NƏCƏF NƏRİMANOV

“Əziz oğlum, Nəcəf! Əgər mən yaşasam səni elə böyütməyə çalışacam ki, sən bəşəriyyət üçün faydalı adam olasan, əgər əcəl mənə aman verməsə, səndən təvəqqe edirəm mənim insanlara göstərdiyim kiçik xidmət qədər bir xidmət göstər. Mən ümid edirəm ki, sən öz işinlə mənim əməllərimi daha da dolğun edəcəksən”.
                                     Nəriman Nərimanov                                               
         
        Bu sətirlər mətin inqilabçı, görkəmli partiya və dövlət xadimi N. Nərimanovun ölümündən bir qədər əvvəl oğlu Nəcəfə yazdığı məktubdan götürülmüşdür.
         1919- cu il dekabrın 2-də  Moskvada dünyaya göz açan  Nəcəf bütün ömrü boyu atasının vəsiyyətlərinə sadiq qalmış, onun adına layiq oğul olmuşdur.
         Nəcəf ilk təhsilini Moskvanın 110 №-li məktəbində almışdır. Çevik uşaq olan, bir yerdə qərar tutmağı bacarmayan  Nəcəf  tədriclə  məktəb həyatına alışır, musiqi ilə məşğul olur, xarici dilləri öyrənməyə başlayır. Yuxarı siniflərdə isə Nəcəf texnikaya maraq göstərməyə başladı. 1938- ci ildə Leninqrad tank məktəbinə daxil olur. Nəcəf hərbi texnikanı  dərindən öyrənirdi. Məktəbdə gənc müdavimin bu keyfiyyətləri yüksək qiymətləndirilirdi. Sonralar Akademiyaya girməyi arzulayan  Nəcəf bu barədə anasına yazmışdı:
         “Ana, maşınların sirlərini yaxşı bilməliyəm ki, rotam qabaqcıl olsun. Sonra Akademiyaya girəcəyəm. Mənə avtomobillər, traktorlar, tanklar, bu maşınların təmiri haqqında, benzin və sürtgü yağları haqqında ədəbiyyat göndər”.
         1939- cu ildə Kiyev tank məktəbinə keçirilən Nəcəf arada verilən xasiyyətnamədə deyilirdi: “Tapşırıqları layiqincə yerinə yetirir. Namusludur... Döyüş və nəqliyyat maşınlarını əla sürür. Komandirlik məharətinə mükəmməl yiyələnmişdir”.
         1940- cı il oktyabrın 7-də məktəbi qurtarandan sonra Nəcəf Qərbi Ukraynaya Stanislav şəhərindəki 15-ci hərbi tank diviziyasının 29-cu polkuna tank texniki təyin edilir.
         Nəcəfgilin diviziyasını 32-ci tank diviziyasını tərkibində 1941-ci ilin mayında  Lvova göndərirlər. Burada o, təmir vzvodunun komandiri təyin edilir.
         Sonralar Nəcəf döyüşlərin birində yaralanır və Saratovdakı hərbi xəstəxanaların birində müalicə olunub yenidən döyüşən orduya qayıdır. Çox keçmir ki, qvardiya baş texnik leytenantı Nəcəfin vzvodu general leytenant  K.V.Sviridovun komandanlıq etdiyi 2-ci qvardiya mexanikləşdirilmiş  korpusunun tank hissələri tərkibində Stalinqradın şimal qərbinə və cənubuna gəlir. 1942-ci il iyunun axırlarında hitlerçilərin zirehli dəstələri Volqaya tərəf  irəlilədilər.
         Gülsüm xanım oğluna yazdığı məktublarında deyirdi: “Nəcəf, yadında saxla ki, sən Nəriman Nərimanovun oğlusan. Bilirəm ki, bunu bir dəqiqə də olsa unutmursan. Sənin öhdənə şərəfli vəzifə - vətəni faşist quldurlarından müdafiə etmək vəzifəsi düşmüşdür. Faşistlərin törətdikləri cinayətlərdən nə qədər qəzəbləndiyimi ifadə etməyə söz tapmıram”.
         K. Sviridovun mexanikləşdirilmiş korpusunun tankları atəş açmadan şəhərə tərəf  irəliləyirdilər. Nəcəf Nərimanovun tankı üçüncü qvardiya diviziyasının sağ cinahında gedirdi. Sürətli həmlə zamanı Nərimanovun tankı tırtılı ilə hitlerçilərin pulemyot nöqtəsini əzdi, top atəşi ilə düşmən topunu sıradan çıxardı və şəhərin mərkəzinə tərəf gedən küçə ilə irəliləməyə başladı. Mexanikləşdirilmiş korpusun digər maşınları Nərimanovun tankının arxasınca gəlirdilər. Küçə döyüşü qızışsa da, şəhərin taleyi həll edilmişdi.
         Döyüş bir qədər ara verəndə Nəcəf  vzvodundakı əsgərlərə yemək gətirmək üçün komandanlığın qərargahındakı ərzaq məntəqəsinin yerləşdiyi binaya getdi. Elə orada da özünün  Moskvaya  göndərilməsi haqqında batalyonun  əmr aldığını eşitdi. Bu barədə öyrənmək üçün  qərargaha  generalın yanına getməli oldu. Azı 100 km yolu qət etmək lazım idi. Nəcəf  maşın tapmaq umidi ilə vağzala tərəf yollandı. Lakin bu zaman düşmənin 300 təyyarəsi qara bulud kimi  şəhərin üstünü örtdü. Nəcəf vağzala çatmağa macal tapmadı...
         Ertəsi gün 1943-cü ildə əsgərlər həlak olmuş dostlarını axtararkən  Nəcəfin də meyidini tapıldı.
         Alman işğalçılarına qarşı mübarizə cəbhəsində komandanlığın döyüş tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə bu zaman rəşadət və igidlik göstərdiyinə görə  ikinci mexanikləşdirilmiş qvardiya korpusu 58-ci əlahiddə təmir-bərpa batalyonu tanklarının təmiri rotasında vzvod komandiri, qvardiya baş texnik leytenantı  Nəcəf  Nəriman oğlu  Nərimanov  SSR İttifaqı Ali Soveti Rəyasət heyəti adından ölümündən sonra Birinci Dərəcəli Vətən müharibəsi ordeni ilə təltif edildi.
         Tank korpusunun komandiri, general leytenant K.Sviridov qəhrəmanın anasına yazırdı: “Sizin oğlunuz Nəcəf Stalinqrad vuruşmasında faşistlərə ilk güclü zərbə endirən hissədə xidmət etmişdir. Biz əmri yerinə yetirdik- almanları qovduq, Vətənimizin ən yaxşı və ləyaqətli oğulları arasında Sizin də oğlunuz vardı... İllər keçəcək, biz itkilərin ağrısını unudacaq, xarabazarları bərpa edəcəyik, lakin bəşəriyyəti faşizm təhlükəsindən xilas etmək üçün özlərinin həyatını Nəcəf kimi qurban vermiş vətən  oğullarını heç bir vaxt yaddan çıxarmayacağıq”.
         Generalın məktubu qəhrəmanın anası üçün adi təsəlli sözləri deyildi. Bu sözlər həqiqət idi. Doğrudan da, Nəcəf kimi igidlərin xatirəsi xalqın yaddaşında əbədi olaraq qalır. Təsadüfi deyildir ki, Volnovaxa zəhmətkeşləri Nəcəfin xatirəsini əbədiləşdirmək üçün küçə və məktəblərdən birinə onun adını vermişlər.