CÜMƏ SÖHBƏTİ

Yoldaşlıqda gər olmuya ittifaq
Əmrlər yeriməz, olunar nifaq....
Düz gətirməz əhli-nifaq işləri
Ağrıyar başları, sınar dişləri....

Bu sözlər məşhur "Balıq, ördək və xərçəng" əhvalatının müqəddiməsidir.
Uşaq vəqti bu əhvalatı bizə dərs verən böylə bir nəsihət verirdi: balıq, ördək və
xərçəng arabaya qoşulub çəkmək istədilərsə də, lakin çəkə bilməyirdilər, ondan
ötrü ki, bir cinsdə deyildilər. Demək ki, bunlar bir cinsdə olsaydılar, yəni
xasiyyətləri, zatları bir olsa idi, qoşulduqları arabanı bir yerə aparıb çıxardardılar.
Yəni, ittifaq bir cinsdə, bir zatda olan canlı şeylərin aralarında ola bilər.... Balıq,
ördək, xərçəng bir xasiyyətdə deyildilər isə də, hərəkətlərindən ittifaq görünür
idi. Arabaya qoşulmaqları ona dəlalət edir. Bununla belə, "başları ağrıyıb dişləri
sındı", arabanı yerindən tərpədə bilmədilər: balıq su olan tərəfə, ördək havaya və
xərçəng geriyə zor edirdilər....

Bəli, əsil mətləb budur: ittifaq bir cinsdə, bir xasiyyətdə olan canlı şeylər edə
bilərlər və ittifaq olan yerdə nifaq olmaz.... Müəllimimiz böylə bir nəsihət
edərdi, biz müəllimimizi sevərdik. İndi getdikcə məhəbbətimiz dəxi də gərəkdir
artsın. Nə səbəbə artmasın? İnsanın qədrini bir öləndə bilərlər, bir də qeyrilərilə
təfavüt qoyanda. Məsələn, bizim müəllimimiz həmişə söylərdi: "Uşaqlar, ciddücəhd
ediniz, ibtidai kəndi dininizi, dilinizi öyrəniniz, siz dininizi, ana dilinizi
bilməsəniz, millətinizə yavuq olub onun dərdini anlamayacaqsınız. Anlamayan
surətdə onun dərdinə əlac edə bilməyəcəksiniz. Əlac etməyən surətdə nəyə
lazımsınız? Lazım olmayan surətdə millət deyəcək: oxutmaq fəna işdir.
Uşaqlarımız oxuyurlar, lakin bundan nə hasil? Öz mənfəəti üçün oxuyub axırda
mənim dilimi, dinimi bəyənməməkdən isə oxumasa məsləhətdir.... Böylə olsa
millətinizə böyük xəyanət etmiş olursunuz.... Bu nəsihətləri müəllimimiz
söyləyir idi, insafən iş də görür idi. İndi "bu sözlərin əvəzinə" söyləyirlər:
"Uşaqlar! Ana dilinizi unutmayacaqsınız, unutsanız da zərər yoxdur. Ana dilinin
cibinizə xeyri yoxdur. "Xarici" dillərə səy ediniz. Çörək onlardadır.... Mənim
məsləhətimə əməl etməsəniz "yarımçılıq" cərgəsinə daxil olarsınız.... " "Axmaq"
şagirdlərdən biri çox da millətdən dəm vuranda müəllim qeyzlənib deyir: "Ah, nə
çox millət, millət, söyləyib boğazınızı yırtırsınız? Millət mənim cibimdə.... Xa,
xa, xa!!!" İyirmi il bundan müqəddəm bizə deyirdilər:--Oxuyunuz, uşaqlar!
Millət sizi gözləyir.... İndi iyirmi ildən sonra deyirlər:--Millət mənim cibimdə....
Böylə iki bir-birinə bərəks əqidələr! Böylə bir-birinə zidd millət müəllimləri!
Hankını dost tutmaq? Hankısına uşaqları tapşırmaq? Hankısı "hörmətə" layiq?
