Bu gün istəyirəm qarelərimə bir balaca hekayə söyləyim. Nağıl demirəm,
əfəndim, hekayə deyirəm. Nağıl ilə hekayənin təfavütü var. Nağıl o hekayədir ki,
ittifaq düşməyibdir. Mənim kimi biri oturub ağzına nə gəlibsə yazıbdır. Lakin
hekayədə ittifaq düşmüş şeyin barəsində söylənir. Bu barədə "nəql"dən
muradımız Azərbaycanda "nağıl" və osmanlıda "məsal" deyilən xəyali
hekayələrdir, yoxsa elmdə və tarixdə qəbul olunan bir mənada istemal etməyiriz.
"Məsal" məsələdən qələt olduğu kimi, nağıl da nəqldən qələtdir. Müharibə
mənasına gələn "dəva" yerinə "dava" və "övrət" yerinə "arvad" yazmaq daha münasib olduğu kimi, yuxarıda zikr olunan mənada "nəql" yerinə "nağıl" ya
"məsəl" yazmaq, əlbəttə, məsləhətdir.
Keçən günlərdə rus jurnallarının birində bir qəribə hekayə oxuyub da özümə
söz verdim ki, qarelərim ilə bu barədə söhbət edim.
Həqiqət hal, hər həftə fəryad etmək də yaxşı deyil. Onsuz da qəzetimizin
günlük nömrələrində "Ay camaat, ayılınız!" deyib də çığırışırıq. Axırda görürsən
məqalələrin başına baxıb deyəcəklər: "Bu məqalə heç, bunu oxumamalı, bu
köhnə əhvalatdır: millət dalda qalıbdır, millət zəlil olubdur, millət filan olubdur,
filan da filan olubdur. Böylə də qəzetə yazmaq olarmı?
Həmişə bir şeyin barəsində! Tamamdır! Eşitdik! Çanağınızda qeyri bir şey
varsa, onu meydana çıxarınız". Birpara qarelərimiz bu sözləri deyib də
məqalələrimizi oxumazlar. Bu təsəvvürdə olan oxuyanlar az deyil. Bunlar üçün
gələcəkdə nə olacaq, millət və ya vətən tərəqqi edəcəkdir, ya yox? Bu təsəvvürdə
olanlar üçün birdir, təfavüt yoxdur. Bunlar "Ah, keçən günə gün çatmaz, calasan
günü-günə" --deyib də istiqbaldan bir şey gözləməyirlər.... Bunlara hal-hazırdan
söyləyiniz.... Bunlara lazım olan şeylərdən "nəql" ediniz.... Lakin bu barədə
fikir edən yoxdur. Bu tövr qarelərin dərdlərinə əlac tapmayırlar, aramayırlar....
Elə bircə axundların ətəklərindən tutub deyiriz: insaf ediniz, mədəniyyətə
bərəks olsanız da müridləriniz "qara məxluqun" əxlaq-ətvarını düzəldiniz, yüz
dəfə təharətdən söyləyəndə bir dəfə də adam öldürmənin nə qədər günah
olmasından vəz ediniz ....
Ya xeyr, zəngin cavanlarımıza nəsihət ediriz: gecədə yüz manat "fəqir
arvadlara" xərc edəndə heç olmasa, ayda on manat da yetim mütəllimlərə
veriniz. Yainki milyonçulara deyiriz:
"Azarxana tikdirməyirsiniz, əlsiz-ayaqsızlar üçün darüləcz bina etməyirsiniz,
çünki belə şeylər sizin təsəvvürünüzdə xeyir iş, yəni allah sevən iş deyil."
Laməhalə Bibiheybət ziyarətgahının yolunu düzəldiniz.... Ya xeyr, incinarları,
mühəndisləri məzəmmət edib yazırız:
"Qardaşlar, insaf ediniz. Biçarə ac tələbələrimizə siz kömək etməyəndə, onlar
üçün siz iş tapmayanda, onlara kim kömək edəcəkdir?"
Siz özünüz də bir vaxt bunlar çəkdiklərini çəkirdiniz. Unudubsunuzmu?
Bunlar da keçər gedər. Bunlargözümüzün qabağındadır. Görürüz, könlümüz də
xarab olur. Söyləyiriz, yazırız. Deməyə haqqımız var. Ya xeyr, "sözümüz"
qurtarıb da böylə şeylərdən bəhs ediriz. Nə etmək, əfəndim! Siz də bu işdə
sənətkarsınız. Gərək, yazıb kağızınızı doldurasınız.... Fəqət bir hərəkətinizi
anlamayırız. Bizə, vətənimizə dair olan şeylər barəsində yazırsınız. Bunu da
bağışladıq. Burada oturub İrandan, osmanlıdan dəm vurmağınızın mənası nədir?
