Salman Nərimanov görkəmli ictimai-siyasi və dövlət
xadimi, yazıçı, puplisist, həkim Nəriman Nərimanovun böyük qardaşıdır. O,
1847-ci ildə Tiflisdə anadan olmuşdur. 7 yaşında ikən atası onu Tiflisdə Hacı
Molla Tağının mədrəsəsinə qoyur. Üç il burada “Quran”dan və Sədinin “Gülüstan”
kitabından dərs keçib, ruhani idarəsinin açdığı məktəbə qəbul olur. Bu məktəbin ona əsaslı
bilik verə bilməyəcəyini dərk edib, təhsildən uzaqlaşır. Bu barədə “Səyahətnamə”
əsərində yazır: “Bəsirət gözümü açıb nəzərimdə əməllərini riya gördüm və təkfür
aləminə düşdüm”.
Salman Nərimanov ədəbiyyat həvəskarı olduğundan
ciddi mütaliə edir, öz üzərində yorulmadan çalışır, Firdovsi, Nizami, Xaqani, Sədi,
Hafiz, Mollayi-Rumi, Füzuli və M.F.Axundovun əsərləri ilə yaxından tanış olur. Çox
keçmədən S.Nərimanov özü də “Səyyarə” və “Səyyareyi-Həqqi” imzası ilə şeirlər
yazmağa başlayır.
Salman Nərimanov Qafqazda ilk azərbaycanlı mürəttib
kimi tanınmışdır. O, 1905-1907-ci illərdə Bakı mətbəələrində baş mürəttiblik
etməklə bərabər Azərbaycanda milli mürəttiblərin yetişməsində və poliqrafiya sənətinin
inkişafında xidmət göstərmiş, öz puplisistikası və bədii əsərləri ilə bacarıqlı
bir mühərrir kimi də tanınmışdır.
Məqalələrini “Qoca Salman” imzası ilə yazmışdır. Hal-hazırda “Səyahətnamə”
əsəri AMEA-nın M.Füzuli adına Əlyazamalar İnstitunda saxlanılır. “Həyat” qəzetinin
1906-cı il nömrələrində dərc edilmiş məqalələri: “Nəmrudlar və Şəddatlar”, “Hami-niku”, “Ağacı
içindən qurd yeyər”, “Filankəsə məktub”, “Qissədən hissə”, “Danışmalı ya
danışmamalı”, “Açıq məktub”, “Hüriyyətdən haqq ilə istifadə lazımdır”.
XX əsrin ilk illərində azadlıq uğrunda gedən
inqilabi mübarizəyə, xalqın maariflənməsinə, cəhalət dünyasının məhvinə ciddi
kömək etmiş publisistik yazılar içərisində Salman Nərimanovun məqalələrini də
qeyd etmək lazımdır.
1907-ci ildə Bakıda vəfat etmişdir. Bir il keçmiş yəni
1908-ci ildə həyat yoldaşı Səltənət xanım da dünyasını dəyişmişdir. Dörd uşaq –
Asya, İsmayıl, İltifat, Xanım əmiləri N.Nərimanovun himayəsi altında böyümüşlər.
Oğlu İsmayıl on altı yaşında Həştərxanda vəfat etmişdir.