Keçən həftə "atalar sözü" barəsində söhbət edib də "artıq tamah baş yarar"
məsəlini buraxmışdım. Buraxmağımın səbəbi "tamah" sözünü yaxşı
anlamamağım olubdur. Açıq söyləməli: bu vaxtadək mən elə bilirdim ki, "tamah", "xəsislik" və "qənaət" bir mənalı sözdürlər. İndi
bilənlərdən sordum: mənə bəyan etdilər....
Mən fikir edirdim ki, bu sözlər bir-birini doğurur: məsələn, qənaət xəsislik,
xəsislik tamah doğurur.... İndi anladım ki, hamısını bir mənada işlətmək olmaz
və bir-birini heç vaxt doğurmur. Bundan müqəddəm "mən" kəndi hərəkətlərimə
diqqət edib də fikir edirdim məndə hər cür sifət var: mən özümü qənaətkar bilib
də deyirdim: bu sifət məndə artarsa, mən xəsis olaram, xəsislik sifəti artarsa,
tamahkar olaram.... İndi görünür ki, mən səhv anlayırmışam: məndə ancaq
qənaətlik sifəti var imiş. Qeyri yaman sifətlər yoxmuş.... Mən çox şad oldum.
Bundan sonra heç kəsin ixtiyarı yoxdur mənə tamahkar desin. Həqiqət, bir diqqət
ediniz: görünüz, məndə bu yaman sifətlərdən taparsınızmı; məsələn: "mənim
evimdə məriz var, qış vaxtı könlünə qovun düşübdür! Qış vaxtı qovunun biri iki
manat! Mən bazara gedib qovun almaq istəyirəm. Bir qovuna iki manat tələb
edirlər! Yox, "mən" iki manat qovuna vermək istəmirəm, bahadır. Bazarı
başdan-ayağadək gəzirəm, ucuz qiymətə almaq istəyirəm. Axırda bir dükanda bir
"balaca" əzilmiş qovunu 50 qəpiyə alıram. Qovun bir balaca "əzilmiş" olursa, nə
eybi var? Məriz hamısını yeməyəcəkdir ki, bir dilim yedi bəsdir. Dilim də
olmasa bir qanc olar ki, tamamdır.
Ya xeyr, haman mərizə aptekxanadan tələsik dərman aparmaq lazımdır.
Mərizə dərman çox lazımdır. Evə faytonla getmək lazım gəlir. İndi nerəyə
baxarsınız fayton rezinli olubdur. Bunlar da qanunla 20 qəpik verəndə
donquldanırlar. Həmi 20 qəpik verim. Həmi donquldansın! Xeyr, mən rezinli
faytona minmirəm, rezinsiz arayıram. Axırda, tapıb soruram: filan küçəyə neçəyə
aparacaqsan? "Özünüzə məlumdur Hacı" deyib də səni dəvət edir. Yox oğlum,
doğru mənə məlumdur: qanunla 20 qəpikdir, lakin 20 qəpik versəm rezinli
faytona minərəm.... Səninki rezinsizdir. Ona görə 15 qəpik verərəm. Görürsən,
faytonçu razı oldu....
İndi buyurunuz görək, "mən" üç sifətdən hankına layiqəm. Mənə xəsis,
yainki tamahkar demək olarmı? Xeyr, əfəndim! Heç vaxt bu yaman sifətləri
mənə calamağa ixtiyarınız yoxdur. Tamahkar o adama deyərlər ki, bir şey
özündə bol-bol olduğu halda, haman şeyi qeyrisində görəndə onu da öz əlinə
keçirtməyə ciddü-cəhd etsin. Xəsis o adama deyərlər ki, paranı para üstə qoyub
da insana ən lazım olan şeylərdən kəndisini məhrum etsin.... Buyurunuz,
əfəndim: mən kimin şeyini əlindən aldım? Ya hankı şeydən kəndimi məhrum
etdim?
Mənim anladığıma mənə ancaq qənaətli demək olar ... məndən olsa konkaya
minəndə danışmaq lazımdır. Məsələn: insafdırmı ki, vağzaldan Bayılova bir şahı,
birja olan yerdən qubernatorun evinədək də bir şahı? Çox da mən milyonçuyam!
