Nəriman Nərimanovun Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi

N. Nərimanovun milli dövlətçilik baxışlarında  Azərbaycanın ərazi bütövlüyü uğrunda fəaliyyəti mühüm yer tutmuşdur. XX əsrdə Azərbaycanın ərazi bütövlüyünü qorumaq uğrunda mübarizə ehtiyacı ilk əvvəl 1801-1917-ci illər işğalından, həmin dövrdə bu yerlərə çox sayda ermənilərin köçürülməsindən, 1917-ci Fevral inqilabından sonra sərhəd quruluşu məsələsində təşəbbüsün ermənilərin əlinə keçməsindən, genişmiqyaslı təbliğatlarından, dünya ictimai fikrini öz tərəflərinə çəkmələrindən və nəhayət, Rusiyanın və dünyanın aparıcı dövlətlərinin geostrateji maraqlarından doğmuşdur.

         Azərbaycan hökümətləri (AXC və ASSR) sərhədlərin güzəştli həllinin yollarını axtarmaq məcburiyyəti qarşısında qalmışdır. Bir çox yollar axtarılmışdır: sərhədləri monomilli dövlət qurmaqla müəyyənləşdirmək, ayrı-ayrı ərazilərdə yaşayan əhalinin Milli çoxluğu, dağ suayrıcısı, çayların sahili ilə, dağla aran arasında və  i. a. 1918-ci il may ayının 29-da Milli Şura İrəvandan olan üzvlərinin etirazına baxmayaraq, bu şəhəri və ətrafını ermənilərə güzəştə gedərkən ermənilərlə münaqişənin bitəcəyinə ümüd edirdi. Həmin dövrdə Batum konfransının nəticəsi kimi üç respublika arasında müqavilə imzalandı. Bu zaman Ararat (Ermənistan) Respublikasının ərazisi təxminən 10 min kv. km müəyyənləşdirildi.
         Ərazi problemləri Rusiya istilası dövründə çarizmin işğalçılıq siyasətini və hökmranlığını gücləndirmək vasitəsi, bolşeviklərin siyasətində isə sovet hakimiyyətini qurmaq üçün şirnikdirici amil kimi istifadə olunurdu. Azərbaycanda sovet hakimiyyətinin  qurulması ərəfəsində Naxçıvan, Zəngəzur və Zaqatalanın  Azərbaycan ərazisi olduğu dəfələrlə etiraf edilsə də Gürcüstanın sovetləşmə növbəsi çatanda Rusiya artıq Zaqatalanın  gürcülərin  xeyrinə  mübahisəli  olduğu haqda saziş imzalandı, Ermənistanda sovet hakimiyyəti qurulmaq ərəfəsində vəd verilməsinə, qurulduğu gün dekabrın 1-də Naxçıvanı, Zəngəzuru, Qarabağı onlara vermək haqqında Azərbaycanın  bəyanatının verilməsinə səy göstərdilər. 1920-ci il dekabrın 2-də Rusiya ilə artıq sovetləşmiş Ermənistan arasında imzalanan sazişdə Zəngəzur Ermənistan ərazisi kimi göstərilmişsə də, Naxçıvan və Qarabağ haqqında heç bir qeyd olmamışdır.
         Zəngəzuru Azərbaycandan ayırmaq eyni zamanda aparıcı dövlətlərin geosiyasi maraqlarının təcəssümü idi. Gündəlikdə Zəngəzurun hesabına Azərbaycanla Türkiyə arasında birbaşa əlaqənin pozulması durmuşdur. Böyük Britaniya Zəngəzurda Azərbaycan hökümətinin icra aparatının təşkilini və oranın işlərinə müdaxilə etməyi, Azərbaycan-Türkiyə hərbi birliyinin yaranmasını yolverilməz sayırdı. Zəngəzur Azərbaycan torpağı olsa da artıq 1918-1919-cu illərdə silahlı erməni dəstələri azərbaycanlılar yaşayan bir çox kəndləri dağıdaraq ərazinin böyük hissəsinə nəzarət edirdilər. 1920- ci il aprelin 27-də general Səlimov Şuşadan Bakıya “Bilmirəm, Zəngəzura hərəkəti davam etdirimmi” məzmunda teleqram göndərdi. Tarixi mənbələrdən bu da aydın olur ki, 1920-ci ilin noyabrında, hətta 1921-ci ilin yayına qədər Zəngəzur bolşeviklərin deyil, daşnakların idarəçiliyində idi. N. Nərimanov 1921-ci ildə etiraf edirdi ki, Zəngəzurla bağlı 1920-ci il dekabr bəyanatını verərkən Zəngəzurun Azərbaycandan ayrılmasının  qarşısını tək başına almaq iqtidarında deyildi: “Əgər müsəlman kommunistlərinin əksəriyyəti milli təmayül əhval-ruhiyyəsində olsaydı, inanın ki, Ermənistan Zəngəzuru ala bilməzdi”. Türkiyənin Xarici İşlər Naziri Ahmed Muxtar bəy 1921-ci ilin fevralında TBMM-dəki çıxışında deyirdi ki, “İngilislərlə bolşeviklər, Azərbaycan türk Aləmi ilə bizim aramıza Ermənistan tikmək istəyirlər... Təkrar ərz edirəm: Bütün dünyanın ittihaz etdiyi bir qərar var, o da bizimlə Azərbaycan arasında, Azərbaycanla türk Aləmi arasında bir Ermənistan meydana gətirmək istəyirlər... Bakalım kim qələbə çalacaqdır, Karaxanın sürüklədiyi sovetlər, yoxsa biz!”
Zəngəzuru Azərbaycandan ayırmaq dünya siyasətinin gizli oyununun nəticəsi və dünya geosiyasətinin maraqlarının təcəssümü idi. Tarixən Avrasiyada mövcud olan “vahid türk xətti”nin dünya xəritəsində bir neçə sahədə sınması, türk xalqlarının  bir-birindən təcrid olunması dünya və xüsusən erməni və rus siyasətçilərinin ümdə maraqları idi. Sibir türklərini məcburi assimilyasiyaya uğradaraq Altay türklərini  təcrid etmək, Orenburq vilayətini Qazaxıstandan ayırmaqla və Həştərxan türklərini məcburi assimilyasiyaya uğratmaqla bir tərəfdən Başqırdıstanı, Tatarıstanı və çuvaşları, o biri tərəfdən isə Orta Asiya türklərini türk dünyasından təcrid etmək, tatarları Krımdan, türkdilli qaraçayları və balkarları Qafqazdan sürgün edərək, Krımı və Qafqazı türksüzləşdirmək və Azərbaycanı şimal türklərindən, Zəngəzuru ayırmaqla Azərbaycanı Türkiyə dövlətindən təcrid etmək məqsədindən irəli gəlirdi. Bunlar möhtəşəm Avrasiya “vahid türk xəttinin” zəncirvari sınmasının təzahürləridir.

