HƏFTƏ FƏRYADI. Əqidə

Əqidə--inanılan şey, etiqad, inam deməkdir. Yəni insan bir şeyə inanır, ona
ibadət edir, onu hər şeydən müqəddəs bilib ruhunu, ağlını, tam vücudunu onun
yolunda sərf etməyə çalışır....
İnsan ya elm, ya tərbiyə və ya təcrübənin təsirindən müəyyən bir əqidə sahibi
ola bilər.

Tutalım ki, bir adam müəyyən bir əqidə sahibidir. Məsələn, həyat-dirilik nə
olmağını böylə düşünür: dünya beş gündür, beşi də puç. Bu dünya eyş-işrət
meydanıdır. İkinci dəfə daha bu dünyaya gəlməyəcəksən. Bu keçən gün, keçən
saat, keçən dəqiqə ömründən gedir, mümkün olduqca onu ver zövqü-səfaya, ta
ürəkdə qalmasın arzun, köçəndə darülbəqaya. Bu müəyyən bir əqidədir.... Bu
əqidənin sahibi həyat-diriliyin nə olmağını böylə anlayıbdır. Şəksiz, bunun feli,
qövlü, ruhu, hissiyyatı əqidəsinə müvafiq gərəkdir hərəkət etsin.
"Dünya beş gündür, beşi də puç" əqidədə olan nə tövr gərəkdir zindəganlıq
keçirsin? Səhər yerindən durub çayını içər, çaydan sonra ya kantora, ya dükana
və yainki zavoda gedər. Namaz qılır, qılmayır, o bizim işimiz deyil, özü bilsin,
öz allahı. Günlük məişətində öz həmcinsləri ilə nə tövr rəftar edir, kimi aldadır,
hankı yetimin pulunu yeyir, hankı adama quyu qazıyır, bu da bizim işimiz deyil.
Fəqət onu bilirik ki, günorta aş qazanını doldurub kəlləni atır, axşam yenə də
çay içib, xörək yeyib, qəlyanı xoruldadır və sonra bir az uşaqlar ilə oynayır, bir
az da arvadına yaxşı-yaman deyib genə də kəlləni atır.
İl uzunu bu tövr ömür keçirir. Fəqət haman bu əqidədə olub da bir parası,
yəni bir para rəndələnmişlər, üzdən pak, təmiz, ruh sarıdan ən zəiflər, axşam
çaylarını və xörəklərini klublarda yeyərlər. Bunlar da dünənki ərəqçin örtəndilər.
Fəqət zəmanənin təqazası kluba getməyi, klubda çörək yeməyi, səhər saat üçə,
dördədək qumar oynamağı bunlardan tələb edir. Yaxşı fikir versəniz, görərsiniz
həqiqət bu iki qisim adamların müəyyən bir əqidəsi vardır, yəni, dünyaya nə
üçün gəlməklərini bu tövr anlayıblar; həyat nə olmağını bu tövr düşünüblər.
Bunlarıi hərəkətləri, yəni durub-oturuşları, bütün həyatları müəyyən bir əqidədə
olmaqlarını göstərir: dünya beş gündür beşi də heç. İnsan yaranıbdır ölməkdən
ötrü, ye, iç, kef et, dünyanın hər bir ləzzətini dad!.... Böylə bir əqidə sahiblərinə,
əqidələrinə müvafiq zindəganlıq edənlərə mən heç vaxt təəccüb etmirəm, çünki
bir şey ki, təbii yol ilə gedir, ona təəccüb etməməli. Məsələn, bu qisim
adamlardan tutalım ki, biri qeyri bir əqidəyə qulluq edir, fikir edib özü üçün bir
yol tapıbdır. Doğrudur, deyir: dünya beş gündür, fəqət bu beşgünlük dünyada
gizlin xəzinələr, gizlin sirlər, qüvvələr, mühüm məsələlər, açılmayan düyünlər,
təbii qanunlar vardır. Bunları aşkar etmək, təbii qanunları həll edib meydana
buraxmaq insanın vəzifəsidir. Mən insanam isə bu məsələlərin birini biqədri
qüvvə mən gərəkdir həll edəm, tainki dünyadan köçəndə insana məxsus olan
vicdan "gərdişin hankı bir qüvvəsini ümumi insandan ötrü həll etdin?" sualını
verəndə isə mən məğrurluqla cavab verəm.
Həqiqət, yuxarıda zikr olunan "müəyyən əqidə" sahiblərindən biri böylə bir
müqəddəs əqidədə olub, həyatı müdam gərdiş ilə müharibədə, təəccüb deyilmi?
