mütləq ona irad tutub hürmək istərlər. Sən isə öz yolunla get,
bunların "öö ... öö"-sünə qulaq vermə, hürərlər, hürərlər, axırda səslərini
kəsərlər.
Tarixi-ədəbiyyatdan belə məlum olur ki, bu hekayədə Krılov kəndi
halını yazıbdır. Bunun gözəl və mənzum hekayələrinə vaxtında həsəd
aparan çox imiş. "Krılov yazmaq bacarmayır, ya pis yazır, ya yazdığı
hekayələrdən insana mənfəət yoxdur"--deyib həsud münəqqidlər
hürərlərmiş, havlarmışlar, halbuki Krılovun yüz iyirmi il bundanmüqəddəm nəzm ilə yazdığı hekayələr, misallar, indi də məktəblərdə
oxunur, əzbərlənir, hər kəsi müstəfid edir. Rusca bir oxuyan tapmazsınız
ki, İvan Andreyeviç Krılovu tanımasın.
"Krılov baba" hamı mütəməddin millətlərdə məşhurdur. Buna "baba"
qocalığına görə demirlər, bəlkə dünya görmüş bir nəsihətçi olduğuna görə
deyirlər.
Bəli, Krılov baba zikr olunan hekayədə öz halını qələmə gətirsə də,
bizə də bir böyük dərsi-ibrət vermiş olur. "İt hürər karvan keçər, yel
qayadan nə aparar" türk məsəli kimi bizə deyir: ağılları paslanmış, gözləri
korlaşmış, ürəkləri bürz və həsədlə dolmuş, qabiliyyətsiz, korafəhm
adamların "öö ... öö"-sünə, qeylü-qalına heç bir vaxt qulaq verməmək,
onların taqsırlarından keçmək. Hürərlər, qoy hürsünlər, sən başını aşağı
salıb öz işinin dalınca get. Hövləyə-hövləyə axırda yorularlar, səslərini
kəsərlər, vicdanları varsa, bir az qızararlar, dillərini açmağa daha
utanarlar.... Vicdanları varsa! Vicdanları yoxsa, qızarmasalarda axırda
yorulub pis hərəkətlərindən əl çəkərlər.
Həp halda, bu adamları ağılları paslanmış, gözləri ümməyə düçar
olmuş, əllərindən "öö ... öö"-dən başqa bir şey gəlməyən acizlərdən hesab
ediriz. Çünki bu biçarələr bir şeyə irad tutanda xəbər alsanız nə tövr
etmək yaxşıdır, nə tövr yazmaq, ya nə tövr dolanmaq, ya nə tövr
söyləmək, bunlar həmişə cavab verirlər: "Biz belə istəyiriz, kefimiz belə
istəyir".
Nə səbəbə? Dəliliniz nədir?--suallarına bunlardan cavab
gözləməyiniz. Gözləməyən surətdə, bunlar ilə nə söhbət etmək? Qoyunuz
yorulanadək hürsünlər!.... Hürsünlər. Amma bu hürənlər də özlərini
camaat üzvü hesab edirlər. Binaəleyh bunların yaman sifətlərini aşkara
çıxarmaq lazımdır. Kərrat ilə yazmaq, fəna hərəkətlərini, ağılsız, fikirsiz
sözlərini üzlərinə çırpmaq vacibdir. Camaata gərək bildirmək ki, sənin
aranda belə bir ağılları gözlərində, tərbiyədən məhrum üzvlər var: ona
andırmaq ki, belə adamlar ilə nə tövr rəftar etmək.
Bunların hərəkətlərini örtüb-basdırmaqmı, yainki açıq-aşkara elanmı
etmək, tainki camaat bilib özlərini və uşaqlarını bu bədbəxtlərin yaman
sifətlərindən xilas etsinlər. "Hürənlərin" bir qismi var ki, onları diqqətsiz
qoymaq olmaz!.... Yəqin ediniz ki, bu qism "hürənləri" diqqətsiz qoysa
idik, indi Rusiyada qrinqmutlar, kruşivanlar və əmsalı çoxdan vətəni "alt üst" edib öz məqsudlarına çatmışdılar. Çoxdan hürriyyət bayrağını
darmadağın dağıdıb biçarə kəndlini yenə də yüz illərlə ayaqyalın,
başaçıq, yarı buğda, yarı arpa qara çörəyə möhtac qoymuşdular. Bunların
gizblərini, iftiralarını, böhtanlarını hər saatda, hər dəqiqədə üzlərinə
vurmasaydılar, biçarə yəhudi millət" indi rus torpağından yox olmuşdu.