Hələtutalım, rus vəzirlərinin hərəkətləri sizə məlumdur. Rus qəzetlərində
oxuyursunuz, ona görə də yazırsınız....
Osmanlı, İran vəzirlərini görübsünüzmu? Onların barəsində bir əhvalat
oxuyubsunuzmu? Tutalım Osmanlı vəzirlərinin barəsində hərdənbir əcnəbi
qəzetlərində əhvalat olur. Yainki Misirdən və qeyri yerlərdən gələn qəzetlərdə
bir para əhvalat olur. Lakin İran vəzirlərinin barəsində bir əhvalat bilməyib
yazmağınıza təəccüb ediriz!
Bu biçarələr "haçan bir iş gördülər ki, əməllərində, fellərində nöqsan görüb
də onları bəzəməyə ixtiyarınız ola? Bizim əqidəmizə, bunlardan "məzlum",
"fəqir", bunlardan ziyadə millətini, vətənini sevən vəzirlər heç məmləkətdə
tapılmaz. Bir yaxşı fikir ediniz: bu vaxtadək cəmi Avropada bir vəzir
tapmazsınız ki, "səyahət"in vətənə və millətə gətirdiyi mənfəəti dürüst anlasın.
Özləri hər il səyahətə çıxırlar. Bu heç! Bir millətə fikir veriniz, bir yer
taparsınızmı oraya iranlı "səyahət" etməsin!.... Bu milləti öz ixtiyarına
qoysaydılar, vətənindən bir ağac kənara çıxmaz idi. Çıxmayan surətdə nə
hürriyyət sözünü eşidərdi və nə də onun ləzzətini anlardı....
"Biçarə" vəzirlər bunu çoxdan anlayıblar. Ona görə milləti vətəndən
dağıtmağa həmişə ciddü-cəhd ediblər. Bunların belə gözəl "politikasını" Kitay
vəzirləri düşünsə idilər, bu vaxtadək millətini dörd divarın içində
saxlamazdılar....
Xeyr, İran vəzirlərinin fikirləri, onların "politikası" bir qeyri "dəstgahdır". Bu
"politika"nı anlamaq üçün "astralogiya"--elmi-nücum oxumalı. Kimdir sizin
mədəniyyətli Avropada bu elmi bilən, oxuyan? Xeyr əfəndim, əsilsöz budur:
yazırsınız, gördüyümüz, eşitdiyimiz şeylərin barəsində yazınız. Burada oturub
Bağdaddan dəm vurmağımızın mənasını anlamıram, həmçinin anlamıram:
filankəs filan işi görməyir, filan da filana xeyir verməyir. Filan aclara baxmayır.
Bu sözlərdən mənə nə mənfəət? Siz gələcək üçün çalışırsınız.
Gələcəyin öz sahibi var. Nə məsləhət olsa, özü bilir. Bizim nə işimiz! Və bir
də kim bilir, gələcəyə kim qalacaq, kim qalmayacaq?! Siz ağzınızı açanda
söyləyirsiniz: biz millət, vətən üçün çalışırız. Biz insaniyyətə qulluq ediriz.
Buyurunuz əfəndim, biz millətdən deyilikmi? Biz də insanız, ya? Biz də həmin
vətənin oğullarından hesab olunmuruqmu? Belə isə haçan bizim də dərdimizə
qaldınız, haçan gündən-günə zəiflənən bədənimizə bir əlac tapdınız? Tibb elmini
oxuyub da cavanları müalicə etməyi bacardığınız kimi, onu bizim küpəgirən qarı
nənələr də bacarırlar. Əlinizə bizim kimi solmuş, qocalmış, vaxtı keçmiş adamlar
düşəndə deyirsiniz: bədən zəifdir, azara tab etməyəcəkdir.... Sizin günləriniz
sayılıbdır....