Mənimmi təsəvvürümü gözləyirsiniz?! Gözləməyiniz, əfəndim! Söyləsək,
yenə də "ətir" məsələsində mahir "diqqətçilərim" köhnə hamamdan dəm
vuracaqlar.... Yenə də "divarın quyruğu var" deyən iftiraçılar məqalələr
"düzəldəcəklər". Yox, əfəndim! Biz kəndi təsəvvürümüzü söyləməyəcəyiz, vəqta
ki, bizim sözlərimiz bir neçə qareyə ağır gəlir. Kəndi sözlərimizi açıq, aşkara
çıxarmaq vacibmi olubdur? Axırda buğz bir payəyə çatar ki, "mərc" ilə məqalə
yazmağı adət edərlər.... Xeyr, əfəndim, fikir ediniz, hankı müəllim millət işinə
yararsa, özünüz söyləyiniz. Biz isə ancaq bunu deyə biləriz ki, ikinci müəllimin
ürəyi "açıqdır", "saf" adamdır, ürəyindəki dilindədir. Bundan savayı, çox
məlumatlı, "bütün" adamdır, "yarımçılıq" deyil! Dəlilmi istəyirsiniz? Buyurunuz,
əfəndim! Təsdiq etsəniz də, etməsəniz də biz anladığımız düyünü açacayız, bəli,
məzkur müəllim məlumatlı gərəkdir ola, yəni millətin işlərinə xəbərdardır: çox
gözəl anlayıbdır!.... Dürüst diqqət ediniz: bir millət ki, başına dəydiyi toppuzu
anlamıya, bir millət ki, öz əli ilə özünə quyu qaza, bir millət ki, yaxşı ilə yamana
fərq qoymaya, bir millət ki, aşkar "bəlanı" özündən rəf etməyə qadir olmaya ...
bir millət ki, bir-birindən təfriqə
düşüb bir-birinin əqlindən, ruhundan, dərdindən xəbər tutmadı.... Bu millət
barəsində nə demək olar? Hərgah millətin hümməti, həmiyyəti, ittifaqı olsaydı,
yəqin ki, onu "cibə" qoymazdılar, yəqin ki, onun lisan müəllimləri "ah, ana
dilindən nə mənfəət" sözlərini fikirlərindən keçirtsələr isə də, açıq deyə
bilməzdilər. Kara nə söyləyirsən, söylə! Kora nə göstərirsən, göstər! Lalın
barəsində nə yazırsan, yaz! Kimdir cavab verən? Kimdir həqq ilə ağızları
bağlayan? Kimdir? Buyurunuz! İndiyədək rus qəzetələri biçarə Spiridonovanın
barəsində proteslər ilə doludur; kişilər, övrətlər, oğlanlar, qızlar qəzetələrdə göz
yaşı ilə yazılmış məktublar dərc edib binəva qızı axır nəfəsdə cəlladların əlindən
xilas etmək istəyirdilər.... Bu ittifaq, ittihad Avropanı da hərəkətə gətirdi.... Siz
nə etdiniz? Tutalım siz siyasi məsələdə "Dardanel" yuxusuna mübtəla
olubsunuz.... Tutalım "Bəndərə gələn dava gəmilərinə" ümid bağlayıbsınız....
Tutalım "ac quzğunlara" rəhm etdiniz.... Orenburq nə oldu? Hankınız bir
məktub yazıb kəndi qəminizi izah etdiniz? Hankınız baykot məsələsini anlayıb
səs-səsə verdiniz?
Yox, əfəndim! Yox! Tamamdır! Qəzetəni vaxt keçirməkdən ötrü
oxuyursunuzsa oxumayınız, o vaxtı pul qazanmağa işləyiniz....
