Qocalar barəsində yazdığım iki felyeton əsərsiz keçmədi. Mən bir şey
gözləyirdim.... Mən zəngin qocalar tərəfindən bunu gözləyirdim: zəngin
qocalarımız axırıncı felyetonumu oxuyub mənə yazacaqlar: "Cənab Nər! Biz
filankəslər zirzəmidə 5 nəfər yetimlə ac, susuz can verən arvadın barəsində
oxuyub və bir ayağımız burada və bir ayağımız o dünyada olmağını hiss edib
banklarda prosent-prosent üstə qalanan pulların müamiləsinə allah yolunda
müsəlmanlar üçün bir azarxana, ya əlsiz, ayaqsızlar üçün, qoca arvadlar, kişilər
üçün bir boqodelnya (...) darüləczələr açırız, təvəqqe ediriz bizə bir yol
göstərəsiniz, nə tövr hərəkət etmək ki, məqsədimizə çataq....".
Mən bədbəxt, zəngin qocalarımızdan belə bir kağız gözləyirdim, gözləməyə
də haqqım var idi. Qoca zənginlərimizin "damarlarından" tutub meydana
çəkdim, sınamaq üçün hamı əhvalatı söylədim, nerəyə çəkdimsə, "yox, bizim
işimiz deyil", deyib qaçdılar. Axırda bir yerdə bir əhvalatda ləngər saldım ki,
daha bir yana çıxmaq mümkün deyil idi, bir bəhanə gətirmək olmazdı.... Bizim
zəngin qoca qarunlarımız qədimdən İran ilə o qədər gəmilər vasitəsilə "oğurluq
mal--kandraband" alış-verişi ediblər ki, ləngəri nerədə salmağını bizdən yaxşı
anlayırlar, nəinki bizdən, kurs qurtarmış losmanlardan da, komandirlərdən də
yaxşı bilirlər....
Nə isə, hələ "tora" düşmürlər, görünür, kəndi vicdanını təmizləməyə bir şey
tapırlar.... Axirət üçün hərə bir savab qazanıb ona ümid bağlayır.... Mənim
sözlərimi oxuyub da kəndi-kəndinə söyləyir: "Biçarə Nər! Sən qəzeti boş sözlər
ilə doldur, çığır, bağır, bizdən sən yazdığın zirzəmilərdə "yarımcanlara", "can
verənlərə" imdad olmayacaqdır.... Biz hər "oyunla" pul qazanmışıq. Gündə bir
dəfə yox, min dəfə nəfsimizi, vicdanımızı satmışıq. Kimin nə borcu? Bu
dünyamız xoş keçibdir və keçir, kimin nə işi? Yoxca gözünüz götürmür? Həsəd
edirsiniz? Sizin nə borcunuz biz axirətə nə üzlə gedəcəyiz? Bizim vicdanımız nə
halda olmağı bizə məlumdur.... Sizə nə düşübdür ki, bizim halımıza yanıb
fəryad edirsiniz.
"Biz nə etmiş olsaq da", indi vaxtında orucumuzu tuturuz, namazımızı qılırız,
axırda da yəni axır nəfəsimizdə allahdan əfv etməyib o dünyaya köçəcəyiz. Belə
bir adamın yeri o dünyada nərədə olmalıdır?! Cənab Nər! Siz "Elmi-ilahini" oxumayıbsınız, "vaizlərə" qulaq asmayıbsınız, ona görə belə işləri bilmirsiniz, bilsəydiniz yəqin ki, boş yerə
vicdandan dəm vurmazdınız". Ola bilsin ki, zəngin qocalarımızın bir parası
felyetonlarımızı düz anlayıb öz-özünə belə bir söhbət edibdir. Lakin bir parası,
görünür, anlamayıbdır. Dəlilim var. Zəngin qocalardan bir neçəsi bu günlərdə
mənə bir kağız yazıb deyir: "Cənab Nər! Bir həftə bizim gözümüzü yolda
qoydunuz. Gecə-gündüz şükürlər edirdik ki, dərdimizə əlac tapıldı, siz isə
məqalənizin axırını zarafata döndərdiniz, bu nə olmalı? Yoxsa siz əcnəbi dilində
yazılan məcmuəni--jurnalı oxuyub yaxşı anlamırsınız? Bir də diqqətlə
oxuyunuz.... Yazdığınızdan aşkardır, cənab professorun Markizə verdiyi
dərmanda bir əlamət var imiş ki, qoca Markizi uşaq kimi oynadırmış. Siz jurnalı
oxuyub dürüst anlaya bilmirsiniz, adını bizə deyiniz. İndi əcnəbi dilləri oxuyub
anlayanlarımız pək çoxdur, onlar oxuyub da bizə lazım olan dərmanı bildirərlər.
