Məndən sorsalar: Bakıda ən yaxşı şey nədir? Mən hazırcavab bir adam
olmasam da, deyərəm ki: Bakıda ən yaxşı şey aydınlıq gecələrdir! Həqiqət, bu
vaxtadək Bakıda aydınlıq gecələrə diqqət etməyibsiniz isə, yainki bir para
adamın istilahilə "müştəri gözü ilə" baxmırsınız isə, dürüst diqqət ediniz, bir də
"müştəri gözü ilə" baxınız: nə gözəl, nə lətif, nə qədər əzəmətli gecələr
görərsiniz. Nə qədər ali hissiyyat oyandıran bir mahtab müşahidə edərsiniz. İndi
əsil vaxtdır. Ay getdikcə böyüyür, getdikcə gözəlləşir; böyüdükcə, hilal bir bədrə
təhəvvül etdikcə, hissiyyat artırır. Bunu da əlavə edəlim ki, Bakıda Kaspi dəryası
olmasa idi, qəmərin də bir o qədər hüsnü, lətafəti olmaz idi! Bu axşam həqiqət, dərya kənarına çıxınız: ya Naberejnidən dəryaya, dəryada duran, ya gələn, ya
gedən paraxodlara, ya xeyr, balaca lodkalara--"əcəl çömçələrinə" bir dürüst
diqqət ediniz. Pulunuz varsa, faytona minib Bayıla gediniz, ətrafı oradan seyr və
tamaşa ediniz, ya xeyr, Lovis paraxoduna bir neçə şahı verib dənizə çıxınız,
görünüz ətraf nə gözəl mənzərə əxz edir. Şübhəsiz, sizə də bəzi hissiyyatialiyədən
nəsibələr olacaqdır. Bu vaxtadək məhəbbət nə olmağını bilmirdiniz,
hiss etmirdiniz isə, indi biləcəksiniz, hiss edəcəksiniz.
"Məhəbbət" sözünü işlətdiyim üçün, xuda eşqinə, başınızda qeyri bir fikir
olmasın. Sonra deyərsiniz ki, mən sizi guya "eşq və məhəbbətə" dəvət edirəm,
zənn edərsiniz ki, mən sizin bəlayi-eşqə giriftar olmanızı və şüurunuzu itirib
Məcnun surətinə düşmənizi istəyirəm. Xeyr, hissiyyatınız bir az da çox olursa,
qorxuram ki, özünüzü dəryaya belə atarsınız. Yox, əfəndim, mən belə işlərə
dəvət etmirəm, bir də elə bir halın vaxtı keçibdir, haman halət, yəni məhəbbətə
mübtəla olub dəryaya düşmək, ya tapança ilə öz-özünü vurmaq, ya karbolka içib
zəhərlənmək halətlərinin cümləsi ancaq bahar fəsli olar.
Xeyr, əfəndim, mən belə yola dəvət etmirəm və edən də deyiləm. Mənə nə
düşübdür özgənin qanına səbəb olam. Və bir də belə şeyə dəvət etmək olmaz.
Demək olmaz ki, ey filan, gəl məhəbbət bağla, aşiq və divanə ol, Məcnun ol düş
çöllərə. Belə işlər dəvət ilə olmaz, hər kəsin öz həyatına bağlı bir keyfiyyətdir.
"Göz gördü, könül sevdi" iştə, o qədər, yoxsa dəvət, təşviq ilə bir şey çıxmaz.
Mən ancaq sizin məhəbbətinizə asimandakı mahı nail etmək istəyirəm. Mən
ancaq demək istəyirəm: gündüz məşəqqətdən qurtarandan sonra bir az rahat
olmaq istəsəniz, Bakıda təmiz hava çəkib cisminizə, ruhunuza, ağlınıza bir növ
asudəlik, rahatlıq verə bilərsiniz....
