Gülsüm Nərimanova (Əliyeva)
1898-ci ildə Bakı şəhərində əslən Şamaxıdan olan tacir Mirkazım Əliyevin
ailəsində anadan olmuşdur. Ev təhsili almışdı və rus dilini yaxşı bilirdi.
1915-ci ildə o,böyük
mütəfəkkir, görkəmli dövlət xadimi Nəriman Nərimanovla ailə həyatı qurur və
həmin zamandan onun həyatında sözün əsl mənasında yeni dövr başlayır.
Gülsüm xanım 1941-ci ildən
Sovet qadınları antifaşist komitəsinin üzvü kimi radio ilə ingilis qadınlarına
müraciətində öz taleyi haqqında danışarkən deyirdi: “...Mənim bəxtimə elə bir
ömür yoldaşı düşdü ki, bütün həyatım boyu ona minnətdaram. Mən Nərimanov kimi
böyük bir şəxsiyyətin simasında mehriban, həssas, qayğıkeş ömür yoldaşı, xalqın
azadlığı, səadəti uğrunda yorulmaq bilmədən çalışan alovlu bir mübariz insanı
gördüm. O, həyatının son dəqiqəsinə kimi öz amalından, xeyirxah işindən
dönmədi. Bizim birgə ailə həyatımızın son anına kimi o, mənim üçün ən əziz dost
və müəllim oldu...”
N.Nərimanovun təsiri ilə
ictimai həyata qoşulan Gülsüm xanım öz tərcümeyi-halında yazır ki, o, müsəlman
qadınlar arasında siyasi iş aparmış, gizli ədəbiyyat yaymış, onları yeni həyata
səsləmişdir. Getdikcə fəallığını artıraraq Bakıda əlillər evi,uşaq baxçası və
körpələr evlərinin yaradılması işində böyük səy göstərmişdir.
Təhsilini daim artırmağa
çalışan Gülsüm xanım 1921-ci ildə Azərbaycan Xalq Maarif Komisarlığmin
məktəbəqədər tərbiyə şöbəsinin müsəlman qadınlar üçün açdığı ilk kursu
bitirmişdir.
1925-ci ildə N.Nərimanovun
vəfatından sonra oğlu Nəcəfin təlim-tərbiyəsi ilə məşğul olmaqla bərabər yenə
də təhsilini davam etdirmiş,Moskva Pokrovski adına məktəbin fəhlə fakültəsində
oxumuşdur.
Gülsüm xanım N.Nərimanovun
ədəbi,elmi,siyasi irsinin toplanıb mühafizə edilməsi üçün onun arxivini səliqəyə
salaraq Azərbaycan Dövlət muzeyinə göndərmişdir.
1931-1935-ci illərdə isə
o,Moskvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının bağçılıq-meyvəçilik
fakültəsində və Qaragül qoyunçuluğu institutunda oxuyur. Elə institut
tərəfindən də 1931-ci ildə Qərbi Sibirin Barabin rayonundakı “Qoyunçuluq”
sovxozunda ot çalımı kampaniyasına ezam edilir. Olduqca ağır şəraitdə əkin
sahələrinin yanğından qorunması,silos xəndəklərinin qazılmasında iştirak edir.
Qərbi
Sibirdəki iş təcrübəsi əsasında Gülsüm xanım “Çox mühüm yem bazası”, “Silos
kampaniyasında kəskin dönüşə nail olmalı”, “Silos üçün qüllələr və xəndəklər
uğrunda”, “Kollektivləşmə qadını azadlığa çıxarır” adlı kitabçalar yazır.
Bundan başqa o, “Təsadüfi kampaniya” məqaləsini, “Uşaqlar üçün nağıl və
hekayələr”, “Bakinskiy raboçi” qəzeti üçün məqalə və “Mənim xatirələrim ”i yazıb çap etdirir.
Bir il sonra,
1932-ci ildə institut onu yenidən və bu dəfə Özbəkistanın “Mübarək” sovxozuna
ezam edir. Burada vəziyyət daha gərgin idi. Gülsüm xanım sovxozdan 70 km aralıda
çox ağır şəraitdə qoyunların süni mayalanması ilə məşğul olur, tədqiqat işləri
aparır. Gərgin əmək və yuxusuz gecələr öz təsirini göstərir, səhhəti pozulan
Gülsüm xanım kəskin nevroz xəstəliyinə tutulur və müalicə üçün Moskvaya
qayıtmalı olur.
Böyük Vətən müharibəsi
illərində Gülsüm Nərimanova 5021 saylı hərbi xəstəxanada işləyir və Moskva
Hərbi Dairəsi tərəfindən təşəkkümamə alır.
Yeganə oğlu Nəcəf
Ukraynanın Volnovaxa şəhəri uğrundakı döyüşlərdə qəhrəmanlıqla həlak olandan
sonra da o,öz xeyirxah işini davam etdirir.Gülsüm xanlm Moskvanln Qəyyumluq
Şurasının sədri, həmçinin bir neçə uşaq evinin qəyyumluq şurasının üzvü kimi
yetim uşaqların qayğısını çəkmək,ehtiyaclarını ödəmək üçün əlindən gələni
əsirgəmir,böyük səylə çalışırdı.Fəal hamilik fəaliyyətinə görə Gülsüm xanım
Nərimanova Moskva Hərbi Dairəsinin, Moskva Şəhər Səhiyyə Şöbəsinin, Hərbi
Xəstəxana komandanlığının fərmanları ilə təltif edilir,dəfələrlə təşəkkür alır,
“Almaniya üzərində qələbəyə görə medalı ilə təltif edilir”. O, Moskva şəhər Qırmızı
Xaç Komitəsinin hamilik komissiyasının üzvü idi, “SSRİ-nin sanitar mühafizəsi
əlaçısı” döş nişanı ilə mükafatlandırılmışdır.
Gülsüm xanım Nərimanova
1953-cü ildə vəfat etmiş, Moskvadakı Vaqankovskoye qəbiristanlığında dəfn
edilmişdir.