Əhvalat hansı jurnalda yazılmağını bizə məlum etməsəniz, biz də bir para
"uşaqlar" kimi əlinizdən protest verəcəyiz ki, bundan sonra siz yazdığınız
kitabçaları, məqalələri oxumayacağız. Görək, onda "kimə" yazacaqsınız?"
Qəh-qəh-qəh! Həqiqət deyirlər: insan qocaldıqca "uşaq" xasiyyətində olar,
doğru imiş!
Yox, qoca əfəndilər! Əbəs yerə özunüzə zəhmət verməyiniz: protest yazmaq
üçün gərək bir yerə yığılasınız "əqil-əqilə verib xəyal plovu yeyəsiniz" fikrinizi
yazan rəhimlər, kərimlər, mahmudlar tapmalısınız.... Sonra yazdığınızı tərcümə
etməlisiniz. Bir pozub, bir də yazmalısınız. Axırda söz tapmayıb deyəcəksiniz:
bir elə "şey" yazaq ki, jurnal tez versin, tainki "dərdimizə əlac" olsun! Ya bir elə
adamı qabağa vermək ki, "utanıb" onunla "çırpışmasın".
Yox, qoca əfəndilər! Bu fikir ilə meydana gələcəksiniz isə, gəlməyiniz. "Mən
sizdən tez protest" verməyimi qəsdən anlamasanız da, mən dediyim sözün üstə
duracağam.... Lakin siz mənim sözlərimi anlamasanız haqqınız var, mən sizdən
rəncidə olmaram.
İstədiyiniz jurnalın adını deyirəm, buyurunuz, əfəndim! Jurnalın adı:
"Vnuşeniye"--"Təlqin"dir.
"Təlqin" sözünü anlamağınıza şübhəm yoxdur, əfəndim! Ölüyə təlqin
verəndə görübsünüz, eşidibsiniz.... Fəqət siz ölümdən qorxursunuz, ona görə
ölülərdən söhbət etməyi lazım bilmiriz. Biz dirilərdən bəhs edərik: dirilərə nə
tövr təlqin verilməyini bilmək istəriz, eləmi?
Belə isə indi professorun qoca Markiz ilə söhbətini yadınıza salınız: Markiz
Mumiileyh professorun adını çoxdan eşitmişdi. Onu böyük üləmalardan hesab
edirlərdi. Açıq deməli: Markiz professora çox inanmışdı.... Professorun "mən
sizə kömək edəcəyəm", yəni cavanlaşdıracağam sözləri Markizin qəlbində yer
etdi. Dərmanın əsəri bir saatdan sonra bədəndən yox oldusa, professorun sözləri
getdikcə Markizə ürək verib "cavanlaşdırır idi...." Bəli, təlqin vermək və təlqinə
uymaq böyük bir halətdir!
İndi bir para həkim "təlqin ilə" müalicə edir, naxoşun azarı da olmuş olsa,
"səndə heç bir şey yoxdur" deyib naxoşu sakit edir. Bir azdan sonra görürsən
naxoş, həqiqət, azarından şikayət etməyir.... Lakin belə bir müalicə həkimin
hünəri deyil. Naxoş həkimə gərəkdir inansın, onda bir "qüvvət" gərəkdir bilsin....