Belə sözlər ilə bizə təsəlli verirsiniz? Yox, yazanlarda insaf olsa, min dəfə
cavanlardan yazanda bir dəfə də biz qocalardan yazarlar. Əlinə qələm alan yazır:
mən filan hacıdan, filan dünya işlərindən ötrü pul istədim, vermədi.... Daha
deməyir ki, dünyanın filan ləzzətini mən indi görməyirəm, ondan ötrü mən niyə
pul verim? Sən bir şey et ki, mən "yenə" də haman ləzzətləri hiss edim, keçən
kefləri görüm, onda, əlbəttə, mən də özümü bu dünyadan hesab edib onun
işlərinə qarışaram, nerədə kömək etmək lazım isə edərəm. Yoxsa, "hacı, filan
uşağa kömək etmək lazımdır: oxuyub gələcəkdə millətə kömək edəcəkdir"
sözləri ilə bizi tora salmaq olmaz. Gələcəkdə kömək edəcək! Cəhənnəmə
edəcək! Mənə nə mənfəət? Heç kömək etməsin.
Eşidirsiniz, əfəndim! Bu təsəvvürdə olan qarelərimiz də var. Bunlar üçün də
bir şey yazmaq lazım gəlir. Qəzet ümumi milli hesab olanda bunlar da millətin
hissəsi hesab olunurlar. Gərəkdir bunların da dərdlərinə əlac aramaq. Bunlara da
"nicat" yolu tapmaq. İstədikləri nədir? Bunlar keçmişdən dəm vururlar. Keçmişi
qaytarmaq istəyirlər.... "Keçmişdə gördüyümüz ləzzətləri bizə versəniz, sizin
hal-hazırda mübtəla olduğunuz qəmlərin rəfinə çalışacağız" deyirlər, pul ilə
olursa milyonlar sərf etməyə hazırız: ancaq cavanlığı, cavanlığı qaytarınız....
Əcəba!!!
Təəccüb etməyiniz, əfəndim! İstəməyə haqları var. Cavanlıqda pul
qazanmağa məşğul olublar: layiqincə kef etməyiblər! İndi pul zibil kimi, fəqət
həvəs yox. Qüvvət gedib. Bədən gün-gündən zəifləşir.... "Ay keçən günə gün
çatmaz calasan günü-günə!".
Bu barədə mən çox kitablara baxdım, jurnallara diqqət etdim. Hətta Bakı
kimi milyonçu şəhəri buraxıb Parisdə oturub cavanlaşmağa çarə arayan
Meçnikova müraciət etdim. Axırda arzuma çatdım.
Jurnalların birində "Cavanlaşmağa çarə" ünvanlı bir ləzzətli hekayə tapdım.
İndi mən söyləyirəm:
Frəngistan şəhərlərinin birində Markiz Molankinnam, pək zor dövlətli,
zəngin, qoca, sərkeş bədəninin günbəgün zəifləşməsini hiss edərkən fikir edirdi:
"Ah, nə olardı dövlətimin yarısını alıb da mənə cavanlığımı qaytaraydılar!" Bu
fikirdə olarkən bir gün qəzetdə oxuyur: "Məşhur professor Kroun Bekar cavan
olmağın əlacını tapıbdır". Bu xəbər Markizə böyük şadlıq gətirdi. Axırda
məqsuduma çatdım deyib də haman professorun yanına getməyə hazırlaşdı.
Markiz hazırlaşarkən keçən günləri yadına saldı: nə gözəl günlər, nə xoşbəxt
saatlar. Yenə ey günlər, ey saatlar, siz mənim ilə yoldaş, dəmgüzar olacaqsınız.
Markiz bu fikirləri başında dolandırarkən professorun qapısına çatdı, zəngi
vurub otağa daxil oldu. Bir azdan sonra professor gəlib sordu:
"Nə buyurursunuz, əfəndim?"
"Mən eşitdim ki, siz, cənab professor, cavanlaşmağa əlac tapıbsınız.
Doğrumu, əfəndim?"
"Qaç sinnindəsiniz?"
"Mənim sinnim altmışdan bir az çox olar, əfəndim. Lakin cavanlığımı çox
yaman keçirtmişəm. Gecələri gündüz etmişəm...."
"Zərər yoxdur, əfəndim!" Bu sinnində insanın bədəni hələ dərman qəbul edər.
Bu vaxtda bədənin əsil təzələnmək vaxtıdır. Mən sizə kömək edəcəyəm,
buyurunuz mənim ilə.
Markiz şadlığından az qaldı ağlasın. Bunlar professorun iş otağına getdilər.
Markiz professorda bir müqəddəslik görüb də onun ətəyindən öpmək istəyirdi....
Professor bir balaca şişə götürüb dedi:
"Görürsünüzmü, əfəndim! Bu şişədən bir hissə dərya dovşanının qanından
götürüb it küçüyünün qanının bir hissəsi ilə qarışdıracağam."
