CÜMƏ SÖHBƏTİ

Məhəbbət bir bəladır kim, giriftar olmayan bilməz! İndi əsil məhəbbət
fəslidir! Nerəyə baxırsınız məhəbbət iyisi gəlir. İndi cürət ilə demək olar
ki, "cahan tazə tər oldu". Bir ay bundan müqəddəm kişilər kürkdə, qalın
paltoda, boyunlarını kirpi kimi büzmüş, papaqları gözlərinin üstə, əlləri
ciblərində, turş üzlü, evdən çıxanda bir baş tələsmiş işlərinə gedirdilər,
hətta salam da verəndə salamınızı almayırdılar, papaqlarını
götürməyirdilər. Bu nə söz? Əcəb edirdilər! Soyuqda başmı açmaq olar?

Səsmi çıxartmaq olar? İstəyirsiniz başınıza soyuq dəysin, sonra çərənpərən
söyləyəsiniz, yainki ciyərinizi soyuq alsın, sonra Samaraya
gedəsiniz, yox, əfəndim, yox! Bu bir pis adətmiş, ələlxüsus şimal yeli
əsəndə.... Bəli, dəsgah ondadır: kimi üzünə dəsmal salır, kimi gözlərinə
torlu çeşmək taxır, kimi üzünü əlləri ilə tutur, kimi çuxasının ətəyi ilə, di
buyurunuz, indi dostunuzu tanıyınız. Arvadlarımızın halı dəxi pis. Hankı
övrətlərin? Müsəlmanmı? Xeyr, əfəndim!.... Bu biçarələrin barəsində nə
 söyləmək. Bunlarda heç bir təğyir görünməyir, məhəbbət həmçinin. Biz
"məhəbbətə" mübtəla olmuş, ya məhəbbət arayan adamları nəzərimizdə
tuturuz. Bizim biçarə övrətlərimiz həmişə bir "qayda", üzləri örtülü öz
işlərinə gedirlər.... Bizim işimiz "madonnalar" ilə, "barışnalar" ilədir,
"təğyir" bunlardadır!
Qışda gördüyünüz "barışnanı" yazda tanımayırsınız. Bu qədər təğyirilibas!
Bu qədər xoşsifətlik! Nə deyim! Həqiqət, qışda bunların halları çox
çətindi.... Qalın paltar bunları pis göstərir: qış paltosu dizəcən, "ayaqları"
böyük qaloşda, üzləri çox vaxt vual ilə örtülmüş, əlləri "fırtılıq
mitkaçığında".... (Barışnalar məni əfv etsinlər! Burunlarını silib
yaylıqlarını gizlədən şeyi rusca unutmuşam. Ona görə özümdən ad
tapdım). Yazıqlar soyuqdan donlarını da çəkə bilmirlər ki, parça
yubkalarını göstərsinlər. Dəxi bəs nə qaldı? Yazıq kavaler nəyə məhəbbət
bağlasın? Məhəbbət üzə olar--üz vualda, ayağa olar--ayaqlar böyük
qaloşlarda, əllərə olar--əllər fırtılıq mitkaçığında, yubkaya olar, o da
görünməyir. Nə qaldı? Nəyə məhəbbət bağlamaq? Bir əxlaq-ətvar qaldı.
Bu məsələni heç həll etməmək. Bir də kimdir belə şeyləri axtaran? Göz
görməsə, könül sevməz, "əxlaq-ətvarı" çox da yaxşı olsun, gözümüz ki,
görməyir.... Xeyr, bu fikirlər "filosoflara" layiqdir.... Onlar gözəl "ruh",
gözəl "əqidə" arayırlar. O zamanlar getdi! İndi insanın əqli, qəlbi
gözlərindədir. Hankı "filosof" olmuş olsa, indi yaz fəsli bizim
"madonnaları" görsə, ruh yox ki, ruhun babasını da unudacaqdır. Həqiqət,
bir fikir veriniz: bu balaca, zərif, dabanı iki verşok yerdən qalxmış
ayaqlara! Ondan bir az yuxarı rəngbərəng, "şıq-şıq" yubkalara! Gözəl
gərdənə! Şümşad əllərə! Nazik bellərə! Tərlan boylara! Gözəl sifətlərə!
Bunların hamısı bir yana, təzə çıxan tənzif donlar bir yana!
"Madonnanın" üzü bizim 60 yaşında Yetər xalanın üzündən də pis olsa,
yubkaları, döşləri, qolları göstərən dondan geyindi, bəsdir! Xeyr, bu bir
ayrı dəsgahdır! Qeyri bir aləmdir! "Filosof" yox ki, "filosofun" babası da
küçədə bunlara baxmamış keçə bilməyəcəkdir. Şairlər belə fikir edirlər,
guya bahar fəslində məhəbbəti gətirən güldür, çiçəkdir, lalədir,
bənövşədir, bülbüldür. Xeyr, məhəbbəti gətirən bu tövr paltarlardır!