Zindəganlığınıza yaxşı diqqət etsəniz, belə əhvalatları yadınıza salarsınız.
Özünüzdə görməyibsinizsə də, özgədə görübsünüz, eşidibsiniz, məsələn: bir
adam dəfəat ilə naxoşlayıb bir həkimin müalicəsilə qurtarıbdır. Sonra yenə də
həmin adam azarlayır. Bunu həmişə müalicə edən həkim ittifaqən şəhərdə
bulunmayır. Qeyri bir həkimi dəvət edirsiniz. Naxoş "rahat" olmur. Yenə bir
qeyrisini gətirirsiniz. Yenə də bir şey olmur. Şəhərin ən məşhur, ən məlum
təbiblərini dəvət edirsiniz, naxoş yenə də "rahat" olmur.... Axırda naxoşun
istədiyi təbib şəhərə gəlir, onu dəvət edirsiniz, təbib məzkur naxoşun azarını
tapıb özündən irəli gələn həkimlərin dərmanlarını azara müvafiq görür. Özündən
bir qeyri dərman yazmağı lazım bilmir.... Çünki azar çoxdan rəf olubdur. Lakin
naxoş "rahat olmur", xülasə, bu təbib də keçənlərin müalicələrini öz ürəyində
təsdiq edir.
İndi nə etmək? Naxoş "rahat" olmur. Məzkur təbib naxoşun buna bağladığı
ümidini yaxşı anlayır.... Bir az fikirdən sonra "xeyirsiz-zərərsiz" bir dərman
yazır. Nüsxəsini yazıb naxoşa deyir: "Bu dərmanı filan vaxtlarda içərsiniz. İki
gündən sonra azarınız rəf olacaqdır".
Bu sözlər naxoşa kifayət edərdi, naxoş azardan çoxdan xilas olmuşdu, lakin
"rahat" olmurdu.... İndi rahat oldu; "iki gündən" sonra naxoş özünü salamat hiss
edir.
İndi bu da bir tövr vnuşeniye--təlqindir! Təlqin tövrbətövr olar. Lakin dürüst
fikir etsəniz, təlqinin aqibəti həmişə bir balaca gülüş çıxar....
Keçən ilədək "dövlət" Rusiya millətinə, kəndlilərə təlqin verib deyirdi: siz
bizimlə olunuz, ancaq bizə ümid bağlayınız. Bizik sizin bədəninizi, ruhunuzu
mühafizət edən, bizik sizin balalarınızın "pərəstar"ı, bizik sizin əlinizdə olan
nemətlərin səbəbi, biz olmasaq "ata-babanızın" torpağında oturub "sayənizdə"
dolanacaq edən qeyri millətlər əlinizdən ixtiyarınızı alıb sizi kəndilərinə qul
edəcəklər.
Bunlara inanmayınız, sözlərinə uymayınız, hürriyyətə dəvət edənləri
kəndlərdən qovunuz, öldürünüz ... bu təlqin rus kəndlilərinə dövlət tərəfindən
yüz illərlə verilib onların qulaqlarını doldurmuşdu. Rusiya milləti isə kəndi
"dövlətindən" başqa qüvvətli dövlət bilməyirdi, ona inanmışdı. [...]
Siz elə bilirsiniz təlqinsiz meydana çıxmışdılar? Yox, əfəndim! Hər iki tərəf
lazım olan təlqini almışdı. Uyamaya təlqin verən ümumi millət, vətən idi.
Kuropatkinə təlqin verən hörümçək kimi biçarə millətin qanını soran bürokratlar
idi.... Yapon saldatına təlqin verən, "gediniz vətəni düşmənin əlindən xilas
etməmiş geri qayıtmayınız" --bu sözləri deyən arvadlar idilər. Rus saldatına
təlqin verən, "gediniz, bizim cibimizə" milyonlar gətirən "meşələri xilas ediniz"
sözləri ilə meydana çıxan bürokratlar idi. Bizim saldatlara daha ziyadə "təlqin"
verən biçarə, ac-susuz, çılpaq yetimlər ilə qalan arvadlar idi. Qanlı yaşlar töküb
qoyun sürüsü kimi dəmir yollarına tökülüb deyirdilər: "indi ki bizim
pərəstarlarımızı əlimizdən alırsınız, biz də canımızı onları aparan vaqonların
altında həlak edəcəyiz...." İşin aqibəti nə oldusa bilirsiniz ... hansı təlqin qüvvətli
olmağını gördünüz, təlqin ilə təlqində təfavüt var, təlqin verənlərdə həmçinin.