Çox da mənim alış-verişim qubernator ilədir!.... Çox da mənim yoldaşlarım
"əbəs" yerə milyonlar xərc edirlər ... belə hərəkətə siz nə ad qoyursunuz? Məni
siz tamahkarmı hesab edirsiniz, yainki qənaətli? Əlbəttə, qənaətli! Qənaət
lazımdır. İnsan gərək son gününün fikrində olsun, "mən" oğul-uşaq sahibiyəm,
nəvəm, nəticəm olacaqdır. Bəlkə oğlanlarım arvad "çox" aldılar "Çoxarvadlıların
uşaqları da çox olar!.... Mən qoyduğum mal və dövlət bəs etməsə "biçarə"
nəvələrim, nəticələrim nə edəcəklər? Qasım yerinə Mixayil, Səkinə yerinə Marfa
meydana gəlirsə, mən o dünyada nə cavab verəcəyəm.... Yox, əfəndim, siz nə
istəyirsiniz söyləyiniz, lakin "mən" anladığım böylədir, qənaət, qənaət etmək!
Hər kəs də "qənaət" sözünü "tamah" sözüilə qarışdırsa, yəqin ki, cənab
Nemətulla əfəndinin "lüğətindən" xəbərdar deyil. Həqiqət, hər bir "lüğətə"
baxmalıyız. Xüsusən bizim ədiblərə bu vacibdir. Bunlar kitablar, məqalələr
yazırlar. Xalqı düz yola dəvət edirlər. Lakin kəndiləri düz yoldan kənar olurlar.
Oxuyanlara deyirlər: tənbəl olmayınız, işləyiniz, özləri isə tənbəllik edib
"Nemətulla" əfəndinin "lüğətinə" heç baxmırlar ki, "tamah" ilə "qənaət" sözünə
fərq qoysunlar. Haman tənbəllərdən biri də mənim çox yavuq rəfiqim,
"Tamahkar" komediyasını yazan S.A.-dır. Çox da rəfiqimdir, çox da millət
yolunda işləyən qeyrətli cavanlarımızdandır! Mən haqq sözü gizlədəcəyəmmi? Yox, əfəndim, istər
rəfiqim məndən rəncidə olsun, istər olmasın mən tutduğum iradı açıq
söyləyəcəyəm. Rəfiqim bir gözəl komediya inşa edib gözəl dil ilə, gözəl məqsud
ilə! Lakin rəfiqimiz bircə "səhv" etməklə kəndi inşasını korlayıbdır. "Səhv" beşaltı
olsa idi, sözümüz olmazdı, çünki komediyalarımızda səhvlər çoxdur. Kimdir
onlara diqqət edən, qulaq verən?.... Lakin bircə səhv ilə komediyanı korlamaq
insafdan kənar işdir. Xeyr, görünür, rəfiqimizin meydana gətirdiyi "Hacı Murad"
ilə ədavəti var imiş! Xülasə, nə isə, biçarə Hacı Muradı "nahaq yerə" biabır
(biabru) edibdir, ona "qənaətli" deyəcəkmiş, "tamahkar" deyibdir! Böylədə
böyük "səhv" olarmı? Tutalım ki, Hacı Murad əfəndi ilə qərəziniz var idi, biz
tamaşaçılar nə günahın sahibiyiz: nə səbəbə "qənaət" yerinə "tamahkar" sözünü
bizə təlim edirsiniz?
Yox, əfəndim, Hacı Murad sizi suda çəkməsə də, mən çəkəcəyəm; qoy
oxuyanlar bizim mirovaylarımız olsunlar, görək kimin sözü haqdır: bəli, biçarə Hacı Murad bir yetimin pulunu alət edib dövlət sahibi olubdur; yetimə isə heç
qulaq asmayır, pula qənaət edir; evindəki qızına həmçinin ... böyük dövləti olub
da "soğan çörək" və "quru balıq" ilə dolanır, yəni qənaət edir. Pulları, qızılları,
qaş-daşları, sandıqlara yığıb gündə neçə dəfə açıb seyr və tamaşasından ləzzət
alır; hər açanda sandığa gərəkdir bir şey artırsın. Oradan götürməyə ixtiyarı
yoxdur. Çünki qənaət edir. Hacı Muradın bacısı yaman gündə şəhərə gəlib
qardaşından kömək istəyib deyir: qardaş, sən razı olma ki, iki yüz manatdan ötrü
sabah sənin bacının paltarları bazarlarda satılsın. Hacı Murad bacısına rəhm
etmir, biçarə arvad gözləri yaşlı, ürəyi dağlı, kor-peşiman kəndə qayıdır,
bacısının paltarları bazarlarda satılacaq, satılmayacaq, uşaqları acından
qırılacaq, qırılmayacaq, böylə işlər ilə Hacının işi yoxdur. Hacının borcu o idi ki,
sandıqdan iki yüz manat çıxmasın, çünki qənaət lazım idi. Qızını sevdiyi adama
verməyib bir qoca, zəngin mülkədara verir, çünki haman mülkədara pul
borcludur! Qızını verir ki, kürəkəni borcdan keçsin, sandıqdan pul çıxartmasın,
çünki qənaət etmək lazımdır.... Nökərini 7 il işlədib haqq vermir,qovluyur, çünki
pul versə yığdığı pul əksilər, amma qənaət gərəkdir olsun. Bəli, axırda evi viran
olur.... Qız sevdiyi oğlan ilə qaçır.... Pul da oğrulara nəsib olur, çünki qənaət
edirdi....
