CÜMƏ SÖHBƏTİ

Novruz bahar oldu,
Cahan tazə-tər oldu.
Rəf oldu ələmlər...."

Bu sözləri deməyə bizim hələ ixtiyarımız yoxdur. Doğrudur, "novruz
bahar" oldu. Lakin cahan tazə-tər olmayıbdır və nə də ələmlərimiz rəf
olubdur.... Bu günədək qış paltarından çıxmaq olmur, ağaclar çiçəkləmir,
bülbüllər oxumur. Həmişəki yel, toz "ovqatımızı təlx edir". Şimal
tərəfdən gələn qara buludlar günün qabağını tutub, qəmimizi dəxi də artırır....

Böylə baharmı olar?.... Bir "quru" bağdan savayı baharın
nişanəsini heç bir yerdə görmürüz: oranı da ancaq yaşıl ot zinətləndirir.
Özgə bir şey yox. Səhv etdim, əfəndi! Doğrudur, ağaclar hələ zinət
tapmayıblar. Lakin onlara zinət verən "madonnaları", "kavalerləri"
unutmaqmı olar? Bunlar bahar quşlarıdırlar....
Baharı gətirən bunlardırlar. Kimdir ağaclara baxan? İnanmırsınız,
bağda gəzənlərə diqqət ediniz. Çox az adam görərsiniz ki, başını qaldırıb
ağaclara baxsın.... Bağa daxil olan dəm gözlər "civildəyir". Bilmir hansı
ağacın altında oturan "zinətə" baxsın.... "Zinət!" Nə gözəl, nə zərif
sözdür! Böylə də fikir etməyiniz ki, "zinət" bir insan üçün lazımdır! Xeyr,
əfəndim! Heyvanlar da özlərinə zinət verirlər. Məsələn, pişik çox zinət
sevən heyvandır, lakin heyvanın zinətilə insanın zinətində təfavüt var.
Pişik günəşdə oturub qabaq ayaqları ilə üzünə və bədəninə tumar edir,
pırtlamış tüklərinə seyqəl edir. İnsan isə daraq ilə başının tüklərini
düzəldir, pişik tüklərini tüpürcək ilə yaş edir, insan isə ağır, qiymətli
"Adikalon", "Landış", "Siren" kimi ətirlə başını yaşlayır, əllərini, döşünü,
boynunu, aya.... Əfv ediniz əfəndim, istəyirdim ayaqlarını da deyəm....
Yaxşı ki, səhvimi tez başa düşdüm. Xeyr, ayaqlarını ətir ilə sürtməyirlər,
lakin haman ətirlərdən vannanın içinə töküb çimirlər! Bundan səhvim
yoxdur, zənn edirəm. [...]
Hər nə olmuş-olsa, zinətsiz işimiz yola getməyir; qocalarımız zinətə
məşğul olanda cavanlarımız hay-hay olacaqlar, bir şey ki, insanı göyçək
göstərir, niyə etməsin? Bir şey ki, "madonnalara" xoş gəlir, nə səbəbə
haman şeydə tərəqqi etməsin? Məsələn, "madonnalara" "tans"xoş gəlirsə,
gərəkdir "tans"da tərəqqi etsinlər: "katasiya" da lazımsa, dəniz kənarında
gərəkdir hər gün bu işə məşğul olsunlar.... Xülasə, "Tərəqqi!", "Tərəqqi!"
lazımdır. Afərin, zəngin cavanlarımıza! Böylə şeylərdə böyük tərəqqi
ediblər. Gülməyiniz, əfəndim! Həqiqət bu da "tərəqqidir". Kənd cavanları
ilə şəhər cavanlarına təfavüt qoysanız mənim sözlərimi təsdiq edərsiniz.
Lakin hər yerin bir tərəqqi yolu var: kasıb şəhərlərdə cavanlarımız elmdə,
fənndə, sənətdə tərəqqi edərlər, dövlətli şəhərlərdə böylə şeylərdə tərəqqi
etmək vacibatdandır.... Doğru sözümdür: hərgah bu yolda tərəqqi
etməsəniz "obrazovannı" cavanların dəstəsinə daxil ola bilməzsiniz....
Çarəniz nədir? "Şəhərdə gördün gözü qıpıq, sən də ol gözü qıpıq". Yainki
"Zaman sənə uymasa, sən zamana uygilən!" Həqiqət böylədir! Hər
işimiz "uydurma" gərək olsun. Məsələn, adınızı ədib qoyubsunuz; əlinizə
qələm götürməmişdən müqəddəm qarelərinizi nəzərə gətiriniz, görünüz
oxuyanınız kim olacaqdır? Məlumatlı, mədəniyyətli şəxslərdir, yainki
"Molla Nəsrəddin müridləri"; hər halda, sözlərinizi, fikrinizi
"uydurunuz": Molla Nəsrəddin müridləri üçün sadə, mədəniyyətli üçün fəsih lisanda yazınız.
