"Məndə" ixtiyar olsa idi, yeni törəyən "mühərrir"lərin məqalələrini
qoymazdım qəzetələrdə çap olunsun. A kişi, heç bilməyirlər harada bişibdir, elə
deyirlər: bir qaşıq da bura tök. Bundan əvvəl "mağıl" əlimiz-qolumuz açıq idi;
"hər nə istəyir idin yazırdın", "hər nə bilirdin eləyirdin". İndi ağız açmaq, iş
görmək olmur.... Bundan müqəddəm məqalə yazanda fikir-zad eləmirdim,
ağzıma nə gəlirdi yazırdım, tək görsünlər ki, filankəs də yazır. Bəlkə axırda
mühərrir cərgəsinə daxil olam. Bir əqidəm var idi, onun quyruğundan tutub o
yana da çəkirdim, bu yana da. Heç kəsin də sözü yox idi. Məqalələrimi də
oxuyurdular. Hətta bir neçə yerdə dalımca deyiblər ki, "mənim" bir azdan sonra
böyük mühərrirlərin yerini tutmağa "ixtiyarım" olacaqdır.... Doğru, düşmənlərim
də var, gözləri məni götürmür. Bir neçəsi hətta mənə işarə ilə, yainki lap aşkara
deyiblər:
"Allahı sevərsən, həmişəki peşəni əlinə al, teleqramları tərcümə et. Bizi bu
cəfəngiyatdan xilas et. "Zərəbə-yəzrub"un vaxtı deyil...." Ancaq "mən" bilirəm
ki, bu sözləri qərəzyana deyirlər, gözləri götürmür. Ona görə belə boş sözlərə
mən də qulaq asmıram. Vaxtı fövt etməyib ağlıma gələni yazıram. Mənim
barəmdə deyilən sözlərdən ancaq "istifadə" edirəm.
Onu demək istəyirəm ki, bundam müqəddəm məqalə yazmaq çox asan idi.
Nə yazırdın inanırdılar.... Ona görə də çox da fikir lazım deyil idi. Oradanburadan
ağzına nə gəlirdi, vururdun. İndi yox. İki gündə bir məqalə yazsan, yenə
şükür elə. Çünki indiki məqalə çox fikir aparır. İndi əlinə qələm alanda deyirsən:
xub, mən bunu bu tövr yazsam, filan mühərrir nə deyər, filan da bunu təsdiq
edərmi? Ya filan da birdən irad yazdı.... Xülasə, istəyirsən bir şeyin barəsində
yazasan axırda o şey özü yaddan çıxıb ancaq filanlar başında "cib-cib"
cibbildəyir.
Axırda əlacın pozulub məsələni elə bir tövr düzəldirsən ki, üstünə düşəndə də
cavab verməyə sözün olsun. Məsələn: "Mənim əqidəm ilə erməni-müsəlman
davasına əsil səbəb ermənilərdir. Bunlar istəyirlər Qafqazda padşahlıq bina
etsinlər". Hər kəs nə fikirdə olur-olsun "mən" fikrimi dəyişməyəcəyəm. Bundan
müqəddəm bu fikrimi aşkar da yaza bilirdim, ancaq indi yazmaq olmur. Nə
bilim, deyirlər Rusiyada bir rus oğlu rus ki, özü də bilməm qrafmı, baronmu,
yoxsa knyazmı ... ta budur ki, guya bu davaları salan və saldıran dövlət özü
imiş. Doğru, məndən böyüklər də bu sözə inandılar. Amma mənim ağlım kəsməyir. Canım, elə şey ola bilməz. Lakin nə eləyəsən? Bu, indi mod olubdur.
Bu məsələnin üstə firqələr əmələ gəlibdir: biri deyir dava salan ermənidir, o biri
deyir, xeyr, "provakatorlar"dır. Ona görə bu "məsələ" barəsində bir şey yazanda
gərək elə bir fənd ilə meydana gələsən ki, nə öz əqidənə bərəks olasan, nə də
"provakatorlar"a düşmən adamların əllərinə bir dəstavuz verəsən ki, səni
"provakator"ların dostu hesab eləməsinlər.... Yəni demək istəyirəm, bu
məsələləri qurdalayanda elə qurdalayasan ki, sonra ondan "istifadə" etmək olsun.
Belə olan surətdə, əlbəttə, məqalələr yazmaq indi çətin olubdur, vaxt çox gedir:
düz-düzünə indi daha demək olmaz. Gərək əyri-üyrü yollar tapıb "ürəyindəki"
mətləbi bir növ ilə yetirəsən, üstü örtülü də olmuş olsa. "Mənim" əqidəmdə
olanlar tez başa düşərlər, düşüb də "istifadə" edərlər. Özləri anlayarlar ki, indi
daha o vaxt deyil. Birdən-birə demək olmaz: "provakator"-zad hamısı sözdür....
İnanmayınız, bunu yazanlar boşboğazlıq edirlər, yalan söyləyirlər. Siz öz
"düşməninizi" gözdən buraxmayınız. Onun hərəkətlərinə yaxşı diqqət edib ondan
"istifadə" ediniz....
Xeyr, belə sözləri indi demək olmaz. Deyibsən, bir də gördün yeni törəyən
mühərrirlər yalançı pəhləvan kimi meydana fırlanıb düşdülər. A! Sən xərçəng
kimi dalı-dalı gedirsən, deyib adını "xuliqan" qoydular. Bir az da acıqlarını
tutdurdunsa, bir də gördün adını açdılar. Bu vaxtadək adın Arı bəysə, indi gördün
utanmaz-utanmaz dedilər: bu Arı bəy-zad deyil, bu filankəsdir. Yox, zəmanə çox
xarabdaşıbdır, gərək politika ilə dolanasan və hər addımına diqqət edəsən. Çünki
çox diqqət etdikcə çox da "istifadə" edəcəksən.