İndi bir yaxşı fikir ediniz, bu Hacı əfəndiyə xəsis və ya tamahkar demək
olarmı? Xeyr, əfəndim! Qənaətli biz deyəriz, inanmırsınız, buyurunuz, bu
sifətləri təkrar edə-edə Naberejninin bu başından o başınadək gediniz, sorunuz,
böylə bir Hacıya nə ad qoymaq olar "tamahkarmı", ya "qənaətlimi?" Mən özüm
şahidəm: bu komediya oynandıqda, zənginlərimiz Hacının "gözəl" sifətlərini
görəndə "pay atonla", belə də tamahkar olarmı? ... deyib çox təəccüb edirdilər.
Haman saatda gəlib təvəqqe ediniz, filan ağa! Bir yetim var, küçədə qalıb
acından ölür, yainki ümumi millətin xeyrindən ötrü pul yığmaq lazımdır, deyir
ki, üstümdə xırda pul yoxdur, yüzlükdür. Hər saatda başını pozmaq olmur....
Qənaət etmək lazımdır. Xülasə, hər kimdən istəyirsiniz sorunuz, heç kəs deməz
ki, bu sifətlər "tamahkar" sifətidir.... Böylə olan surətdə rəfiqimizdən təvəqqe
olunur ki, haman komediyanı "burada" oynayanda adını "qənaətli" qoysun.
Qeyri yerdə oynayanda "tamahkar" qoysun ... bizdə "tamahkar" yoxdur, əfəndim,
nə etmək? Güc ilə tamahkar Hacı yaratmaq olmaz ki, siz qərəz ilə bizim
zavodçulara da, paraxodçulara da "xəsis" adı qoyacaqsınız. Ondan ötrü ki, yersiz
cavanlarımıza qulluq vermirlər....
İndi ona qədər darülfünunlarda oxuyan müsəlman tələbələri Bakıda
sakindirlər. Bu şəhəri himmətli, həmiyyətli bilib gəliblər. Fikir ediblər ki, Bakıda
müsəlmanlar ayılıblar, millət dərdinə qalırlar. Bu fikir ilə gəlib indi neçə aydır
işsiz-gücsüz oturublar. Hər kəsə deyirlər, cavab alırlar: kasadlıqdır əfəndim, iş
yoxdur, qənaət etmək lazımdır....
Əcəba!
Bizim hər işimiz tərsdir. Qeyri millətlərin cavanları, tələbələri kəndi
adamlarını yaxşı tanıyırlar, xasiyyətlərini bilirlər. Bizimkilər yox. Qeyri millətlər
kəndi tələbələrinə gələcəkdə millət hamisi kimi baxırlar, tələbəlikdə onlara
kömək edir, elmlərini tez tamam etməyə ciddü-cəhd edirlər, bizim tələbələrə
qeyri nəzər ilə baxırlar.... Bunlar, böylə fikir edirlər: bu tələbələr elmlərini
qurtarandan sonra namaz qılmayacaqlar, oruc tutmayacaqlar ... bu əməllər də
olmayanda millətə necə kömək edəcəklər, etməyəndə indi biz niyə kömək
edək?.... Necə ki, gəliblər, elə də kəndi vətənlərinə getsinlər.... Biçarə
tələbələrimiz əlləri boş, boyunları çiyinlərində Bakıdan naümid qayıtmağa
hazırlaşırlar. Gedirsiniz, gediniz, yoldaşlar, bir də Bakı adı gələndə biliniz ki,
Qafqazda belə bir "himmətli, həmiyyətli" şəhər yoxdur. Gedib də düşmənçiliklə
deməyiniz Bakıda tamahkarlar, xəsislər çoxdur. Xeyr əfəndim, belə deyərsiniz
isə biz sizə həməvaxt bərəks cavab verəcəyiz. Çünki bunlara heç vaxt tamahkar,
xəsis demək olmaz; bir şəhərdə ki, Rusiyadan gələn "ac arvadlara" gecədə minlər
xərc olunsun, insafmıdır belə şəhərin adamlarına "tamahkar", "xəsis" deyilsin.
