N.NƏRİMANOV VƏ H.Z.TAĞIYEV


Nəriman Nərimanovun 1902-ci ildə Novorossiysk İmperator Universitetinin tibb fakültəsinə qəbul olduğu zaman H.Z.Tağıyevin ona qəbzlə verdiyi borc pul ilə bağlı 3 sənəd:


1. “Borc iltizamı”. 27 iyun 1902-ci il
1902-ci il iyunun 27-də mən, aşağıda imza edən kollec katibi Nəriman Nərimanov bu iltizamı fəxri vətəndaş Hacı Zeynalabdin Tağıyevə verirəm, ondan ötrü ki, o, Tağıyev ali məktəbdə təhsilimi davam etdirmək üçün mənə 5 il ərzində, birinci 2 ildə 600 manat, son 3 ildə 360 manat verir, bu da cəmi iki min iki yüz səksən (2280) manat edir və mən elmlər kursunu başa çatdırandan sonra bu məbləği tamamilə ona, Tağıyevə qaytaracağıma söz verirəm. Bu barədə imza edirəm.
Nəriman Nərimanov

AR Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət arxivi. 
Fond 609. Siyahı 1. İş 10. (Əl yazması, əsli rus dilində).


2. “Borc iltizamı”na əlavə. 27 iyun 1902-ci il
Kontordan lütfən xahiş edirəm ki H.Z.Tağıyevin ayırdığı borcdan mən Novorossiysk Universitetində oxuduğum müddət ərzində hər ay əlli (50) manat anama çatdırması üçün rus-tatar məktəblərinin şəriət müəllimi axund Yusif Talıbzadəyə versin. 

AR Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət arxivi. 
Fond 609. Siyahı 1. İş 10. (Əl yazması, əsli rus dilində).


3. H.Z.Tağıyevə məktub. 16 aprel 1913-cü il,Həştərxan

Zati-aliləri Hacı Zeynal Abdin!
Sizin kontor 4 il ərzində ayda 50 manat məbləğində verilən pulun 2460 manatını bu ilin aprelin 20-nə kimi məndən tələb edir. Həmin pul ailəmə xeyriyyəçilik məqsədilə verilmişdir. Bunu Siz mənim xahişimlə etmişdiniz, çünki, o zaman mən şəhər təqaüdü hesabına universitetdə təhsil alırdım. Mən həmin pulu Sizə təhsilimi bitirdikdən sonra ödəyəcəyimə söz vermişdim. Təhsilimi bitirdikdən sonra mən Sizin yanınıza gəlib, göstərdiyiniz yardıma görə öz minnətdarlığımı bildirdim və qaytaracağım pulun məbləğini təyin etməyinizi Sizdən xahiş etdim. Siz mənə cavab verdiniz: “Bu sonranın işidir”. Mən ümid edirəm ki, Siz bununla bağlı xüsusi sərəncam verəcəksiniz. Çünki, mən bu pulu birdən ödəyə bilmədiyimə görə ayda 25 manat verməyi təklif edirəm. Xahişim budur, qərarınızı mənə bildirəsiniz.
N. Nərimanov

AR Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət arxivi. 
Fond 609. Siyahı 1. İş 10. (Əl yazması, əsli rus dilində).