HƏFTƏ FƏRYADI. İctima

İctima--toplanma deməkdir. Yəni bir çox adamın bir yerə yığılmağı. İctima--
toplanma nə olmağını bir insandan savayı qeyri canlı şeylər də bilir, düşünür. Arı
ictimaı, qarıncalar ictimaı.
Həqiqət, bunların həyatlarına dürüst diqqət olunsa bunların ictima ilə hərəkət
etməklərini görərsiniz. İnsan dünyaya gələndən, yəni ən vəhşi bir halətdə olarkən
ictima nə olduğunu, yəni bir yerə yığılıb məşvərət etmək, tək bir adamın
fikrindən əfzəl olduğunu düşünürdü. Fəqət insanlar vəhşi halətlərində az bir
məsələlər üçün
yığıncaq edərdilər. Əvvəlki adamların ictimalarında müzakirəyə qoyulan
məsələlər əksəri-ovqat davaya dair məsələlər olardı. Yəni bir vəhşi qövm, digər
bir vəhşi qövmün üzərinə gələn vaxt yığılardılar, məsləhət edərdilər. Qüvvətləri
var isə müqabilə çıxardılar, yox isə tövcü ya bəxşiş və qeyri bir şey vermək ilə
bəladan müvəqqəti xilas olardılar.
Həqiqət, vəhşi bir qövm, nadan bir millət ictimalarında böylə bir məsələlər
müzakirə olunar, deyilmi?

Doğrudur, hazırda XX qərinədə dava məsələsi mədəniyyətli millətlər
arasında qoyulur. Fəqət bu yığıncaqlara ictima demək səhvdir. Hazır davaya dair
məsələlər bir neçə adamın fikrilə meydana gələn yaman nifrətli bir vaqiədir.
Daha doğrusu, hazır XX qərinədə davaya dair ictimalar olsa idi, heç bir dava
meydana gəlməzdi....
"İctima" sözünə hər kəs nə məna verəcəksə, versin. Fəqət biz bu "söz"də
müqəddəs bir şey düşünürüz. "İctima" sözü aralığa gəlir isə biz deyiriz: bu
ictimaın üzvləri müəyyən bir qövm millət tərəfindən seçilmiş vəkillərdir. Millət--
yəni gecə-gündüz qan-tərdə işləyən, bir qarın ac, bir qarın tox, dünyanın hər
məşəqqətinə davam edən ürəyi saf, hər şeyə inanan, haman sifətlərə görə
"lotular" əllərində müdam sərgərdan qalan, özü hər şeydən məhrum xalq özünə
yavuq, yəni dərdindən xəbərdar olan kimsələri seçib deyir: gediniz filan ictimaya
bizim dərdimizə bir əlac arayınız, bizi bu məşəqqətdən xilas ediniz,
düşündürünüz: biz qanundan ötrü deyiliz, qanun bizdən ötrüdür.
Böylə bir vəkillərin toplanmasına biz ictima deyiriz. Əlbəttə, ürəyiniz daşa
dönməyib, hiss damarlarınız kəndirlənməyibsə, ağlınız paslanmayıbsa, insan ilə
heyvana tərcih verən qüvvəniz korlanmayıbsa, siz də böylə bir ictimada
müqəddəs bir şey olmağını hiss edərsiniz....
İnsan tərəqqi etdikcə, ictimalara ehtiyacı artar. Əvvəlki adamlar ildə, iki ildə
bir toplanıb ümum bir məsələni müzakirəyə qoyardılar. İndi isə ictimaların sayıhesabı
yoxdur. Elmin ciddi bir surət ilə yeriş etməyinə səbəb hər millətin
həyatına dair məsələlər də göydən dolu tökülən kimi millətin başına tökülür.
Fəqət kimi bu dolunun zərbindən tez ayılır, kimi gec. Baş dərisinin qalınlığı
bunda rol oynayırmı, oynamırmı bilmirəm. Fəqət bunu bilirəm ki, dolu bir
böyüklükdə, bir qüvvətdə bir yerə yağarkən insanların birinə tez təsir edir,
ikincisinə gec, üçüncüsünə heç də təsir etməyir....
İndi baxalım, bu doluların bizə təsiri varmı? İctima nə olmağını biz
düşünürükmü? Doluların təsiri olsaydı, ictimalar da meydana gələrdi. Hankı bir
yığıncağımıza ictima adı qoymaq istəyirsiniz? Məsələ, bu günlərdə bir adamın
kefinə gəlib on, on beş adam başına cəm edib bir məclis açır: "Həzərat,--deyir--
mənim vicdanım qəbul etmir ki, millətin balaları bir-birini öldürsün. Ona görə
sizi dəvət etmişəm, tainki bir yol aramaq, böylə bir yaman adəti aradan
götürmək".
