"TELEFON"

"Drr.... Drr.... Drr...."
"Hə, kim ola?"
""Bürühani-tərəqqi" idarəsimi?"
"Bəli, siz kim?.... "
"Arı bəy."

"Buyurunuz, nə var, nə yox?"
"Əhvalat çox, fəqət hələ bunları yazınız: cənab konsulun teatr barəsində
verdiyi hesab cəmi rus, firəng, alman, ingilis, yapon qəzetələrində çap
olunacaqdır. Tainki bu millətlər dəxi zəhmət çəkib tufandan tələf olan iranlıların
yetimlərinə ianə göndərməsinlər. Çünki ianə göndərib iranlıların boyunlarına bir
böyük haqq qoyacaqlar. Nə lazım düşüb, canım! Hazır özümüz, allah bərəkət
versin, teatrdan lazım olan pulu götürdük. Qoy əcnəbilər bizim də qeyrətimizi,
həmiyyət-himmətimizi görüb sarsaq-sarsaq söylənməsinlər, "vəhşi müsəlman"
deməsinlər. Bir iş var, yığılan ianə gərək hər şəhərə ayrı-ayrı göndərilə."
Məsələn: əlli qəpik Ərdəbilə və qeyr. Böylə olan surətdə poçta xərci
barəsində məsələ hazırda ciddiyyətlə müzakirə olunur....
"Cənab Arı bəy! Bu barədə Peterburqdan nə xəbər?"
"O barədə vəkillər gələndən sonra böyük "doklad" olunacaqdır...."
Ay Moskva şəhərində bir qız sevmişəm.
Ay sarıbaş sonama dərdim demişəm.
Bağçada güllər,
Oxur bülbüllər.
"Drr.... Drr.... Drr.... "
"Canım, nə söyləyirsən, Arı bəy? Bu şikəstə oxuyan kimdir, qoymur
sözlərinizi yaxşı eşidim, sözünüz yarımçıq qaldı. Söyləyiniz görüm."
"İdarəmi, ha, ha, ha, bağışlayınız, sözüm qurtardı. Ancaq kefim gəlmişdi, ona
görə yavaş-yavaş zümzümə edirdim. Fikr etdim ki, eşitməzsiniz, nə bilim ki,
"telefon" belə gurultu salır."
"Drr.... Drr.... Drr.... "