İnanmayırsınız, zəhmət qəbul edib bu gün buyurunuz bağa, bülbüllərə
tamaşa ediniz! Mən söylədiyim sözlərdə yalan görsəniz, bundan sonra
felyetonumu oxumayınız. Qeyri bağlarda bülbül ağaclarda gəzərkən, bizim
 bağda "bülbül" yerdə gəzir. Bülbüllərin əvəzinə sərçələr
cibildəşirlər.... Elə də gərək olsun, sərçə nəyə lazım.... Əti dadsız olur....
Bülbül gül koluna aşiq olanda, sərçə tut ağacına aşiq olur!.... Pəh-pəh!
"Heç dəxli var?" İnsanınkı sərçələrlə tutarmı? Xeyr, əfəndim! Sərçələr
"bülbüllərin" əvəzində yerdə gəzsəydi, bağımızda məhəbbət əlaməti
görünməzdi. İndi bir nəzər yetiriniz dəniz kənarına.... Bir yandan
dəryanın ləpəsi trotuarı yaş edib "madonnaların" iyirmi manatlıq
tuflilərini bir saatda xarab edirdi. Həmçinin uzun donlar bir batman
palçıqla evə gedirdi. Ondan savayı paraxodların səsi, hisi, tüstüsü?....
Bəli, bu qaydasız işlər bir tərəfdən, o biri tərəfdən də "katasiya" edənlərin
tozu. O zaman "məhəbbət" görünürsə də, bahardan sonra "Samaraya
gedənlərin" ədədi də çox-çox olurdu. İndi, xeyr! İndi bir özgə aləmdir!
Paraxodlar bir verstlikdə durur, gəzənlərlə onların aralarında bir yekə
bağ, bostan, gülzar, laləzar! Bütün dəniz kənarını tutubdur! Xeyr, indi bir
qeyri dəsgahdır! Əsil məhəbbət yeri! Əsil təmiz hava çəkməli yer! Əsil
gəzməli yer! Trotuar--səki başdan-başa qırlanıb gündə sulanır, mərmər
kimi işıldayır. Həmçinin küçənin ortası, "bir dərəcə" də toz yoxdur!
Haradan olsun? Faytonlarımız hamı rezinli, "madonnalar" gödək
donlarda, küçələr gündə sulanmaqda! Nerədən toz gəlsin! Qədim vaxtlar
"şəhər atalarımız" camaatı sevməyirdilər, "məhəbbət bəlasına" düçar
olmamışdılar. İndi xeyr! Hürriyyət zamanıdır, necə olar ki, məhəbbət
olmasın? İndi hər kəsin "məhəbbəti" olmuş olsa, açıq-aşkara söyləyə
bilər. Qədim vaxt şəhər kassasına çox da zəhmət vermək olmazdı.
Dövlətdən xof eləyirdilər. İndi şəhərlə dövlətin "məhəbbətləri" artıq
dərəcədədir. Nə istəyirsən elə, lakin "iş" olsun. Bəli, hər şey pulun,
məhəbbətin başındadır! Pul ki, məhəbbət ki oldu, şəhər də abad olar....
On il bundan müqəddəm kimin əqlinə gələrdi ki, o tövr "naberejnini"
Batum bulvarına oxşatsın! Hələ deyirlər bu yavuqda bizim bulvarda
muzik də çalacaqlar. Ay nə olardı? Biçarə pasaj maqazinçilərinin canları
qurtarardı! Nə etmək, əfəndim? Bir qeyri yerimiz yoxdur. Nerədə bəs
"məhəbbət" aramaq? Nerədə "gözəlləşmək?" Nerədə məhəbbətini izhar
etmək?.... Bundan yaxşı yer yoxdur. Səki dar, adam çox. Bəli, səkinin
darlığı şərtdəndir. Haman küçə, haman mağazalar! Nə əcəb, rubəruda
olan səkinin üstə gəzməyirlər? Ondan da enli! Xeyr, əfəndim, yaxşı
tapıblar.... Gözəl fikirdir.... Nə qədər insan bir-birinə yavuq olsa, o qədər
 "məhəbbət", mehribançılıq artar. Mağaza sahibləri arşın
böyüklüyündə elan yazıb yapışdırırlar: "Təvəqqe ediriz mağazanın
qabağını kəsməsinlər". Ay yazıqlar! Siz müştəri fikrindəsiniz, lakin
gəzənlərin fikirlərindən xəbərdar deyilsiniz! Belədir, əfəndilər!