"Əfəndim, hərgah sizin üçün təfavüt yox isə, təvəqqe edirəm dərya
dovşanının qanından çox götürəsiniz. Mən xahiş edirəm."
"Zərər yoxdur, əfəndim. İstədiyiniz kimi edərəm." Bu sözlərdən sonra
professor qanları qarışdırıb dedi:
"Görürsünüzmü əfəndim, nə gözəl rəngdə maye bir dərman oldu!"
"Bəli, çox gözəl! Adam içmək istəyir!"
"İçsəniz bu dərmanın əsərini görməzsiniz. Bunu indi mən əlimdəki iynə ilə
qanınıza gərəkdir vuram. Bir santimetr mükəəb olsa kifayət edər."
"Nə söyləyirsiniz, əfəndim! Bir santimetr! Siz yoxca istehza ilə
buyurursunuz?" Xeyr, əfəndim, nə qədər artıq olsa, yaxşıdır.
Mən kəndi bədənimi bilirəm, qüvvətim çox azdır. Artırınız, əfəndim,
artırınız!
"Böylə olan surətdə bir hissə də artıracağam."
"Xeyr, əfəndim, bir hissə azdır, mən bədənimi yaxşı bilirəm. Təvəqqe edirəm
yeddi santimetrədək bu dərmandan mənim bədənimə daxil edəsiniz."
"Vay, mən onsuz da dərmanın qədərini artırmışdım. İndi siz yeddi santimetr
istəyirsiniz, qorxmayırsınızmı?"
"Xeyr, əfəndim, nə qədər çox olsa o qədər yaxşı deyilmi? Bəlkə tez
cavanlaşam."
Professor bir söz söyləməyib altı santimetr qədərində haman dərmandan
Markizin bədəninə iynə ilə daxil edib dedi:
"Sabah bədəninizdə hərarət hiss olunacaqdır və getdikcə yavaş-yavaş
cavanlaşacaqsınız...."
Markiz çox razılıq edib getdi. Sabahı yuxudan oyanıb pəncərəni açdı, çünki
bir az isti idi. Sonra qüvvətini sınamaq üçün bir stolu (masanı) əli ilə götürdü.
Gördü həqiqət, gücü artıbdır. Ondan sonra əlinə qələm aldı. Bir ay bundan
müqəddəm fikrindəki şeyi qələmə gətirə bilməyirdi. İndi haman fikrini bir neçə
saatın ərzində yazıb tamam etdi.... Nahar vaxtı araya gəldi. Markiz qeyri
xörəklərə baxmayıb qarnını yemişlər ilə doldurdu.... Bir neçə gün paltarını
düzəldir idi. Cavana layiq paltarlar alır idi. Çox vaxt aynanın qabağında durub da
özünə, paltarına sığal verir idi. Evdən çıxanda yerişini cavanların yerişinə
oxşadır idi.... Dükanlardan yemiş alıb yolda gedə-gedə yeyir idi. Markiz
qocalıqda bir cavan Liliya adlı qıza məhəbbət bağlamış idi. Ancaq qocalığına
görə cürət edib izhari-məhəbbət edə bilməyir idi.
İndi haman yar yadına düşüb. Gedir ki, vüsali-canana nail olsun. Qızın
qapısına gəlir. Bunun müqabilinə qızın qulluqçusu çıxır. Qulluqçu:--Nə
istəyirsiniz?--deyə sorur. Markiz özünü nəinki cavan, hətta balaca bir tifil
dərəcəsində cavanlaşmış hesab etdiyindən qulluqçuya deyir ki: --Mən Liliya xalamı istəyirəm.... Mənə oynamaq üçün
oyuncaqlar verəcəkdir. Mənim xalamı çağırınız. Tez-tez! Oynamağımın vaxtı
keçir....
Bu sözləri deyib Markiz uşaq kimi burnunu qurdalayır.... Qulluqçu bunu
görüb də qəh-qəh edir....
"Gediniz, əfəndim! Mənim xanımımın uşaqlar ilə işi yoxdur. Gediniz,
inşaallah böyük adam olanda gələrsiniz....
Markiz bu sözləri eşidib dedi:
"Yaxşı, mən göstərərəm. Gedib anama şikayət edəcəyəm...."