Həqiqət hal, çox çətindir: səhərdən axşamadək "çırt-çırt" bir hesabdır, davam
edir; bəli, filan xozeyin bu qədər mazut istəyibdir, putu filan qəpikdən, edər min
neçə manat, ya xeyr, filan ağanın vekselinin günü tamamdır, gərəkdir prosent
alına, ya dəyişdirilə, ya filanın vekselini protest etmək, yəni evini yıxmaq.... Bəli,
çotki əlinizdə çırt-çırt işləyir. Bir çotki "çırtlasa" yenə yaxşıdır, yoxsa, dəftərləri
oxumaqdan, yazmaqdan, "gözünüzün qarası gedər". Onsuz da burada göz ağrısı çoxdur, "gözlər zəifdir", əlildir, bir az da çox işləsəniz göz həkimlərini Bakıdan
qaçırarsınız. Belə çətin, "göz qarası" aparan zəhmətlərdən sonra hansı "insaflı"
adam cürət edib sizə deyə bilər: a filan, hərdənbir qəzetəyə də bax. Xeyr, bu sizin
haqqınızda böyük zülmdür. İnsana göz bir kərə verilər. Gözün də zəifləşəndən
sonra nəyə lazımsan? Saqqal deyil ki, həna, ya rəng qoyub həmişə cavan
görünəsən, zarafat etmək olmaz, bu gözdür, əfəndim. Həmçinin ağıla, ruha da
çox zəhmət vermək olmaz. Səhərdən axşamadək oturub fikir edirsiniz: nə tövr
etmək ki, bir milyon iki milyon olsun, ya mağazanı böyütmək, ya xeip, bir
mərtəbə evi iki-üç mərtəbə qaldırmaq. Belə fikirləri edib ağlınızı çox işlədirsiniz,
sonra "çox dərin" fikirlərdən başınız ağrıyar, "başınıza hava gələr". Arximed də
hamamda oturub fikir edirdi, nə səbəbə insan suya girəndə yüngül olur.... Axırda
bu məsələni həll edə bilib səbəbini tapdı, tapdığı üçün sevindiyindən çılpaqçılpaq
hamamdan küçəyə çıxıb qaçmağa başladı. "Evrika, evrika", yəni tapdım,
tapdım, deyə-deyə küçədə qaçırdı. Bu surətdə biçarə Arximed özünü "biabır"
etdi. Çox adam dedi ki, kişi dəli olubdur. Ancaq "bir biabırçılıq" etdi ki, indi də
adı bütün üləmanın dilində hörmətlə yad olunur. Dünyada məşhup olubdur....
Mən qorxuram siz də çox fikir edib axırda adınız cənab Vittenin finans
dəftərinə keçə, sonra Rusiyaya borc pul lazım olanda sizi çəkələr meydana və
deyələr: indi bizə öyrət nə tövr bir milyonu iki milyon eləyirdiniz, yainki bir
mərtəbə evi birdən-birə üç mərtəbə qaldırırdınız....
Hər halda ehtiyatlı olmaq, çox da ağlınıza zor verməmək faydadan xali
deyildir. Ondan savayı, səhərdən axşamadək belə işlərin barəsində fikir edirsiniz,
bu yolda zehninizi yorursunuz, çalışırsınız, çabalayırsınız, məqsudunuza
çatmayanda qanınız xarab olur, ruhunuz da inciyir. Bir gün belə, iki gün belə, iki
gün, iki ay, bir il, on il, ömrümüz olduqca belə halətdə olmaq mümkün deyil.
Buna bədən, zehin, ruh tab gətirməz; axırda çox xarabçılıq olar. Yəni, nə ola
bilər? Hərgah bir şeydən söhbət olursa, siz fikir edirsiniz, görəsən, bundan pul
çıxarmaq olarmı? Gözünüz, doğru, "qaraya" baxdıqca zəifləşəcəkdir, lakin
"nerədə və nerədən" pul çıxarmaq künclərini gözsüz də görəcəksiniz. Asanlıqla
pul qazanmaq olursa, ruhunuz da rahat olacaqdır, rahat olursa, ümumi dərdqəmlər
sizə əziyyət verməyəcəkdir. Ümum millətə bir şey olursa, sizin halınıza təfavüt olmayacaqdır. Siz pul ilə, pul sizinlə olub böyük "səadətə" yetişəcəksiniz,
böyük rahatlıqda bulunacaqsınız, yəni millət, din, dövlət və vətən dərd çəkməyən
surətdə qanınız da çox xarab olmayacaqdır. "Çox xarab" deyib də halınıza
nisbətən nəzər yetiririz. Çünki bir para adamlar var ki, həm çörək fikrini çəkib
qanları xarab olur, həm də millət, vətən, dövlət, din yolunda fikir edə-edə
qanlarını xarab edirlər. Onlar, deməli, iki yolda narahat olarkən, siz bircə yolda
rahatlıq bilmirsiniz, onlara nisbətən, əlbəttə, siz çox xoşbəxtsiniz.