Biçarə müsəlmanlar, ermənilər indiyədək bir-birinin qanını içə-içə
Qafqazı Səhrayi-Kəbirə çevirmişdilər. Hər iki millətin yurdlarında
bayquşlar uluyacaq idi!.... Kazanlılar, başqırdlar və qeyri müsəlmanlar
çoxdan missionerlərə yem olmuşdular.... Əşxasi-müzürrun böyük bəla
olmaqlarını camaata vaxtında məlum etsə idilər, yəqin ki, yapon-rus
davasında milyonlarca canlar tələf olmaz idi!....
Bəli, bunlar "hürürdülər, uluyurdular", camaatı uçuruma dəvət
edirdilər.... Lakin çirkin məqsədlərinə çatmadılar, vətənini, millətini,
camaatını sevənlər ittifaq və ittihad edib bunların müqabilinə çıxdılar,
uçurumu aşkar göstərib, qeyri bir yol göstərdilər. Nicat yolunu: hürriyyət,
müsavat, ədalət nə olmağını və nə tövr hərəkət edib qaranlıqdan işığa
çıxmağın təlim-tərbiyəsini vaxtında verdilər.... Verib də bütün vətəni yüz
milyon nüfusu tövrbətövr bəlalardan xilas etdilər, yüz illərlə paslanmış
ağır zəncirləri dağıtdılar....
Xeyr, əfəndim, bir zamanlar qudurmuşların "öö ... öö"-sü böyük bir
bəla olmuş idi. Hürənlərin sözlərinə, fikirlərinə, hərəkətlərinə diqqət
etməmək olmazdı. Olmazdı deyiriz, ondan ötrü ki, bu qudurmuş qurdların
cözlərinə qulaq asan var idi. Onlara aldanan, onların "öö ... öö"-sünü,
ulamasını zümzümə və nəğmə hesab edənlər var idi, qaranı ağ, ağı qara
yerinə işlədən az deyil idi və deyildir də!....
Bəli, hürmək də var, hürmək də. Açıq söyləməli: hurənlərin "öö ...
öö"-sündən, hərəkətindən ümumi camaat işinə bir zərər gəlirsə, onların
ağızlarını bir növ ilə, ya heç olmazsa bir üsul ilə yummaq, bağlamaq
lazımdır. Hər halda, bunlara qulaq asılmalıdır! Adamın dalınca, ya xeyr,
özünə çox şey deyərlər, xüsusən indi ki, azadəlik verilibdir, nə istəyirsən
söylə, kimə irad tutursan tut, kim-kimədir!
Məsələn, bundan müqəddəm bağda iki arvad bir yerdə oturanda
söhbətləri bu idi: bu arvadın libası çox uzundur, o qızın paltarının rəngi
şlyapasına yaraşmır, filan xanım gəzəndə boynunu əyir.... Nə bilim, daha
nə tövr iradlar. Lakin bu sözləri bir-birinə "pıçı-pıçı" edib yavaşcadan söyləyirdilər. İndi xeyr, azadəlik verilməyə görə, görürsünüz öz
iradlarını, diqqətlərini açıq-aşkara söyləyirlər. [...]
