Bu mühərrirlər qəribə adamlardır! Bunların qəribə söhbətləri olur!
Allah göstərməsin, iki biri-birinə zidd əqidəli mühərririn bəhsini! Bunlar
bir yerə düşüb söhbət edərlərsə, gərək qulaqlarını tutasan. İkisi də bir
əqidədə, bir təsəvvürdə həməfkar olurlarsa, söhbətləri çox xamuşluq ilə
keçir. Bağırmaq, çığırmaq olmur, hirslənirlər, biri-birinə öz
hissiyyatlarını söyləyirlər, gülüşürlər. "Kimin məqaləsi kimə nə tövr əsər
etdi? Kim nə tövr anladı?" Söhbətləri böylə etidal ilə olduğundan günləri
bir az asudə keçir. Bəzən bunlar səfayi-xatir ilə bir kitab, ya bir məqalə
oxuyub hərə öz təsəvvürünü söyləyir....
Lakin əsil tamaşa, iki bir-birinə müxalif rəyli mühərrir söhbət
edəndədir! Çığırmaqlarından əlavə, bir də eşidirsiniz stullar qırılır,
qəzetələr cırılır. Çay içirlərsə, stəkanlar sınır, qədəhlər qırılır. Xülasə,
daha nə deyim! Nələr, nələr olmur? Həmin məclisdə olsanız yenə
yaxşıdır, heç olmasa, bir söz də siz deyərsiniz, on kərə onlar bağıranda,
bir kərə də siz bağırarsınız....
Yoxsa, ayrı bir otaqda oturub çığır-bağırtını eşidəsən, bəhs edənlərin
üzlərini görməyəsən, adlarını bilməyəsən, gözlərini o yan-bu yana
gəzdirib ancaq qulaqlarını şiş edəsən, söyləməyə də haqqın, ixtiyarın
olmaya! Ondan savayı, bir oxuyub-yazmaq da imkan xaricində ola!....
Xülasə, yaman halətdir!
Böylə bir halətdə mən çox vaxt bulunuram. Mən olduğum otağın
qonşuluğunda bir mühərrir olur, bunun yanına öz yoldaşlarından biri
gələndə söylədiyim vəchlə təhəmmülfərsa bir qalü-məqaldır, başlayır....
Bu günlərdə axşam oturub qəzetəyə göz gəzdirirdim. Nəzərimə biçarə
Spiridonovanın kağızı düşdü, kərrat ilə oxuyurdum. Gözlərimdən
bilaixtiyar yaşlar axırdı.... Öz-özümə fikir edirdim: ey biçarə məlumə, bu
zəif, qüvvətsiz bədən ilə nə oldu ki, axırda bu qədər ağır zəncir
ayaqlarına, əllərinə vurdurdun? Sənin "tayların" gəlinliyə hazırlanıb
saraylarda güzəran keçirtmək istəyirlər, pərqu balışlarda, yumşaq
döşəklərdə nazpərvərdə olaraq, gündə rəngbərəng xörəklər yeyib
üstündən lətif-lətif şərbətlər içmək fikrindədirlər. Bunların ən böyük
arzuları budur ki, şirin bir yuxuya doyandan sonra kənizin biri ayaqlarını
geyindirsin, biri paltarını tutsun, biri də tualetinə kömək etsin, başını
darasın, saçını hörsün. Sənin tay-tuşların özlərini bu günlərə bəsləyirlər.
Sən yazıqsan, məzluməsən. Zəifə, nə günlər çəkirsən! Qaranlıq, quru,
nəmli yerlərdə uzanıb iyimiş bozbaş verəndə yeyirsən, verməyəndə
qalırsan ac, ənva mikroblarla dolu, ilıq, bulanıq bir su da sənin şərbətin
olmuşdur. Nə oldu? Nə səbəbə bu günləri özünə qəbul etdin? Sən bir
zəifə qız ola-ola nerədən bu rəşidlik, bu mərdlik səndə bulundu? Bu
günlərdən qorxmadın? İştə qüvvətli oğlanlarda, ürəkli kişilərdə bu qədər
cürət tapılmaz ikən nə əcəb sən bu işi dəröhdə etdin? Bu fikirləri mən
zehnimdən keçirirkən qonşum mühərririn qapısı açıldı. "Mən əqidəmi hər
halda pula satmayacağam" sözləri ilə otağına yoldaşı bulunan digər biri
daxil oldu. Səsindən həmişə dava ilə gurultu ilə mübahisə edən bir
advokata oxşatdım, oxşadıb da söhbətin aqibətini gözlədim.
Qonşu mühərrir:--Yenə nə üz veribdir? Çox ağzı atəşli gəlibsən.
Qonaq advokat:--Canım, mən advokatlığı tərk edəcəyəm. Üç kişi gəlib
yanıma ki, bizim oğlanı hər nə tövr olsa Sibirə getməkdən xilas
edəsən!.... Beş min manat pul veririz! Dedim, oğlanın qatil olduğu
mənim yəqinimdir. Mən necə gedim məhkəmədə onu yalandan müdafiə
edim! Mən nə beş min manatı istərəm və nə də bir yalanı müdafiə
edərəm!
Qonşu mühərrir:--A canım, sənə nə?!.... O oğlan qatildir, ya deyildir,
sən pulunu al, cibinə qoy. Altı-yeddi baş külfət sahibisən, borca batmısan,
bu beş min manatı almasan hamı uşaqların acından qırılacaq.
Qonaq advokat:--Qoy acından qırılsın!
Qonşu mühərrir:--Keçənlərdə məhkəmədə danışdığın sözlər elə şeylər
idi ki, sənin özünü də tutub axırda nəf və həbs edərlər. Övlad və əyalına
yazığın gəlmirmi?
Bu sözlərin üstündə advokatın lap acığı tutub çığırmağa, bağırmağa
başladı, dedi ki, sizin cürətsizliyinizin səbəbi mənə aşkardır. Siz Duma
bağlandı deyə, eylə bilirsiniz ki, hürriyyət, məşrutiyyət məğlub olacaqdır.
Bu zənndə bulunduğunuz üçün qalib kimi görünən tərəfə tamah etməyə
başlayırsınız. Xeyr, xeyr, bunlar boş xəyaldır.
Mən əqidəmi pula satmayacağam. Qoy nə olur-olsun, qızım, oğlum, o
balaca balalarım aclıq çəksinlər, qoy mən məramıma yetişməyim....
Ancaq tutduğum yoldan, etdiyim fikirdən əl çəkməyəcəyəm. Elə bu
günlərdə açıq meydana çıxıb öz rəyimi söyləyəcəyəm, bağıracağam.
Eşidən eşitsin, eşitmək istəməyən qulaqlarını bərk-bərk tutsun....
Mən bunu anlamışam ki, hürriyyət olmayınca bizim millət
ayılmayacaqdır. Mən açıq-aşkara deyirəm: hürriyyətə zidd olan millətinə,
vətəninə ziddir.
Bunu deyib qapını bərk çırpıb getdi. Qonşu mühərrirdən daha səs
çıxmadı.