Zahirdə bu məclisə ictima demək olardı. Çünki qəzetə müxbirləri, ziyalılar və
qarapapaqlılar, hətta qeyri millətdən bu məclisdə hazır var idilər.... Bundan artıq
nə istəyirsiniz? Bununla belə bu məclisə ictima demək olmaz. Çünki haman nitq
söyləyənlər, məsələni müzakirə edənlər xalq, camaat, yainki millət tərəfindən
seçilməmişdilər. Siz indi deyə bilərsiniz, ictimalar var ki, heç bir seçkiyə ehtiyacı
yoxdur. Məsələn: müəllimlər ictimaı, həkimlər ictimaı, injinerlər ictimaı....
Doğru buyurursunuz, bu ictimalar azad ictimadır. Bu ictimaların üzvləri
seçilmirlər. Bu ictimalarda müəyyən bir elmə dair məsələlər müzakirə olunur.
Bir elm barəsində təzə fikirlər, təzə qanunlar həll olunur. Bir neçə ilin ərzində
toplanan gizlin xəzinələr, fənlər aşkar olur, bilməyən öyrənir, bilən öz
təsəvvürünü söyləyir. Demək ki, böylə bir azad ictima məktəb kimi bir şeydir.
Böylə bir yığıncağa, ictimaya vəkil seçmək lazım deyil. Xahiş edən gedər
öyrənər, məlumatını, biliyini artırar....
Məsələ, bu günlərdə Peterburqda müsəlmanların ruhani işlərinə dair açılmış
"ictima" yuxarıda zikr olunan elmi, azad ictimalardan gərəkdir hesab olunsun.
Çünki bu ictimaya hər kəs istədisə getdi....
"Müsəlmanların ruhani işləri", görünür, bir elmdir.... Fəqət bilirsinizmi bu
"elm" hankı məsələlərə dair meydan açır? Arvad, kişi, oğlan, qız, nə bilim, nə
məsələlər.... Yemək-içmək, oturmaq-durmaq, murdar-təmiz, xülasə, demək olar
ki, anadan olandan ta qəbrə gedənədək bu məsələlər də müsəlman ilə
vardır.Yəni, müsəlmanın bütün həyatı bu məsələlərdən asılmışdır, desək də
yarar....
Bu sözləri oxuyub da gözlərinizi bərəldəcəksiniz və deyəcəksiniz: necə ola
bilər ki, bu qədər mühüm məsələlər müzakirə olunsun da, mənim xəbərim
olmasın. Əcəba, mənim həyatım mənimmi, mən bir millət balasımı? Ya
çovğunun, yelin qüvvəti ilə ağacdan kənara düşmüş, toza-torpağa bulanmış,
saralmış bir yarpağammı? Əcəba! Məndə həyat nişanəsi yoxdur?
Yoxdur, əfəndim! Yoxdur!
Bir insan ki, öz hüququnu düşünmədi, o, insan dərəcəsinə hələ çatmamış. Bir
millət ki, həyatına dair məsələlər həll olunan vaxt yatar, lal olar, o millətin
diriliyi şübhəlidir. Bir millətin "yol göstərənləri", "mühüm bir ictimaı"
gizlədərlər isə, millətə aşkar xəyanət etmiş olarlar. İndi iş-işdən keçibdir. Fəqət
qəzetələri oxudunuz isə Peterburqda müsəlmanların ruhani işlərinə dair ictimaın
nə olmağını bildinizmi? Müzakirəyə qoyulan məsələlərə diqqət etdinizmi?
Etdiniz isə "müsəlman fraksiyasının" biliyini, qanacağını, əqidəsini də gərək
biləsiniz. Bu sözləri deyib də fraksiyaya dair fikrimi gizlətsəm, mən özümü
millətə xəyanətçi hesab etmiş olaram.... Fraksiyanın bir üzvü birisinə yazır: filan
vaxtda filan məsələlər müzakirə olacaqdır. Bir özünüz, bir də bir adam
müsəlmanlar tərəfindən filan "ictima"ya gətirərsiniz.... Ah, bədbəxt millət,
düşünürmüsən? Sən seçdiyin vəkil sənin hüququnu ayaqlamaq istəyir.... Sənə
yazmır, sənin hüququnu mühafizət edən, yolunda minlərcə məşəqqətlərdə
bulunan, gecə-gündüz dərdinə yanan, göz yaşı tökən qəzetənə də yazmır. Fəqət
özü kimi bir qanacaqda, bir əqidədə kimsənəyə yazır: gəliniz, özünüz ilə bir
adam da gətiriniz.... Bu adam da özü ilə yoldaşlar apardı. Haman yoldaşlardan
biri də nitq söylədi: həzərat, şəriət ilə 9 yaşında qızı ərə vermək olar, ona binaən
bu qanuna əl dəymək olmaz....
İştə, budur, cənab "vəkilin" camaat işinə, ictimaya olan əqidəsinin səmərəsi!
Böylə bir vəkilin yol göstərməyi ilə nerəyə gedəcəksən? Böylə bir gülünc,
mənasız ictimalardan nə gözləyəcəksən?