"Məhəbbət bir bəladır kim, giriftar olmayan bilməz!" Dünyanın işi
belədir, bir-birimizdən xəbər tutmayırız, bir-birimizin dərdini bilmək
istəyiriz. Odur, erməni kilsəsinin yavıqlığında olan müsəlman
mağazalarının sahibləri--bir neçə əttar, Quba meydanında olan müsəlman
qardaşlarının əhvalından xəbər tutmurlar. Belə şeymi olar? Bu günlərdə
Quba meydanında olan dükançılardan biri bizə xəbər göndərib deyir:
allah oxuyanların atalarına rəhmət eləsin! Allah analarını həzrət Fatiməyə
bağışlasın! Allah onlara tul ömür əta eləsin! Allah onların kölgəsini bizim
üstümüzdən əskik etməsin!! Mən, deyir, bu günədək bala məhəbbəti nə
olmağını bilməyirdim. İndi yavaş-yavaş anlayıram.... Bundan mütəddəm
gecədən səhər namazımı qılıb dükana gedirdim, tamam gün dükanda
qalıb, axşam saat 11-də evə gəlirdim. Mənim dörd yaşında bir oğlum var,
həftədə bir dəfə də ayıq görməyirdim; dükana gedəndə yatmış olurdu,
dükandan gələndə həmçinin.... Nə isə, fikrim dükan işlərində olub
oğluma diqqət etməyirdim. İndi neçə cümədir dükanı bağlayıb evdə
otururam. Əvvəlinci cümə oturub çay içirdim, oğlum yuxudan oyanıb
anasını çağırdı. Anası işə məşğul idi. Səsinə mən getdim. Yanında əyləşib
başladım oğlumu sevələməyə, oğlum isə mənə acıqlı baxıb dedi:--"Mən
anamı istəyirəm, səni istəmirəm". Dedim: "Oğlum, anan işə məşğuldur,
gəl mənim yanıma". Bunu demişdim uşaq bir nalə çəkdi ki, yavaş durub
otaqdan çıxdım və anasını göndərdim. Anası gedən kimi oğlum səsini
kəsdi. Oynaya-oynaya durub üzünü yudu, sonra bizimlə bərabər çay
içməyə başladı. Mən bununla söhbət edirdim, mənim sözlərimə qulaq
verməyib anasilə gəlib danışırdı. Doğrusu, mənim buna həsədim tutdu.
Nə olan şeydir, oğlum məndən niyə qaçsın? Niyə mənimlə söhbət
etməsin? Bu fikirlə bazara gedib bir az yemiş aldım, evə gəldim, yemişi
oğlumun qabağına tökdüm. Oğlum gülə-gülə gəldi yanıma, başladı
yemişi bir-bir dənləməyə. Qurtarandan sonra qucağıma götürdüm,
gördüm gəlir. Naharadək oğlumla oynamışam, nahardan sonra oğlumu
geyindirib apardım, konkaya minib dəniz kənarına getdik.... Oğlum
şadlığından bilməyirdi nə etsin. Onun şadlığını görüb özüm də şad olurdum.
 Sonra evə gəldik, oğlum anasının üstə düşüb başladı gördüyü
şeylərdən nəql etməyə. Nə gözəl halətdir. Mən özüm ola ki, oğlum kimi
nəql edə bilməzdim. Sözünü qurtarıb oğlum yanıma gəldi. Boynumdan
qucaqlayıb üzümdən öpdü. "Yenə də gedəcəyizmi?"--deyib sual etdi.
"Əlbəttə, oğlum",--deyib cavab verdim. İndi neçə cümədir oğlumun
məhəbbəti mənə, mənim məhəbbətim oğluma artmaqdadır.... Həqiqət, nə
gözəl halət! Nə gözəl məhəbbətdir. Bundan sonra desələr cümə günü yüz
manat nəfim olacaqdır, yenə də dükanı açmayacağam. Bu məhəbbəti yüz
manata satmaqmı olar? Oğlum günləri sanıyır, nə vaxt cümə olacaqdır.
Mən də gözləyirəm nə vaxt balam məni qucaqlayıb üzümdən öpəcəkdir.
Nə vaxt səhərdən axşamadək evimdə oturub ev işlərinə diqqət edəcəyəm
və özüm dəxi dünyanın məşəqqətindən heç olmasa həftədə bir dəfə rahat
olacağam....
Mənim rəfiqlərimdən biri rast gəlib deyir: "Bu nə gözəl adətdir. Keçən
cümə çay vaxtı oturub türk qəzetəsi oxuyurdum.8 yaşında oğlum gəlib
yanıma deyir: "Avazdan oxuyunuz, mən də eşidim". "Bakı xəbərləri"ndən
mən də bir neçə əhvalat
oxudum. Oxuyub qurtarandan sonra mənə çox qəribə, təəccüblü
suallar verib cavab istəyirdi. Mən ki, oğlumda bu fərasəti bilməyirdim.