Markiz bu sözləri deyib küçəyə çıxdı, ətrafına baxıb ucadan ağladı. Balaca
bir uşaq kimi yolunu guya itirib bilməyirdi nerəyə getsin. Qorodovoy bunu görüb
sordu:
"Nerədə olursan, balaca uşaq?" Markiz cavab verir:
"Baba! Mama! Qağa! Lulu!"
"Ah, biçarə, sahibsiz uşaqlar! Nə səbəbə "bunları" küçəyə qoyurlar...."Bu
sözləri qorodovoy fikrindən keçirirkən balaca Markizin əlindən tutub polisiyə
apardı....
Cavanlaşmağa həvəsləri olan qoca qarelərimiz bu hekayənin nəticəsini
bilmək istəyirdilərsə, rica edirəm ki, bir az səbir və təhəmmül göstərib gələcək
həftəyə qədər gözləsinlər!....
"Ah, biçarə, sahibsiz uşaqlar! Nə səbəbə "bunları" küçəyə qoyurlar?...." Bu
sözləri qorodovoy fikrindən keçirərkən, "balaca" Markizin əlindən tutub polisiyə
apardı.... Keçən felyetonu bu sözlərlə qurtardım. Cavanlaşmaq həvəsi olan qoca
qarelərimizdən təvəqqe etdim ki, hekayənin nəticəsini bilmək istəyənlər bir az
səbir etsinlər.
İştə siz də səbir ediniz. İndi cavanlaşmış Markizin başına nə gəlməyini
bilmək istəyirsiniz.... Ah, qoca əfəndim! Nə söyləyim, özünüz bir yaxşı fikir
ediniz.... Altmış-yetmiş sinnində qoca kişi bu gün gözünüzün qabağında küçəyə
çıxa, "Mən Liliya xalamın yanına oyuncaq almağa gedirəm. Məni sən incitmə,
yoxsa gedib anamaşikayət edərəm. Mən yolumu itirmişəm", deyib küçənin
ortasında ağlaya-ağlaya: "Mama, Papa, Qağa, Lulu!" deyə, belə bir qoca kişiyə
siz nə tövr baxacaqsınız?
Divanə deyib də ondan qaçacaqsınız, beləmi, əfəndim? Lakin qorodovoy
haman "tifil" qoca qeyrilərinə əziyyət yetirməsin deyə əlindən tutub polisiyə
aparacaqdır.Polisə isə Ermənikəndində olan azarxanaya göndərəcəkdir....
"Ah, qoca əfəndim, dərdinizə əlac tapılmayır. Cavan olmaq çox istəyirsiniz,
lakin mümkün deyil, əfəndim!"
"Gər qara daşı qızıl qan ilə əlvan edəsən
Rəngi təğyir tapıb, ləli-bədəxşan olmaz".
Solmuş gülü diriltməkmi olar? Köksüz ağacı becərməkmi olar? Yox,
əfəndim, bu məsələlərdə dəhrə ilə müharibəyə çıxmaq olmaz.... Sizin üçün
keçən günlər vaqiə olacaqdır. Bir də o günləri görməyəcəksiniz.... Gördükləriniz
kefləri edə bilməyəcəksiniz....
Cavanlaşmağa həvəsiniz çox da artıq olsa, Markizin gününə düşəcəksiniz....
Yox, zəngin qoca əfəndim! Bu "xəyal-plovdan" əlinizi üzünüz. Bir qeyri
fikirdə bulunmağınızı rica ediriz. Gedən günlərdən heyfsilənməmək. Cavan
olmaqdan muradınız nədir? Tutalım ki, indi cavan oldunuz. Cavan olub da
həmişə bu cavanlıqda qalmaq istəyəsiniz! Beləmi? Yəni həmişə baqi qalmaq
istəyəcəksiniz.... Bədəniniz ləzzət çəkmək istəyəcəkdir. Fəqət, görürsünüz, bədən
rüzgarın sədəmələrinə davam etməyir. Puç olur; hamanləzzət çəkən bədən axırda
həşərata nəsib olur. Bir yaxşı fikir ediniz! Nə aləmdir! Dünən qu tükü balışda
bəslənən bədən indi qara torpaqda yatır.... Dünən cəmi dünyanı kəndi ixtiyarına
almaq istəyən bədən indi üç arşın bezə kifayət edir, dünən əlvan parçalar, qızılgümüş,
qaş-daş ilə bəzənən bədən indi üç arşın bezə bürünmüş, dünən ən
heybətli heyvanları əlində qul edən bədən, indi özü balaca qurdlara yem olmuş!
