Nərimanov Nərimanov və maarifçilik

Haqqında düşünərkən ilk növbədə bir dövlət xadimi kimi xatırladığımız Nərimanov fəaliyyətinin başlanğıcında bir maarifçi idi. Çar üsul-idarəsinin doğurduğu fəsadlar nəticəsində getdikcə gərginləşən vəziyyəti dərk etməyə çalışan, xalqının cəhalətdə boğulduğunu görüb çıxış yolu axtaran ziyalılar nəslinin gənc nümayəndəsi kimi o da düşünürdü ki, məhz mədəni inkişaf nəticəsində milləti dünyanın qabaqcıl millətlər sırasına qoşulacaq.
         1890-cı ildə Qori müəllimlər seminariyasını bitirən Nərimanov pedoqoji fəaliyyətinə Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kənd ibtidai məktəbində başlandı. O zamankı Azərbaycan kəndinə məxsus olan cəhətlər- savadsızlıq və fanatizm, hüquqsuzluq və dözülməz istismar məhz bu kənddə bütün dəhşəti ilə Nərimanovun gözü qarşısında canlandı və çox sonralar özünün yazdığı kimi “bəşəriyyətin geridə qalmış hissəsinə qüvvəsi çatdığı qədər kömək etmək” fikri onda ilk dəfə həmin kənddə yarandı.
         Bir il sonra yeni məktəb açmaq niyyəti ilə Bakıya köçən Nərimanov   çox geniş miqyaslı ictimai-pedoqoji fəaliyyətə başlayır. Məktəb açmaq ona müəssər olmur və Nərimanov S.M.Qənizadənin köməyi ilə A.İ.Pobedonostsevin 6 sinifli progimnaziyasının hazırlıq sinfinin aşağı şöbəsinə müəllim qəbul edilir.Bu məktəb xüsusi məktəb olduğundan orada işləyənlər dövlət qulluqçusu hesab edilmirdilər və dövlət məktəblərində çalışan müəllimlər üçün ayrılmış imtiyazlardan istifadə etmək hüququndan məhrum idilər. Maddi vəziyyətin ağır keçməsinə baxmayaraq, Nərimanov bu məktəbdə 5 il fəaliyyət göstərir, azərbaycanlı balalarının təhsilə cəlb edilməsinə, şagirdlərin sayının artmasına çalışır.
         Bakı şəhər pedoqoji ictimaiyyətinin və əhalinin dərin hörmətini qazanan Nərimanov Bakı realnı məktəbinin direktoru tərəfindən 1896-cı ilin əvvəllərində həmin məktəbə Azərbaycan dili müəllimi və sinif mürəbbilərinin köməkçisi vəzifəsinə dəvət edilir. Az sonra, 1896-cı il sentyabrın 1-də Bakı şəhər dumasının qərarı ilə Probedonostsevin progimnaziyasının bazasında Bakı oğlan klassik gimnaziyası təşkil edilir və Nərimanov artıq dövlət qulluqçusu vəzifəsinə təsdiq edildiyindən həmin gimnaziyada eyni vəzifəyə dəyişilir. Nərimanov burada fasiləsiz olaraq 1902-ci ilədək çalışır və özünü işguzar, nümunəvi müəllim kimi göstərir. Yüksək səviyyəli pedaqoji xidmətlərinə görə əvvəlcə medalla, daha sonra üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif edilir.
         Nərimanovun pedaqoji fəaliyyəti təkcə müəllimliklə məhdudlaşmırdı. O həm də ictimai xadim kimi Azərbaycanda maarif və mədəniyyətin yayılmasına ciddi təsir göstərirdi. Həmin dövrdə Nərimanov Bakı şəhərinin müxtəlif tədris müəssisələri nəzdində fəaliyyət göstərən bazar günü məktəbləri və axşam kurslarında da pulsuz olaraq dərs deyir, dövrünün digər mütərəqqi ziyalıları ilə birlikdə yaşlı əhaliyə savad öyrədir, mütərəqqi fikirlər yayır, bu məktəb və kursların xeyrinə teatr tamaşalarının göstərilməsində iştirak edirdi.
         Nərimanov ruspərəst şovinistlərin mövqeyinə qarşı öz mövqeyini də izah edərək deyirdi:”Türk (azərbaycanlı) uşaqları tək Puşkini deyil, həm də Şekspiri, Şilleri bilməlidir. Ancaq türk (azərbaycanlı) uşağı özünə doğma olan əsl proletar şairi Sabirin odlu-alovlu şeirlərini, xalq şairləri Vaqifin, Zakirin, Vidadinin şeirlərini biləndən sonra bunları bilməlidir”. N.Nərimanovun tövsiyyəsi bu idi ki, “türk (Azərbaycan) dilinin tədrisini azaltmaq təklifini irəli sürənlər özləri bu dili öyrənsinlər ki, Sabiri anlasınlar”.
         N.Nərimanov Azərbaycan dilini sıxışdıran kommunistlərin mövqeyinin çar Nikolayın mövqeyi ilə üst-üstə düşdüyünü vurğulayaraq onları çəkinmədən şovinist adlandırmışdır.
         N.Nərimanov xalqımızın milli dirçəlişi naminə gördüyü işlərin sayı olduqca çoxdur. Bu yolda onun qətiyyətini sübut edən daha bir fakt: 1924-cü il martın 20-də Moskvada partiyanın siyasi bürosunda N.Nərimanovun təklifi ilə məsələ müzakirə olunmuşdur. O, F.Dzerjinskinin fikrinin əleyhinə gedərək neftdən gələn gəlirin böyük hissəsinin Azərbaycanda maarifin və səhiyyənin inkişafında xərclənməsi məsələsini qoymuşdur.N.Nərimanov buna nail olmuş və öz tövsiyyələrini XKS sədri Q.Musabəyova yazmışdır.
         N.Nərimanov F.Əhmədovanın təbirincə desək “...dünya cəmiyyətinə açılan, həmin miqyasda düşünən və fəaliyyət göstərən...” “...eyni zamanda milli kökə,zəminə söykənən milli ruhu olan ziyalı idi. Milliyə xor baxanlara qarşı sərt, məhdud millətçiliyə qarşı isə barışmaz” olan ziyalı!

         Cəmiyyətdə həmişə belə ziyalılara ehtiyac duyulur. Millət həm də məhz onların sayəsində öz milliliyini, varlığınlı qoruyur və inkişaf edib ucalır. Ona görə də bu gün bizi Nərimanovdan illər, on illər, az qalsa bir əsr ayırsa da, o, sıralarımızdan sanki indicə ayrılmış kimi görünür.