“Dağlıq Qarabağda vəziyyət” haqqında 1920-ci il iyunun 10-da N. Nərimanovun Moskvaya RK/b/P MK-ya vurduğu teleqram bu sözlərlə bitirdi: “Müsəlman əhalisi Moskvanın qəflətən köhnə mövqeyə qayıtmasını və ermənipərəst siyasət yürütməyini sovet hökümətinin siyasətinə xainlik kimi qiymətləndirəcəkdir”. V. Leninə məktubunda N. Nərimanov ərazi problemləri barədə mərkəzin siyasəti ilə barışmaz mövqeyini sərt və açıq-aydın ortaya qoyaraq, onu Azərbaycanın Rusiya ilə ittifaqını pozacağı ilə hədələyirdi. O deyirdi: “Mən qəti surətdə bildirirəm, əgər siz də bizim dəlillərə diqqət yetirməsəniz məcbur olacağıq ki, bizim geri çağırılmağımız barədə Mərkəz qarşısında məsələ qoyaq”. Qarabağın taleyi bu yolla  həll olundu. 1921-ci ildə bir-birinin ardınca qəbul olunan üç qərardan irəli gələn Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmasını N. Nərimanovun siyasətinin uğuru kimi qiymətləndirmək olar.1921-ci il iyunun 19-da Ermənistan tərəfindən “Dağlıq Qarabağın Ermənistana yenidən birləşdirilməsi haqqında”, 1921- ci il iyulun 4-də RK/b/MK Qafqaz Bürosu tərəfindən Dağlıq Qarabağı Ermənistanın tərkibinə daxil etmək haqqında qərarlar qəbul olundusa da, N. Nərimanovun sərt təkidi ilə bunların qarşısı alındı, 1921-ci il iyulun 5-də  RK/b/P MK Qafqaz Bürosunun Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlamaq haqqında qərarı gərçəkləşdi. Bu qərarla ona “geniş vilayət muxtariyyəti verildi”sə də, yalnız N.Nərimanov Azərbaycandan gedəndən sonra  L. Mirzoyanın təsiri altında Dağlıq Qarabağ Muxtar Vilayətinin elan olunması mümkün oldu.