Odur ki, deyirəm, zikr olunan həriflərin "əqidələri"nə və əqidələrinə müvafiq
hərəkətlərinə heç vaxt təəccüb etməməli.
Dünya və həyat nədir? İnsan nə yol ilə yeriş edib də "insanlıq" dərəcəsinə
çatmış? --suallarına bünövrəsiz bir adam cavab verə bilməz. Yəni demək
istəyiriz: gərdişə (prirodaya) yavuq olmaq, onu sevmək, onun gizlin xəzinələrini
tapmağa səbəb olur. Bu da oxumaq ilə olan bir şeydir. Bünövrəsiz, yəni elmsiz
böylə bir mühüm məsələlərə girişmək çətindir. Bu "müəyyən əqidə" sahibləri
elmdən məhrum olub da bunlardan qeyri bir şey tələb etmək, ya qeyri bir əqidə,
məslək gözləmək olarmı? Yox, əfəndim!
Təbii, alma toxumundan gərəkdir alma ağacı bitsin, deyilmi? Biz buna
təəccüb etməyiriz. Biz təəccüb ediriz özlərini "müəyyən bir əqidədə" olanlara
oxşadan "balta başlılar"a, "döşləri nallılar"a, "başları qaqartlılar"a. Balta, nal,
qaqart bunların darülfünunda elm təhsil etməklərini guya göstərir. Rusiyadakı və
Avropadakı darülfünunlar Molla əmi yazdığı "Mazandaran" darülfünunlarına
oxşamırlar. Bu darülfünunlarda həqiqət, mükəmməl surətdə müəyyən bir şöbəyə
dair elm oxunur. Məxsus bir sənətə dair lazımınca məlumat verilir isə ümumi
məsələlər, yəni insanın ağlını hərəkətə gətirən, ruhunu təmizləyən məsələlər də
müdam müzakirə olunur.
Demək ki, bir sənətdən savayı darülfünunda xahiş edənlər üçün elmlər
dairəsində ümum həyata dair geniş bir meydan açılır. Fəqət görən göz, eşidən
qulaq, sağlam beyin, hissli ürək gərəkdir olsun. Bunlar oldu isə, şəksiz, müəyyən
bir əqidə də meydana gəlir.
İndi məndən sorarsınız: Bizim oxumuşların əksəri hankı bir yol ilə gedir?
Hankı bütə sitayiş edir? Hankı bir nöqtəyə yeriş edir? Doğrusu, bu suala birdənbirə
cavab vermək çətindir. Fəqət bunu təkrar edə bilərəm ki, insanın həyatına,
yeni dolanacağına baxıb onun məsləkini bilmək mümkündür.
Bu mənim təsəvvürümdə, ola bilsin də bu təsəvvür səhv olmuş ola. Səhv
deyilsə, yəni siz də bu təsəvvürdəsiniz isə, bir para bizim intelligentlərin
məsləkləri, əqidələri barəsində nə üçün məndən sorursunuz?
Buyurunuz klublara, restoranlara, daha nə bilim nerəyə! Nerəyə, nerəyə....
Yainki buyurunuz cəmiyyətlərə.... Cəmiyyətlərdə oturub bunların hərəkətlərinə,
nitqlərinə baxınız, diqqət ediniz: ikiüzlülük, "filan hacının qaşqabağına" baxıb
sözünü dəyişmək, qaraya ağ, ağa qara demək. Vicdanını, əqidəsini qara pula
satmaq--bunların hamısını özünüz görürsünüz, eşidirsiniz.
Diplomlu provakatorların, şpionların, "cəmiyyətlər"in, millətin minlərcə
pullarını yeyib sonra haman cəmiyyətə, haman millətə xəyanət edənlərin hələ
sözlərini danışmıram....
Həqiqət, hərdənbir oturub fikir edirsən: bir millətin müəyyən bir yolu,
məqsudi olmadı isə, o millətin istiqbalı dəhşətli bir fırtınaya düçar olacaqdır,
deyilmi? Düz bir yol, saf, sağlam, dəyanətli bir əqidə kimdən gözləmək?
"Əlbəttə, oxumuşlardan" ... deyib xəcalətinizdən başınızı aşağı
salacaqsınız.... Və ürəkdən ah çəkib deyəcəksiniz: Ah, bədbəxt millət!
Müqəddəs bir əqidəni "sən" kimdən gözləyirsən?