İnanmırsınızsa, buyurunuz bağa, qızlar, arvadlar oturan yerdə
oturunuz, qulaq asınız, görərsiniz belə cəfəngiyat ilə məşğul olan az
olacaqdır. Bu da azadəliyin səbəbinə; indi xanımlardan, qızlardan "bu
gün filan teleqramı oxudunuzmu? Filan yerdə böyük iğtişaş var,
eşitdinizmi? Filan vəzir istefa verir, hürriyyətin filan mücahidi-məşhuru
həbs olunubdur". Belə söhbətlər eşidərsiniz. Nə isə, indi söhbətlərin
zəmini dəyişibdir. Ağıllar, zehnlər qeyri yerdə, qeyri məsələlərdə işləyir,
irad söhbəti eşidəndə də bir məqalənin, ya bir nişanın pis, yaxşı
yazılmağı barəsində eşidirsiniz, ya xeyr, filan firqənin əqidəsi yaxşıdır, ya
pisdir, filan firqə səhv edir, ya düz yol ilə gedir.
Həqiqət, dürüst diqqət etsəniz, görərsiniz ki, zəmanə təğyir tapıbdır.
Adamlar təhəvvül edibdir, bəli, adamlar bir növ təhəvvül edibdir ki, indi
bir "parə kişilərimiz də" irad tutmağa ayaq qoyublar, allaha şükür,
"azadəlik" bizə də sirayət etdi. Bundan əvvəl "bir para cavanlarımız"
arvadlara irad tuturdular, onların hərəkətlərinə, paltarlarına baxıb
diqqətlərini söyləyirdilər. İndi "azadəlik" verilməyinə görə kişilərə də
irad tuturlar.
Məsələn, bu günlərdə "bir para cavanlar" bağda bir böyük ittihad və
ittifaq edib gələnin-gedənin üst-başına, ağzına, burnuna, bığına, saqqalına
baxırmışlar.... Axırda ittifaqlarını göstərmək üçün oxumuş
müsəlmanlardan birinə götürüb bu məzmunda bir kağız yazırlar: "Filan,
təvəqqe ediriz, saqqalınızı erməni saqqalına oxşatmayasınız". Ha, ha, ha!
Gülürsünüz! Əfəndim, gülməyiniz, əfəndim! Doğru sözümdür, yoxsa
inanmayırsınız, kağızı alan mənim üstümə gəlmişdi, şikayət edirdi. Deyir,
görürsünüzmü, bizim "bir para cavanlar" nə ilə məşğul olurlar. Bundan
sonra gəl "bunlar" üçün işlə, qanını xarab et.... Hətta yazanların adları da
məlumdur. Camaat "ağıllı", "kamallı", vaxtın təqazasına görə söhbət edən
belələrini bilmək istəsə, qəzetəsiz elan etmək olar, çünki layiq görməyiriz
"belə cavanlar kompaniyasının firmasına ləkə vurulsun". Ondan savayı,
bu "firma" onsuz da məşhur imiş. Mən ancaq bilməyirmişəm. İndi mən
də bildim. Bu "firmanın" üzvlərindən russki-tatarski şkolalarında
oxuyublar, rusca oxuyublar. Ola bilməz ki, Krılov babanın hekayələrini
oxumamış olsunlar. Ey bədbəxt millət! Dərdimiz, qəmimiz azalmaqdansa, gün-gündən
çoxalır; fəryadımız kəsilməkdənsə, gün-gündən ucalır; gözümüz
açılmaqdansa, gün-gündən örtülür. Ağlımız seyqəl tapmaqdansa, güngündən
paslanır....
Belə iradları bundan müqəddəm mollalardan, qocalardan eşidirdik,
indi "cavanlardan" eşidirik. Afərin, gələcək millət balalarının atalarına!
Afərin, etdiyiniz "ittifaqa"!
Siz filan oxumuşa saqqal barəsində nəsihət veribsiniz, lakin mən də
sizə nəsihət verməsəm də ürəyimdə olanı deyəcəyəm:--Zavallı cavanlar!
Bir adamın saqqalı barəsində ittifaq etməkdənsə, Şişə kəndlərində
acından, susuzluqdan, dərmansız, köməksiz, yurdları viran, uşaqları yetim
qalmış din qardaşlarınızın barəsində ittifaq edib hərəniz bircə manat göndərə
idiniz.... Onda bilərdik ki, dini-islamı saqqal ilə tanımayıbsınız.... Bu yolda
iradınız diqqətə alınardı, bu yolda sözləriniz eşidilərdi.... Fəqət bu hərəkətinizdə
Krılov baba sizə cavab verər.