"Kim kimi öldürdü" əhvalatlarını bilmək istəyirsiniz isə istəməyiniz, sizə də
sirayət edər. Ümumi millət işlərini bilməkdən ötrü oxuyursunuz isə diqqətlə
oxuyunuz: hər mətləbə, hər kəlməyə, hər nöqtəyə xüsusən çoxca nöqtələrə diqqət
ediniz, vaxtınız var isə sətirlərin arasına da bir nəzər yetiriniz, oxuduğunuz
məqaləni təkrar ediniz, yoldaşınızdan sorunuz, bəhs ediniz, hamısından artıq
fikrinizi cəmən söyləyiniz, ittifaq, ittihad ediniz! Yoxsa dininiz, diliniz,
ixtiyarınız məzkur arabaya yüklü olub, özünüz balıq, ördək, xərçəng olsanız,
arabanız bir yana çıxmayacaqdır. Biri suya gedər, biri havaya uçar, biri də geridə
qalar.... Yükünüz isə tarmar olar.... Tarmar oldusa, axırınız nə olmağını
anlamayırsınızmı? Anlayırsınız isə niyə bu sözləri oxuyub da, başınızı boş yerə
yırğalayırsınız? "Bunlar cəfəngiyatdır, bunlar adam aldatmadır, bunlardan bir şey
çıxmaz, allah özü yar olsun" deyirsiniz, sonra qəlyanı xoruldadıb sakit
olursunuz.... Pulunuzmu yoxdur? İş görənlərinizmi yoxdur? Nə vaxt bunları cəm
edib bunlar ilə ittifaq etdiniz? Ya edib də axırda nifaq gördünüz? İttifaq! Nifaq!
Biri-birinə zidd, biri-birini puç edən sözlər! Ay çıxanda gün gizlənən kimi, gün
çıxanda ay gizlənən kimi, ittifaq işləyəndə nifaqın nə işi? Fəqət nə
etmək? Bu barədə biz "xoşbəxt" hesab olunuruz, çünki bizim "günümüz"
çıxanda"ayımız" da doğur....
Əcəba!
Bəli, əfəndim, çox təəccüblüdür! İttifaq nifaqı puç edərkən bizdə birbirini
"doğuzdurur". Yüz illər ilə ruhanilərimiz bağlayan ittifaq iki
qardaşın arasına nifaq salmadımı? Müftəxor vəzirlər həmişə ittifaq edib
islam məmləkətlərini puç etmədilərmi? İndi etməyirlərmi?
Ah, tutalım, bu səhvlər mazidə cəhalətdən olmuş, hal-halzırda
"törənən" "ittifaqlara" sözünüz nədir? Buyurunuz,əfəndim! Biz bir-bir
söyləyiriz, lakin unutmamaqdan ötəri siz dəftərə yazınız, ürəyiniz daşdan
isə hümmətiniz, həmiyyətiniz, qeyrətiniz hələ oyanmayıbsa və oyanmağa
ümidiniz yox isə zildə yazdığımız "ittifaq azarına" dair nüsxələri tez-tez
oxuyunuz, bəlkə şəfa tapdınız, indi şəfa tapmasanız da bəlkə qulaqlarınız
doldu, "qulaqlarınız dolarkən bəlkə diliniz öyrəşdi, diliniz öyrəşərkən
bəlkə uşaqlarınızın yanında tez-tez təkrar etdiniz, tainki gələcəkdə bunlar
da sizin kimi "xoşbəxt", "millətpərəst", "hürriyyətpərəst" olmayalar....
İndi yazınız, əfəndim: "ittifaq" azarları bunlardır:
Birinci. Zənginlərimizə dair azar: bunlar ittifaq ediblər ki, əlsizayaqsızlara
pul verməsinlər, sahibsiz naxoşlarımıza azarxana tikilməsin,
sahibsiz qoca övrətlərimiz, kişilərimiz ömürlərinin axırında rahatlıq
görməsinlər, bu hamı müftəxorlar köməksiz qalıb o dünyaya köçməkləri
məsləhətdir. Bunlardan "mənfəət" görünməyir.... Əbəs yerə havanı
korlayırlar....
Bu azara dair nüsxə: evdən kantora gedəndə gözünüzə qara eynək
taxınız, ətrafa baxmayınız.... Ürəyiniz yumşaq olub qorxursunuz isə
ittifaqı pozasınız, kantora fayton ilə gediniz....
Kantora daxil olandan sonra kantor nökəri gələnə "ağa yoxdur" deyib
canınızı "şeytanın" vəsvəsəsindən qurtarar.... Lakin bunlar yeni bir azara
da düçar olublar: yetim, oxuyan uşaqlara kömək olunmasın, bu "gözəl"
ittifaqdır! İnsafdan kənar işdir: kəndi uşağımı oxutmuram, qeyrisininmi
oxumağına pul verəcəyəm?