İndi Duma ilə vəzirlərə diqqət ediniz! İkisinə də lazım olan təlqin verilibdir.
Dumaya təlqin verən yüz illərləağzı möhürlü, ixtiyarlarını itirmiş millətlər,
yersizlikdən, aclıqdan milçək kimi qırılan 80 milyon kəndli, saraylarda əyləşib
başlarından, əllərindən bir şey gəlməyən "xozeyinlərə" işləyən, əlləri qabarmış,
dürlü azarlara mübtəla olmuş fəhlələr olublar. Vəzirlərə isə təlqin verənlər--
parazitlər, müftəxorlar, "400 milyonlar"ı qubernator mənsəbilə qazananlar ... olublar.... İndi iki qoç döyüşündə verilən təlqinlərin əsərləri məlum olur. [...]
Qoremıkinə üç ay bundan müqəddəm desəydilər: sən Vittenin yerini
dolandıracaqsan, acığı tutardı, belə bir fikir edərdi ki, bu sözləri ona deyib
istehza edirlər, özü öz "çanağında" nə olmağını pək gözəl bilirdi.... Lakin buna
"təlqin" verib deyirdilər: ancaq premyer, baş vəzirlik mənsəbinə sən layiqsən....
Qoremıkin öz-özünə fikir edib dedi: "həqiqət, ola bilsin ki, mən kəndi
"çanağımda" olanı yaxşı bilmirəm, qeyrilər "ona" məndən artıq qiymət qoyurlar.
Habelə isə mən də meydana çıxalım....".
Meydana çıxdı öz "əqlinə" böyük ümidlər etdi, getdikcə "özü-özünə", yəni
premyerliyə layiq olmağına inandı ... axırda halı Markizdən yaman oldu.
Markizin hərəkətinə bir qorodovoy güldüsə, biçarənin hərəkətinə Rusiyadan
savayı qeyri dövlətlər güldü!....
Bəli, təlqin almış adamlarda belə sifətlər görünür, "özləri özlərini aldadırlar".
Məsələn: bir qız bir cavan oğlana həmişə deyir:--Səndən nə gözəl ətir iyi gəlir,
yoxsa, bədənin ətirsiz belə iylənir?--Bəli, bəli!--deyib "cavan" cavab verir.--Mən
ömrümdə ətir işlətmirəm, xanım! Belə ətir iyi ancaq "cavan" bədəndən gələr.
Özgəni inandırarkən özünü də inandırır.... Ya xeyr, "əta olundu" sözü ilə
"alındı" sözünə fərq qoymayan bir şəxs, görərsiniz birdən-birə "mühərrir" oldu.
Özgəyə təlqin verdi, o da inandı.... Ya xejp, "küçələrdən xəbər verənlər" bir də
baxdınız ki, "başından böyük" bir məsələni götürüb qəzetələr sütunlarında həll
edir, sözlərinin nə başı, nə ayağı olmağını özü də anlamır.... Lakin nə etmək?
Kişini "mühərrir" hesab edirlər, gərək bir şey yazsın....
Belə təlqin almış özlərini aldadan cavanlarımız indi göbələk kimi çoxalır,
bünövrələri olanlar bəlkə özlərini aldada-aldada bir yana çıxalar. Lakin
bünövrəsizlərin vay hallarına! Özləri-özlərini axırda rüsvay edib rus vəzirləri
kimi "vicdan" sözünü "lüğətdən" oğurlayacaqlar.... Belə adamları zəmanəyə
tapşırmalıyız....