Cümə olmasaydı, indi ola bilsin ki, hələ yenə də bilməyəydim. Xeyr, indi
anlamışam ki, uşaq ilə atanın söhbəti lazımdır.... Uşağın əqilli sözləri
ataya ləzzət verərmiş....".
İndi cümə günü dükanlarını açan müsəlman qardaşlar yuxarıda zikr
olunan qardaşlarımızın dərdlərindən xəbərdar olsaydılar, onların
fərzəndlərinə olan məhəbbətini və fərzəndlərin atalarına olan
mehribançılığını hiss etsəydilər, yəqin ki, dükanlarını, mağazalarını
cümə günü bağlardılar. Həqiqət, bir fikir ediniz, uşağın atasına
uşaqlıqdan bir fərzəndin atasına olan məhəbbəti olmasa, ata oğluna lazım
olan şeyləri vaxtında təlim verməsə və vaxtında onun fərasətinə görə iş
görməsə, böyüyəndə böylə oğuldan nə gözləməli? Uşağın cibini pulla
doldurub onun məhəbbətini gözləmək böyük səhvdir. Uşağın məhəbbəti
pula artır, nəinki atasına. Uşağın ruhuna, əqlinə yem vermək, onun bu
cəhətdən dərdini bilib vaxtında əlac etmək! Və illa pulun zoruna
məhəbbət bağlamış fərzənd "Molla Nəsrəddin" jurnalını dustaq edən
qorodovoya bənzər. Bilirsinizmi, qorodovoy "Molla Nəsrəddin"i nə səbəbə dustaq etmişdi?
 Aşkardır ki! Biçarənin məhəbbəti medaladır. Aparıb
pristava veribdir ki, pristav buna afərin desin, yazıb yuxarıya bunun üçün medal
gəlsin! Lakin "Molla Nəsrəddin" qorodovoya və onun ağasına medal yerinə
istehza bəxşiş etdi.... Ümid ediriz bu əhvalat jurnalda dərc oluna. Afərin belə
diqqətçilərə! Afərin belə qanun hamilərinə, bu hələ heç! Bir qeyri qorodovoy
ağasına bundan da yaxşı məhəbbət göstərmək istəyirmiş: bir dəvəçi iki baş qənd
alıb dəvənin üstə aparırmış. Küçədə cənab "qorodovoy" dəvəçini tutub deyir:
"Gedək bu saat polisəyə.Bu qənd "kandrabatdır". Dəvəçi hərçi yalvarır, olmayır.
Axırda deyir: "Gedək aldığım mağazadan sual edək". Ağa qorodovoy "poşol
çort" deyib, biçarəni polisəyə sürüyür. Axırda bir rusca bilən rast gəlib ağa
qorodovoydan əhvalatı soruşur. Qorodovoy:--"Kandrabatdır, polisəyə aparıram"
deyib cavab verib. Rusca bilən ağa qorodovoya deyir ki, qənd tamojnadan alınır,
"kandrabat" olsa orada özləri tutub saxlarlar və lazım olan tənbehi edərlər. Ağa
qorodovoy "izvini tak" deyib, biçarəni buraxdı. Biçarə qorodovoyun "məhəbbəti"
qulluğa, medala nə payədə artıq düşübsə, dəvəni paraxod hesab edibdir! Bir
zaman bir para müsəlmanlar qazaqlara da böyük "məhəbbət" salmışdılar.... İndi
haman qazaqlar Cəbrayıl uyezdində əqlə gəlməyən zülmləri müsəlmanların
başlarına gətirirlər, övrətlərə, qızlara sataşırlar.... Bu günlərdə müsəlmanlar
cənab Durnovoya teleqram göndərib kömək istəyiblər. Durnovo isə işi canişinə
həvalə edib cavab veribdir ki, belə məsələlərlə onu narahat etməsinlər....
İndi bunun cavabı nədir? Məgər Cəbrayıl əhli namestnikin Qafqazda böyük
olmağını bilməyirdilər? Çox yaxşı bilirdilər, fəqət başlarını itirmiş Cəbrayıl əhli
görünür fikir ediblər ki, cənab Durnovonun rəhmi çoxdur,"məhəbbəti"
müsəlmanlara artacaqdır. Əfsus! Əfsus! Yenədəmi Durnovonun, Vittenin
ətəklərindən yapışırsınız? Yenədəmi bilə-bilə, eşidə-eşidə, görə-görə gözünüzü
kor, qulağınızı kar, dilinizi lal edirsiniz?