Mən isə istəyirəm siz lap xoşbəxt olasınız, gündüzlər xarab olan qanın yerinə
təzə qan gəlsin, yəni xarablaşmış qanınız təzələnsin. Bu da nə ilə olar? Təmiz
hava ilə, sizə hər saatda, hər dəqiqədə yoldaş fikirlərdən bir az xilas olmaqla.
Bu fikirlərdən isə o vaxt xilas olmaq olar ki, gözünüz bir qeyri şey görə,
ağlınız bir qeyri yolda işləyə, o da ancaq bu aydınlıq gecələrdə mümkündür.
Gündüz Bakıda günün istisindən gəzmək mümkün deyil, ondan savayı, gündüz
boş yerə necə gəzmək olar ki, sənin yoldaşların bir milyonu iki milyon
düzəltmək fikrindədirlər, sən durasan veyil-veyil gəzməyə, xeyr, belə iş olmaz.
Buna heç kəs razı olmaz. Biz bir-birimizi qabaqlamaq, bir-birimizdən irəli
getmək istəyiriz. Bu iddia ilə gündüz gəzməkmi olar, xeyr, bu başa gələn iş
deyil, ondan savayı, Bakının istisindən gündüz gəzməkmi olar? Bunların
hamısını mən bilirəm, ona görə sizə də məsləhət görmürəm. İndi əsil gəzmək
vaxtı axşamlardır. Heç kəs alış-veriş etmir. Sən də rahatsan, bilirsən ki, səndən
artıq qazana bilməyəcəkdir.... Ondan savayı, işıq, sərin, "gecə quşları" torlu
paltarlarda "şux-şux" yanınızdan ötüb keçirlər, ağzınız açılaqalır. Haman bu
halətdə bulunarkən sizin ağlınız "qeyri" bir yerdə işləyir. Lakin pul məsələsi
yenə meydana pırtlayır, ya xeyr, bağda gəzərkən görürsünüz iki aşiq-məşuq
ağacın altında oturub yavaş-yavaş söhbət edirlər, hərdənbir aya baxıb "Ah! Vah!
Oh!" edirlər.... Bunları görüb yenə pul məsələsi meydana pırtlayır.... Qeyri bir
halətdə bulunursunuz, yenə də qanınız xarab olur.... Mən gəzmək üçün bunu da
sizə məsləhət görmürəm. Hamıdan rahat, "qorxusuz" bu aydınlıq gecələrdə
dəryadır. Dəryaya çıxınız, gərdişin comərdliyini görərsiniz, gündüz çəkdiyiniz
məşəqqətdən rahat olarsınız, gözünüz bir ayda, bir də suda olub daha pul
məsələsi meydana gəlməyəcəkdir. Çünki nə ayı və nə dəniz suyunu pul ilə almaq
mümkün deyil.... Ola bilsin ki, burada da "bir neçə adamın" fikrindən pul
məsələsi keçə, məsələn, paraxod da seyrə çıxıbdır, Nargin cəzirəsinə gedir.
Birdən fikrinə düşür: nə yaxşı olardı ki, mənim də bir paraxodum olaydı. Durur
hesab çəkməyə: gündə paraxod yüz nəfər adam Narginə aparıb gətirsə, adambaşı
altı şahıdan gündə dörd dəfə ... yanında "çırt-çırt" olmamağa görə hesab tuta
bilmir,"övqatı təlx olur". Bircə tez kənara yetişəydik deyib gözü evdə olur ki,
paraxoddan düşüb tez evə getsin, çotkini əlinə alıb hesabı tamam etsin. Paraxod
böyük nəf gətirirsə, sabahdan onun fikrində olsun.Yox, əfəndim, belə adamları biz nəzərimizdə tutmuruz, bunlar azarlıdırlar,
sill, fikir azarına mübtəladırlar.
