İLK MİLLİ QİRAƏTXANA. “NƏRİMANOV QİRAƏTXANASI”


     N.Nərimanov doğma xalqla daha yaxın ünsiyyət yaratmaq, beləliklə, zəhmətkeş kütlələrin məfkurəvi inkişafına, maariflənməsinə təsir etmək məqsədilə kitabxana açmaq istəyir. Lakin maddi vəsait olmadan belə bir mədəniyyət ocağının təşkili və fəaliyyəti çətin idi. Buna baxmayaraq, xalqın mədəni tərəqqisinə çalışan, qabaqcıl fikirli ziyalıların maddi və mənəvi köməyinə ümid bəsləyən N.Nərimanov ucuz qiraətxanası olan kitabxana layihəsi tərtib edir.
N.Nərimanov Bakının sakit bir guşəsində - Spasski küçəsində Abdulla bəy Əmirovun evində otaq kirayə edir.  Lakin uzun süründürməçilikdən sonra, nəhayət ona Qorçakov küçəsində (indiki Malıgin küçəsi-T.Ə.) kiçik bir mənzildə qiraətxana  açmağa icazə verirlər. N.Nərimanov məslək dostlarının - S.Qənizadənin, H.Mahmudbəyovun, Ə.Cəfərzadənin yaxından köməyi ilə ayrı-ayrı adamlardan qiraətxanaya kitab, qəzet və jurnal yığmağa başlayır. (N.Nərimanov qiraətxanaya maddi və mənəvi yardımını əsirgəməyən  İ.Nağıyevə, doktor S.Axundova, H.Z.Tağıyevə, İ.Dmitriyevə və b. öz razılığını yeri gəldikcə, mətbuat vasitəsilə bildirmişdir).


Maarifpərvər ziyalı gənclər xeyli zəhmət bahasına qiraətxanaya Azərbaycan, rus və Şərq ədəbiyyatının qiymətli incilərini topladılar.

N. Nərimanov müasir tələblərə uyğun kütləvi milli kitabxana yaratmaq arzusu ilə xarici ölkələrin qəzet və jurnal redaksiyalarına, ayrı-ayrı şəhərlərin mərkəzi kitabxanalarına da müraciət edir. Çox çəkmir ki, Kəlküttə, İstanbul, Qahirə, Sofiya, Təbriz, Tehran və digər şəhərlərdən xeyriyyə yolu ilə qiraətxanaya pulsuz kitab, qəzet və jurnal göndərilir. Qısa müddət ərzində qiraətxana rus, tatar, ərəb, fars, gürcü, yəhudi dillərində 27 adda qəzet alır.

Qiraətxananm müdiri müəllim Əlisgəndər Cəfərzadə, kitabxanaçı Seleznyak idi.

N.Nərimanovun ilk ucuz milli qiraətxanası dörd il fəaliyyət göstərdi. Çar hakim dairələri gənclərin qiraətxana ətrafında sıx toplaşmasından ehtiyat edərək 1898-ci il oktyabr ayının 8-də onu şübhəli siyasət ocağı kimi bağlatdı. Yerli mətbuat sonralar bu hadisəni xatırlayaraq yazırdı: «Millət bağçasında açılmış bu qızılgülün» - qiraətxananın, «xəzan vasitəsilə tez soluxması» - bağlanması «millət dostlarının yaralı ürəyinin gözünü qopardı...». O vaxt qiraətxananın bağlanmasına səbəb «bizim cəhalətimiz», «daha doğrusu hümmətsizliyimiz oldu», «Nəriman bəyin zəhməti hədər getdi...».


Lakin buna baxmayaraq milli mədəniyyətin yüksəlişində yeni cığır açan «Nəriman qiraətxanası» Azərbaycan xalqının ictimai fikrində yeni səhifənin başlanğıcı oldu.