Dünən nazü-niyaz ilə bəslənən, uğrunda malü-mülk, din və iman, millət,
insaniyyət fəda edilən bədən, bu gün bir hala gəlmiş ki, əl sürtməkdən
çəkinirsən, iyrənirsən!.... Əlin dəysə, gərək bir neçə dəfə sabun ilə yuyub
təmizləyəsən!....
Bundan daha fəna, mənasız şey olarmı? Birdəmi başınızdakı yüz min qara
yazıları, yüz min fikirləri diriltmək istəyirsiniz? Yenədəmi kəndinizi yüz min
dərə-təpələrə, yüz min quyulara, girdablara, açılmaz düyümlərə, rüzgarın yüz
min oxlarına mübtəla etmək istəyirsiniz? Yenədəmi gündə min dəfə nəfsinizi
satmağa, pərvanə kimi odlara yandırmağa, saatda dəfəat ilə ölüb-dirilməyə, tək
bir nəfs üçün min nəfsi puç etməyə, vicdanınıza minlərcə ləkə salmağa
çalışırsınız?!.... Bundan, bundan ötrümü cavanlaşmaq istəyirsiniz? Yoxsa bir
"ali" fikirdən ötpü. Yoxca sizə peşmanlıq üz verir?
Həyatınızın axırda puç olmağını, özünüzdən sonra bir nişangah qalmamağını,
adınızın bilmərrə pozulmağını indi düşünüb də səhvinizi düzəltmək istəyirsiniz?
Fəqət nə ilə? Nəyin vasitəsilə? Paraxodlara malik olmaqlamı, zavodlar, saraylar,
kaşanələr bina etməkləmi? Ya əllərindən miras yeməkdən başqa bir şey gəlməz
övladları tərk etməkləmi adınızı baqi qoymaq istəyirsiniz? Bir oğul ki, onun
səbəbinə qumarxanalarda, qəstinlərdə, meyxanalarda qatillər, mütriblər,
"məşhur" arvadlar məclislərində adınız çəkiləcəkdir! Bundan ötrümü "novruzu"
geri qaytarmaq istəyirsiniz? Bundan ötrümü həyatınızı təzələməyə ciddü-cəhd
edirsiniz? Ah, biçarə zəngin qocalar!
Markizlər! Bu murad ilə "təzədən dünyaya gəlmək" istəyirsiniz isə,
istəməyiniz! Bir bədən ləzzətindən, məxsusi nəfsinizdən ötrü isə vay sizin
halınıza! Bədənin yoldaşı ruhu bilmərrə unudursunuzmu? Unutmayırsınız isə,
ruhunuza yem aramaq istəyirsinizsə cavanlaşmağa ehtiyacınız yoxdur, əfəndim!
Bədəninizin puç olmağına bir gün, bir saat qalmış da ruhunuza ləzzət verə
bilərsiniz. Adınızı dillərdə baqi qoyarsınız, yetmiş ilin ərzində etdiyiniz xətaları
düzəldərsiniz,.... Vasitəmi soruşursunuz?
Vasitə çoxdur, əfəndim! Lakin sizə, əqidənizə, sinninizə münasib vasitə
söyləməyəcəyiz. Sizə deməyəcəyiz: bir qız məktəbi açınız, millətə tərbiyəli,
məlumatlı qızlar, analar hazırlayınız, çünki uşaqlarımızın tərbiyəsizliyindən
atalarımız, analarımız qanlı yaşlar tökürlər. Onların tərbiyəsizliyindən əcnəbilərə
gülünc olmuşuq.... Sizə deməyəcəyiz: darülfünunlar açınız. Çünki ümumi vətən,
millət işlərində elmsizlik bizi ayaq altına verir. Sevdiyiniz din-məzhəb hamisiz
qalır.... Sizə deməyəcəyiz: hal-hazırda hürriyyətə çalışınız, hürriyyətpərəstləri
dost tutunuz, onlara kömək ediniz, çünki onlardır əsil insaniyyətə yol açanlar,
onlardır millətləri, məzhəbləri, bir-birlərinə yavıqlaşdıranlar. Onlardır fəqirlərin,
kasıbların pərəstarı, onlardır möhürlü ağızları açanlar, paslanmış ağıllara seyqəl
verənlər, ixtiyarsızlara ixtiyar verənlər, qulları azad edənlər, ədaləti meydana
gətirib zülmü puç edənlər. Bunlardır yüz illər ilə gizli-gizli bizə quyu qazanları
indi aşkar edənlər. Kor gözlərimizi açanlar, kar qulaqlarımızı dələnlər.