Əlac etmək çox çətindir, vaxtı keçirmişik, belə adamlardan bəhs etmək
"həvəngin dəstini boş həvəngə vurmaq" kimidir. Biz istəyiriz asan azarları
özümüzdən rəf edək, biz istəyiriz iyirmi dörd saatın ərzində heç olmasa, bir, ya
iki saat bu adamlar gərdiş ilə olub yavaş-yavaş dünya, insan nə olmağını bəlkə
düşünələr, bəlkə bu dünyanın vəfasız olmağını anlayıb vicdanlarını çox da pulun
ixtiyarına vermiyələr. Yavaş-yavaş tərbiyə tapıb "puldan" savayı bir qeyri
şeylərə də baxmağı öyrənələr, adət tutalar, bəlkə aya, ulduza, insanı müəyyən
fikrə salan dəryanın üzünə baxıb ürəklərini daş edən, ağıllarını paslandıran, gözəl
hissiyyatını mürur ilə fəna edən şeylərdən yavaş-yavaş əl çəkə, heç olmazsa, on
iki saat pula baxanda, bir-iki saat da ətrafında olan şeylərə baxa, özgələrin
sözlərini eşidələr, ah və nalə edənlərin imdadına çatmasalar da, ürəkləri bəlkə bir
az yumşala, zehinləri açıla, fikirləri təzələnə. Yavaş-yavaş himmət, millət, lisan
və ədəbiyyati-milliyyə, camaat, insaniyyət, vətən, din, əfkar vəhissiyyatimilliyyə
nə olmağını bəlkə düşünələr, bunların tərəqqisinə özləri çalışmasalar da
qeyri çalışanlara da mane olmayalar.... Bizim əsil məqsudumuz budur! Aya,
ulduza, göyə, yerə, hamı gərdişə diqqət ediniz deyib də, fikrimizdə bunu tuturuz.
Bu yola o adamları dəvət ediriz ki, hələ fikir azarı onların beynində
köhnəlməyibdir, müzminləşməyibdir, binaənəleyh müalicə etmək olar. [...]
Necə ki, qəməri pul ilə almaq olmaz, elə də onları düzəltmək mümkün deyil.
Xeyr, belə adamlara söz demək, məqalə yazmaq, qəzetələrdə bağırıb-çığırmaq
bir nəf gətirməz. Bunları gərdişə, zəmanəyə, daha dürüstü, zəmanənin təqazəsinə
tapşırmalıdır. Zəmanə özü bəlkə bunların ürəklərini yumşaldıb fikirlərini
dəyişdirə....
Budur, üç aydır ki, qəzetələrdə elan olunur, məqalələr yazılır: ay camaat,
avqustun 15-də Bakıya müəllimlər cəmi Qafqazdan yığılıb mühüm məsələlər
həll edəcəklər: balalarımıza nə yol ilə tərbiyə versək xoşbəxt olarlar? Hansı
qayda-qanun ilə hərəkət etsək elmlərin yolunu onlar üçün asan etmək olar? Nə
tövr lisani-millini, tarixi və ədəbiyyati-millini, əfkar və hissiyyati-aliyyəni
uşaqlara təlim etmək?.... Belə məsələlərin araya gəlməyini cəmi Qafqaz bilirdi.
Bu məsələləri mühüm bilənlər yüz, beş yüz verstlikdən gəliblər, pul xərc ediblər.
Gəlməyə mümkünləri olmayanlar gündə təbrik teleqramları göndərirlər. Lakin ...
lakin bizim camaat bir şahı konkaya verib Şamaxı yoluna bir nəzər qılmır,
istəmir bilsin nə var, nə olubdur? Niyə yığılıblar?
Doğrusu, millətimiz, camaatımız hələ xabi-qəflətdədir, deyən natiqlərin
sözlərini təsdiq edib bu sözlərin altındaiki əlimiz ilə qol qoyuruz. Özgə bir əlacımız yoxdur, bunları gərəkdir zəmanəyə tapşırmaq. Aya, ulduza
baxdırmaq, bəlkə bu sayaq tərbiyə vermək ki, "puldan", "zavoddan",
"paraxoddan", "imarətlərdən" savayı da "ay", "ulduz", "gün", "dağ",
"əbr", "kuhi-atəşfəşan", "bəhri-zəxar", "əbri-şərər-bar" da var! Rəd və
bərq də var, qara buludlardan rəhmət yağışı yerinə qəzəb ildırımları
yağmaq, çaxmaq da var, bir kərə bu ildırımlar çaxmağa başlarsa, puldan
da, imarətlərdən də, zavodlardan da bir əsər qalmaz, hamısı əldən
çıxar!.... Dünyadan, əhvali-aləmdən, bəşərin hər növ dərd və
ehtiyacından xəbərdar olmaq lazımdır, vəssəlam!....