 Açıq söyləmək: millət elmdə tərəqqi tapıbsa,
fəsahət bəlağətlə yazınız, tərəqqi etməyibsə ha, böylə boş şeylərdən,
"zinətdən" söyləyiniz.... Şükür allaha, fəsih lisanda yazanlarımız az
deyil. Bunlara irad yoxdur. Məzkurlar alimdirlər, "elm" yolunda canlarını
çürüdüblər: sadə dildə yazmaq bunlar üçün çətin məsələdir. Eybi yoxdur,
əfəndilər, yazınız, lakin türk dilini bilmərrə kənar etməyiniz. Çünki yeni
ədiblərimizin əksəri "uydurur", yəni sizin kimi fəsih lisanda yazmaq
istəyirlər; siz türk dilinə yavıq olduqca oların da fars və ərəb sözlərinə
məhəbbətləri o qədər artmaz. Artmayanda "Molla Nəsrəddin müridləri"
əqlə və ruha lazım olan yemdən məhrum olamazlar. Bunu da ədiblərimizə
eyib tutmayırız, nə etmək? Ədəbiyyat dilimiz türk, ərəb və fars
dillərindən mürəkkəb bir lisandır. Heç çarəmiz yoxdur, dilimiz "loru"dur,
kasıbdır. Yamaq lazımdır, "zinət" gərəkdir, deyirlər.
Sözümüz yoxdur, əfəndim! Razılıq verib dilimizin qüsurlarını
"dəftərin bir kənarına yazarız". Lakin "qospodin predsedatelin mineniyası
komissiya naznaçit eləməkdir". Biz "isbalşim udovolstviyom, soqlasiya
zayavit eliyoruz" kimi ləhcələri hankı dəftərin kənarına yazmaq
mümkündür? İmdi bu yerdədəmi türk sözlərini unudubsunuz? Ya ruscamı
elminiz artıq düşübdür? Ya rusca bilməyinizimi göstərmək istəyirsiniz?
Yainki türk dilinə "zinət"mi verirsiniz? Anlamayırız və anlaya da
bilməriz! Ərəb-fars sözlərini işlətməyə hər cəhətdən ixtiyarımız var, fəqət
bu tövr rus sözlərini işlətməyə heç cəhətdən ixtiyarımız yoxdur. Ondan
savayı, rus özü razı olmaz ki, onun sözlərini qolsuz, qılçsız qoyub
"şaltay-baltay" söyləyəsiniz. Böyləmi? Böylə isə türk balası heç vaxt razı
olmaz ki, ana dilinə xəyanət etsin. Xəyanət?!
Bəli, xəyanət! Bir dəfə yox, yüz dəfə yox, min dəfə! "Şaltay-baltay"
söyləməyinizi yazacayız, bağıracayız, hər halda, müsəlman balalarına
xəyanət etməyinizə razı olmayacayız, istiqbalda bunların halını nəzərə
almırsınız ya? Eləmi? Əfv ediniz, əfəndi! Onları da özünüzə oxşatmaq
istəyirsiniz isə biz mane olacayız, olmasaq millətə xəyanət etmiş oluruz.
Biz deməyiriz rusca danışmayınız! Xeyr, əfəndim! Hərgah mətləbinizi
təmiz ana dilində söyləyə bilmirsiniz, söhbət etdiyiniz adam rusca
anlayırsa, nə eybi var, təmiz rusca söyləyiniz. Nəinki "şaltay-baltay" edib,
asan türk kəlmələrinin yerində rus sözləri işlədəsiniz.
Yox, əfəndim! Məclislərdə döşünüzə vurub "pojaluystə" demək ilə
milləti qabağa aparmayacaqsınız: millətin dilini bilməmiş onun dərdinə
dava etmək çətindir. Lakin biz deməyiriz, əfəndilər, tərcümə edən kimi
"samovara" özündən qaynayan adı qoyasınız. İndi anladınız nə söyləmək
istəyiriz?
Bəli, əfəndim! Hamı sözü tərcümə etmək mümkün deyil. Bəlkə
tərcümə etsəniz mənası dəyişirilər. Ona görə tərcümə məsələsində böyük
ehtiyat lazımdır. Məsələn: "hürriyyət" bəxşiş edən sözlərə diqqət edib
hamısını tərcümə etməmək. "Sosial-demokrat-ictimaiyyun amiyyun!"
"Sosial-revolyusioner-ictimaiyyun inqilabiyyun". Pəh! Pəh! Nə gözəl
tərcümə ediblər! Böylə tərcümələrə sözümüz yoxdur: "İctimaiyyun"
kəlməsi "sosial" sözünü dürüst andırmasa da, bizim böylə tərcüməyə
sözümüz yoxdur. Lakin "provokator", "xuliqan" sözlərini tərcümə
etməkdənsə etməmək məsləhətdir.
"Provokator!", "Xuliqan!" Pəh! Nə gözəl, nə dəyərli sözlərdir!
"Pojaluysta" sözü ilə türk dilinə "zinət" verməkdənsə, bu sözlərlə
zinətləndirmək yaxşıdır. Amandır, mütərcim əfəndilər, bu sözlərə "zinət"
verməyiniz!