Dərdlərimizi göstərənlər. Fəryadımızı eşidənlər....
Yox, əfəndim! Bu barədə də söyləməyəcəyiz. Vaxtınız keçibdir.... Həmçinin
söyləməyəcəyiz: yetim, oxuyan uşaqlara kömək ediniz. Darülfünunlarda həftələr
ilə ac qalan tələbələrə rəhm ediniz, çünki gələcəkdə bunlardır qələm müharibəsində qabaqda durub düşmənə cavab
verənlər, bunlardır dininizə, dilinizə böhtan deyənlərin kizblərini üzlərinə
vuranlar, bunlardır millətə, vətənə dair məsələlərinizi layiqincə həll edib asana
çıxaranlar.... Yox, bunu da sizdən tələb etməyəcəyiz: bu məsələ də cüzidir.
İstədiyiniz "şan və şövkəti" bununla qazana bilməyəcəksiniz.... Bir ya iki yetim,
fəqir uşağı oxutmaq ilə istədiyiniz "adı" qazana bilməyəcəksiniz, fikir edirsiniz:
biz filan uşağı oxutduq, qurtardı. Onun alnında yazılmayıbdır ki, bunu filan hacı,
filan tacir oxudubdur. Bir dəfə qəzetdə yazmaq ilə bizə kifayət etməyir....
Habeləmi əfəndim?! Belədirsə, həmişəlik yetimlər üçün bir məktəb açınız,
aldığınız prosentlərin cüzi bir hissəsini bu xeyir işə vəqf ediniz, bir uşaq yox,
minlərcə uşaqları xoşbəxt ediniz. Minlərcə ata-analarımızı qazamatların, sudların
qapılarından çəkindiriniz, saldatların ürəyə dağ çəkən sözlərindən xilas ediniz....
Həm həyatınızda, həm həyatınız puç olandan sonra adınız söylənəcəkdir.
Ruhunuz təzə qalıb cavanlaşacaqdır.... Siz bina etdiyiniz məktəbdən tərbiyə alıb
qurtaran uşaqlardan xeyirli işlərin, yaxşı əməllərin sadir olduğunu atalarımız,
analarımız gördükcə sizləri yada salıb rəhmət oxuyacaqlar....
Bəlkə bu xeyir iş də sizin ürəyinizdə yer tapmayır. Ağlınız, əqidəniz ilə
sağdış etməyir. Fikir edirsiniz: elm dünya üçündür, doğru, məktəbin həmişəliyi
məni, adımı baqi qoyacaqdır, lakin orada oxuyan uşaqlar elm təhsil edib kəndi
dünya mənfəətləri üçün çalışacaqdır. Dünya elmlərini oxuyub, kim bilir nə
əqidədə olacaqdır?.... Mənim axirətimə nə mənfəət?
Böylə isə, buyurunuz, əfəndim! Bir nicat yolu da göstərmək istəyiriz: siz
dininizi, məzhəbinizi sevənlərdənsiniz.... İnsan qocalanda dinpərəst olar....
Cavanlıqda buraxdığı namazları qəza qılar, yediyi orucları tutar. Dininizə rövnəq
vermək istəyirsiniz.... Dinə rövnəq verənləri dost tutursunuz.... Belə isə
ruhanilər üçün bir məktəb açmağınızı gözləyiriz. Oxuyursunuz, görürsünüz: halhazırda
ruhanilərimiz zəmanənin təqazasına hazır deyillər. Xətaları, səhvləri çox,
məlumatları az. Qeyrətləri var isə də "əllərində olan yaraq" koşdur, kəsmir ....
İndi bunlar üçün bir məktəb, duxovnı seminariya açıb zəmanənin təqazası ilə
tərbiyə verməyə, elm kəsb etdirməyə sözunüz nədir? Bunlar dininizə rövnəq
verən deyillərmi? Axirətinizə dair məsələləri həll edən bunlar deyillərmi?
Xeyrinizdə, şərinizdə,məclislərin başında oturanlar, diri ikən sizə tul ömür istəyənlər, öləndən sonra
namazınızı qılıb rəhmət oxuyanlar bunlar deyilmi? Əcəba! Belə şəxslərə kömək
etməyəndə, belə şəxsləri elmin gücü ilə ucaltmayanda bunların qəlblərinə,
ağılları ilə qüvvət verib dinin rövnəqi üçün bu vaxtadək qəsdən pünhanda
saxlanan nöqtələri, düyümləri açmaq üçün pul xərc etməyəndə nerədə xərc
edəcəksiniz, yoxsa fikir edirsiniz burada oxuyan ruhanilərimiz sizin "ağlınıza"
görə "müqəddəs" ola bilməzlər?....
