"TELEFON"

"Drr.... Drr.... Drr....
"Hə, kimsən?"
""Bürühani-tərəqqi" idarəsimi?"
"Bəli, özüdür. Siz kim?...."
"Arı bəy" (Bal qurdu).
"Aha, buyurunuz."
"Təzə xəbər istəyirsinizmi?"
"Buyurunuz, baxalım."

"Deyirlər, müzəffəri məktəbində o qədər uşaq var ki, otaqlar tutmur.
Əncümən yığılıb bu məsələni müzakirə edəndən sonra böylə qərar ediblər ki, bir
zorba ev tutsunlar. Pul məsələsi araya gələndə qoçağım tacirlər min-min veriblər.
Əhvalatdan böylə görünür ki, məclisdə olanlar böyük bir qeyrət göstəriblər.
Hətta iş bir yerə çatıbdır ki, konsulxana qulluqçularından birisi gücü heç bir şeyə
çatmayıb, əlli manata dəyən bir it bağışlayıbdır ki, məktəbin skamyalarını
səhərdən axşamadək güdsün, taki oğrular aparmasınlar.... Və bir də qərar
qoyublar ki, məktəbdə rus dili oxunsun, hazır müəllim olmamağına görə qeyrətli
tacirlərdən biri müvəqqəti olaraq rus dili dərsini boynuna almış."
"Cənab Arı bəy. Təvəqqe edirik axırıncı məsələni təhqiq edəsiniz, çünki
tacirlərdən hankı birisi rus dili müəllimliyini bacara bilir? Bu əhvalat səhv
olacaqdır."
"Xeyr, xeyr, necə ki deyirəm, elədir. Təəccüb etməməli...."
"Cənab Arı bəy, pək əla, bunların hamısını təb edərik. Fəqət bir iş var ki, iki
gün bundan müqəddəm idarəyə verdiyiniz xəbərlərlə bu xəbərlər bir-birilə düz
gəlmir: əvvəl xəbər verdiniz ki, müzəffəri məktəbinin müəlliminin cibində
siçanlar oynayır. İndi deyirsiniz, tacirlər böylə bir qeyrət göstəriblər. Doğrusu,
bu xəbərlər təhqiq olunmasa, qəzetəmizdə yer verilməyəcəkdir."
"Drr.... Drr..... Drr...."