"Provokator"--"araqarışdıran", "xuliqan"--"yaxşını pis qələmə verən"
mənasına tərcümə etsəniz "provokatorlar", "xuliqanlar" yəqin ki,
mütərcimlərdən şikayət edərlər, böylə "gözəl" sifətlərdən onları məhrum
etmək insafdan kənardır, zənn ediriz. Əcəba! Hürriyyəti pisləyən
"xuliqanlar", iki milləti bir-birilə yağı edən "provokatorlar" yüz min
zəhmət, məşəqqətlə özləri üçün "gözəl" sifətlər əxz ediblər. İndi siz lüğət
zoruna bu kəlmələri tərcümə edib, sifətlərinə bir qeyri rəng
istəyirsinizmi? Yoxsa məlumatlı olmağınızı göstərmək istəyirsiniz?
Böyləmi? Böylə isə, buyurunuz, əfəndim: "baykot" sözünü tərcümə
ediniz, gücünüzü, məlumatlı olmağınızı göstəriniz, əfəndim! "Baykot"
kəlməsini tərcümə etsəniz "baykota" layiq olan adamların "ismişəriflərini"
qara taxtanın üstündən pozarıq, inanmayırsınız ya? İnanız,
əfəmdim! İstəyirsiniz teleqram pulunu mən qabaqca verim. Mərcimi
uduzsam özünüz mənim xərcimə Orenburq müsəlmanlarına tel vurunuz,
tainki "məşhur" əfəndimizin "ismi-şərifini" qara taxtadan xilas etsinlər....
Yox, əfəndim, əbəs yerə başımızı ağrıtmayınız, "baykot" sözünü tərcümə etmək istəyirsiniz isə ibtida "Qasım", "Tiflis", "Moskva", "Maşa", "Saşa"
sözlərini tərcümə ediniz.
Bu sözlər ismi-xasdır, nasıl tərcümə etmək? Eləmi? "Baykot"
həmçinin ismi-xasdır, əfəndim! Anladınız? Lakin bu "xoşbəxt şəxs" kim
olubsa, bilmirsiniz, zənn edirəm. Mən söylərəm: İrlandiya dövlətində
cənab lord İrnanın böyük mülklərinə baxıcı Çarlz Baykot olub, cəmi
ixtiyarat onun əlində imiş. Cənab Baykot lordun mülklərini icarəyə verib
icarədarlar ilə çox yaman rəftar edərmiş. İcarədarlar cənab Baykotun
zülmlərinə, əziyyətlərinə xeyli vəqt davam edib ah və nalə edərlərmiş.
Lakin bunların barəsində olan zülm bir payəyə çatdı ki, kənar şəhərlərdə
də cənab Baykota lənət edirdilər. Axirüləmr İrlandiya camaatı
icarədarlara olunan zülmləri qəbul etməyib lənətnamə düzəltdi ki, Baykot
ilə heç kəsin əlaqəsi olmasın. Böylə də həqiqət oldu: böyük, kiçik, hamı
əlaqəsini Baykotdan bilmərrə üzdü. Hətta iş bir yerə çatdı ki, aclarından
ölən fəhlələrə Baykot birə-on artıq pul verirsə də, fəhlələr ölməyə razı
olub Baykota işləməyirdilər. Baykot cənabları tək-tənha qalıb,
İrlandiyadan qeyri dövlətə qaçdı....
İndi bir dürüst diqqət ediniz. Millətin qeyrətinə, hümmətinə, ittifaqına,
ittihadına!
Bəli, "Baykot cənablarını" baykot etdilər, yəni onu topsuz, tüfəngsiz
camaat öz arasından rədd etdi. Ruslar "baykot" sözündən fel düzəldiblər.
Biz də "baykotlamaq" desək, nə eybi var? İndi lisanımız yeni fel artmaq
ilə qüvvətləndi. Fəqət təzə kəlmənin yadda qalmağı üçün gərəkdir çox
təkrar etmək, bu məqsədlə biz də təkrar ediriz:
1) hürriyyətə düşmən olanlar "baykota" layiqdirlər;
2) axundlar, əfəndilər məvaciblərinin artmağına səbəb və yaxud
Anna, Stanislav nişanlarını almaq üçün quranın ayələrinə təğyir versələr,
onları baykotlamaq lazım gəlir;
3) öz mənfəətini nəzərdə tutub millətə xəyanət edən şəxsi
baykotlayınız;
4) ittifaq və ittihadi-islama bərəks olanları "cənab Baykot" adı ilə
çağırınız;
5) mədəniyyətə düşmən olan müsəlmanları baykotlayınız;
6) fəhlələri heyvan dərəcəsində tutub dərdlərinə diqqət etməyən
adamları baykotlamasanız dərdinizə çarə olmaz;
7) mümkünü olub, millətin hər cəhətdən tərəqqisinə çalışmayanları və
çalışanlara mane olanları baykotlayınız;
8) ana dilinə "şaltay-baltay" ilə zinət verənləri baykotlamasanız da, bu
adətdən daşındırınız.
Hələ bizim təsəvvürümüzə, baykota layiq olanlar bunlardır. Siz yenə də
bilirsiniz isə, idarəyə məlum ediniz. Çox razı olarıq.