Ah, zəngin, qoca oxucularım! Başınızı aşağı salıb da nə fikir edirsiniz?
Yoxsa yenə də bir qeyri nicat yolu istəyirsiniz? Nə etmək, mən sizin
qulluğunuzda durmuşam. Bildiyim, anladığım məsələləri araya gətirəcəyəm.
Sizin əqidənizə müvafiq bir nicat yolu da göstərəcəyəm. Lakin söyləmək ilə,
yazmaq ilə ürəyimdə olan şeyi desəm də sizin ürəyinizi yumşalda bilməyəcəyəm.
Gərəkdir sizin əlinizdən tutub bir yerdə seyr edək, qaranlıq, nəmli zirzəmiləri,
padvalları gəzib orada yarımcanları, can verənləri göstərəm: biçarə, sahibsiz, beş
balaca yetim sahibi arvad quru yerdə uzanıb, başının altında balış yerinə əskiüsküdən
toplanmış düyünçə! Qızdırmanın, baş ağrısının hərarətindən balıq kimi
çabalayır; əllərini yerdən-yerə vurub qabıq qoymuş dilini çıxarır. Çatlamış
dodaqlarını sorur.... Amandır, balalarım, bir qaşıq su, su deyib gözlərini
yetimlərə süzdürür. Dilli balalar isə "ana, suyumuz yoxdur" deyib, boyunları
buruq cavab verirlər.... Dilsizlər hərə bir güncdə palçığa bulanmış, aclarından
nalə edirlər.... Yarımcan arvad balalarından utanıb daha su istəməyir. Üzünü əli
ilə tutub gözlərindən qanlı yaşlar tökür.... Sonra əllərini dayaq verib sümükləri
dəridən görünən cəmdəyini yarımqiblə edir.... Bunu görüb də deyəcəksiniz:
allahı sevərsiniz, məni xilas ediniz. "Tamaşa" üçün qeyri padvala, zirzəmiyə
daha getməyirəm.... Nə istəyirsiniz məndən alınız, buraxınız məni.... Mənim
böylə əhvalatları görməyə ürəyim yoxdur. Bu danışıqda qeyri zirzəmidən yenə
də "Çörək! Su!" sədası gəlir....
Ah, qoca, zəngin qardaş, imarətinizə, xalılar ilə döşənmiş otağınıza,
tövrbətövr xörəklər ilə zinət tapmış süfrənizə, xörəkdən sonra iskəncəbi ilə buzlu
su içməyə və sonra qəlyan xoruldadıb qu tükü balışlarda rahat olmağa nə tez
qaçırsınız? Hələ belə zirzəmilərdə can verənlərin mindən birini görüb ürəyiniz
xarab oldu. Hamısını görsəydiniz Markiz kimi qorodovoya nəsib olardınız....
İndi yenədəmi bir söz tapacaqsınız? Yenədəmi qan ilə dolmuş ürəyinizi daş etmək istəyəcəksiniz? Yenədəmi bir səbəb tapıb qeyri nicat yolu arayacaqsınız?
Araya-araya nicat yolu tapmayıb o dünyaya köçməyinizdən qorxuram.
Yox, əfəndim, vaxtı fövt etməyəcəyiz. Susuzluqdan dodaqları çatlayanlara,
yüngül mərəzə mübtəla olmuş, yersizlikdən, quru çörəksizlikdən, vaxtsız ölüb
yetimləri başaçıq, ayaqyalın küçələrə salanlara bir xəstəxana, bir darülxeyrat
təamxanası bina etməkdən baş qaçırdıb da, yenədəmi "millət", "insaniyyət"
sözlərini ağzınıza alıb çeynəyəcəksiniz?
İştə bu sözlər də sizin əqidəniz ilə düz gəlməsə, eşitdiyiniz əhvalat daş olan
ürəyinizi yumşaltmasa, mən də sizin barənizdə daha bir də felyeton
yazmayacağam. Buna siz şad olursunuz. Fikir edirsiniz: "Bizim də istədiyimiz
budurki, bizi rahat qoyasınız, bizim barəmizdə heç bir şey yazmayasınız".
Biz sizi rahat qoyduq.... Əcəba! Vicdanınız sizi rahat qoyacaqmı?