Nüsxə: bunlar yanınıza gələndə deyiniz: "Yox, atam, mənim
"qeyrətim" qəbul etməz ki, pulumu bu yolda xərc edim, çünki sən də
qurtarandan sonra filankəs kimi namaz qılmayacaqsan, oruc
tutmayacaqsan, səndən millətə nə mənfəət?
İkinci. Cavanlarımıza dair azar: Rusiyada aclıq olmağına görə bunlar
ittifaq ediblər ki, Rusiyadan gələn "övrətlərə" kömək etsinlər....
Nüsxə: qəstin sahiblərilə dost olmaq.
Üçüncü. Müəllimlərimizə dair azar: ana dilinin həqqində ittifaq
ediblər: uşaqlar kəndi dillərini "gözəl" bilmirlər; insan da öz dilində
yazanda və ya söyləyəndə qələt buraxarmı, böylə olan surətdə sərf-nəhv
lazım deyil.
Nüsxə: sərf-nəhv kitablarını gizlədiniz. Qeyrilər lazım görsələr
"yoxdur" deyiniz, hankı kitabdan oxudaq?
Dördüncü. Cümə günü dükanlarını açan xozeyinlərə dair azar:
"İttifaq"namə qayırıb dükanbədükan gəzirlər, qol qoydururlar ki, cümə
günü dükanlarını açsınlar.
Nüsxə: qorodovoy "aşnalarınıza" pul veriniz, bağlı dükanları zor ilə
açsınlar....
Beşinci. İncinerlərimizə dair azar: bunlar böyük ittifaq ediblər ki,
fəhlələri "qurdlardan" mühafizat etsinlər.
Nüsxə: xozeyinlərimizə deyiniz. Tələbələr, studentlər ictimaiyyuninqilabiyyun
firqəsindəndirlər....
Altıncı. Yazanlarımıza dair azar: ərəb-fars kəlmələrini nerədən olsa
arayıb tapmaq, ana dilini "dövlətləndirmək".
Nüsxə: "Molla Nəsrəddin"in 3-cü nömrəsində Axund Mirzə
Əbülqasımın mövizəsini təkrar ediniz.
Yeddinci. Həkimlərə dair azar varsa da, özləri yaxşı bilirlər....
Hələ fikrimizə gələn "ittifaqlar" bunlardır. Lakin dürüst diqqət ediniz.
Bu ittifaqlar axırda nifaq doğulmağına səbəb olacaqdır. Bu ittifaqların
puç olmağına şəkk yoxdur....
Durnovo ilə Vittenin ittifaqı puç olanda bunlara nə var? "Bu
cənablar"ın ittifaqı bütün Rusiyada vəqtində nifaq salıb həqq yolunu
arayan hürriyyətpərəstləri axırda bir yerə cəm etdi. Bunlar gördülər ki,
hamısı ümumi bir dərdə mübtəladırlar.... Dərdin əlacını həqiqi ittifaqda
gördülər.... İttifaq edib də nə oldu? Dövlət dumasına sol firqədən
əcdahalar seçildilər. Vitte bunları görüb "yorulmuşam, mənə rahətlik
lazımdır" dedi....
İndi siz nə fikirdəsiniz? Etdiyiniz "ittifaqlar" çoxmu dövran
edəcəkdir? Məgər vədə etdiyimiz qara taxtalar bozmu qalacaqdır? Ya ki,
"baykotlamaq" felinin failimi olmayacaqdır? Yoxca fikir edirsiniz ki,
bizim ağzımız yenə də otuz il bağlanacaqdır? Siz də öz bildiyinizi
edəcəksiniz. Yox, əfəndim, çox səhvsiniz! Getdi sizin "rahətlik" vaxtınız!
İndi bahar gəlmiş ... zimistan qələmləri sınmış ... siz "ittifaqçılar"
yükünüzü yolun ortasında oyursunuz isə, indi adam tapılar ki, haman
yükü bir yana çəkib çıxartsın....