Yox, əfəndim, heç vaxt qərəz ilə iş görməyiniz! Xülasə, demək istəyiriz bizim
şəhərdə tamahkar, ya xəsis tapılmaz, qeyri şəhərlərdə olmağını bilmirəm. Odur,
Qarabağdan "Əhli-kasibeyi-Şişə" şəhadətlik verir ki, orada tamahkarlar tapılır;
məsələn, cənab Hacı Şirin deyirlər çox tamahkar adamdır, oğlunun pullarını,
malını aşırıb heç kəsə də hesab vermək istəmir.... Kim bilsin, bəlkə bu əhvalatı
da qərəzlə yazıblar.... Ya xeyr. Ağdaşdan xəbər verirlər guya Popova tamah güc
gətirib çayına "ağ ağu" qarışdırır.... Böylə olmuş olsa, faytona 15 qəpik verən
dostumuz indi evdə deyir ki, dəxi bizim evdə çay da içmək olmaz, çünki çaydan
ağu çıxır. "Qənaətkar"lar üçün yaxşı səbəb tapıldı....
Mənim təsəvvürümə, hər yazılmış xəbərə inanmaq olmaz. Çox da Qarabağda
Hacı Şirinin barəsində yazırlar, çox da ağdaşlı müxbirimiz Popov çayına ağu
qarışdırır, yazır!
Lakin inanmaqmı!
Bu günədək "biçarə" Stesselə tamahkar adı qoyub tövrlü sözlər yazırlar. Kimi
deyir: "Məzkur bahadır" Port-Arturu satdı, kimi deyir: qoşunun azuqəsi
qurtarmışdı, ona görə Port-Arturu yaponlara "tapşırdı", bunlar hamısı sözdür.
Qərəz ilə yazırlar. "Port-Artur Bahadırı"nı bədnam etmək istəyirlər.... Doğrudur,
yaponlar Port-Arturda bir aylıq azuqə tapdılar, cənab Stesselin on altıya qədər
böyük, ağır sandıqlarını kəndisinə tapşırdılar.... Lakin demək olurmu Port-
Arqurun verilməyinə Stesselin "tamahı" səbəb oldu?.... Kuropatkinin 2 milyon
pulunu eşidib ona da "tamahkar" dedilər.... İndi bizim vəzirlər də
"tamahkardırlar" deyirlər, çünki Dövlət Duması onları qulluqdan kənar etmək
istəyir, onlar istəmirlər və haqları da var. Vətəni başına qoymaq olmaz ki,
Avropanın pulu ilə xəzinəni zəhmət çəkib doldurublar. İndi haman pulu
"yerbəyer" etmək istər, yoxsa yox? Hərgah bu vəzirlər həqiqət tamahkar
olsaydılar, gözlərini haman milyardlara tiksəydilər, yəqin ki, Durnovo, Vitte
İrana getmək istəməzdilər. Halbuki rəfiqimiz "Molla Nəsrəddin" xəbər verir ki,
bu alicənablar İrana təşrif aparacaqlar.... Yay yavuqlaşmağına görə, görünür,
İranın nəqliyyə məsələsini həll edəcəklər.... Bu xəbər doğru isə Durnovonun,
Vittenin düşmənləri söz uyduracaqlar.... Durnovonun, Vittenin İrana
getməklərinin əsil səbəbi İranın vəzirlərindən "tamah" elmini təhsil etməkdir,
deyəcəklər....
Nə zərəri var? Elm nerədə tərəqqi tapmış olsa, oraya təhsilə getmək vacibdir.
İran vəzirləri qeyri elmlərdə zəif olsalar da, "elmi-tamahda" cəmi Avropaya dərs
verərlər, nəinki Durnovo, Vitte kimilərinə.... Hal-hazırda İranda açılan
universitetlərə Avropa professorları dəvət olunacaqlar.... Fəqət İran bir "elmitamah"
darülfünunu açsa, kəndi professorları kifayət edər....